Möhtəşəm Üzeyir musiqisi elləri dolaşır

22.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, sentyabrın 18-də ölkəmizdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Muğamın zəngin emosional strukturunu Avropa klassikası ilə çulğalaşdıraraq Azərbaycan peşəkar musiqi məktəbinin və Şərq dünyasında opera sənətinin əsasını qoymuş Üzeyir Hacıbəylinin zəngin irsi xalqın ruhunu əks etdirdiyinə görə əbədiyaşarlıq qazanıb. Təsadüfi deyil ki, 2009-cu ildən bəri artıq 18-ci dəfədir ki, onun adını daşıyan Beynəlxalq Musiqi Festivalı heyrətamiz təqdimatları ilə dünyaya səs salır.

Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranı da əhatə edən musiqi bayramı, hər il olduğu kimi, bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirib. Əslində, festivalın coğrafiyası daha genişdir, çünki bu çərçivədə Türkiyə, Özbəkistan və Almaniyada da müxtəlif səpkili tədbirlər keçirilir. Ayın sonuna qədər davam edəcək festivalın proqramına klassik və müasir musiqilərdən ibarət konsertləri, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər daxildir.

Festivalın ilk tədbirlərindən biri ötən cümə günü Azərbaycan Milli Konservatoriyasında açıq havada konsert proqramının nümayişi olub. I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarətindən sonra musiqi məbədinin qarşısında başlanan konsertdə mədəni-ictimai xadimlər, türk dövlətlərindən olan musiqiçilər iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli və Konservatoriyanın rektoru, professor Kamilə Dadaşzadə ənənə halını almış festivalın strateji və mədəni tərəflərinə diqqət çəkiblər. Onlar bu bayramın miqyasının ildən-ilə genişləndirməsini mədəni uğur kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu, Azərbaycan musiqisinin dərin köklərini, zənginliyini və qüdrətini dünya miqyasında nümayiş etdirən böyük bir platformadır. Konsert proqramı maraqla qarşılanıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən rəsmi açılış mərasiminə Fuad İbrahimovun dirijorluğu ilə ölməz bəstəkarın adını daşıyan Dövlət Simfonik Orkestri rövnəqləndirib. Solistlər arasında macar skripkaçısı Sandor Laszlo, eləcə də Nicat Salmanov və Alim Sadıxov yer alıblar. Onu da deyək ki, festival günlərində Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Odlar yurdunun səsi” Musiqi Müsabiqəsi layihəsinin qaliblərinin konsertləri, Avstriyadan gələn ifaçıların proqramları, eləcə də Türkiyə və digər dövlətlərin təmsilçilərinin konsertləri nəzərdə tutulub.

Həmin gün Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində kitab və rəsm sərgisi, eləcə də konsert proqramı keçirilib. Həmçinin Üzeyir Musiqi Gününə həsr olunmuş tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində “Musiqi günü”nə həsr olunmuş konsert verilib. Proqramda Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların vokal nümunələri səsləndirilib.

Dünən isə Azərbaycan Dövlət Akademik Filarmoniyası yenidən musiqisevərlərə tamaşaçılara milli incəsənət irsinin əbədiyaşar nümunələri ilə görüş imkanı yaradıb. Orada festivalı çərçivəsində “18 əsərin sehri” adlı təntənəli konsert proqramı təqdim edilib. Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupu geniş proqramla səhnə alıb.

Konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib. Naala Barateliyanı xoru Üzeyir Hacıbəylinin ölməz əsərlərini və Azərbaycan musiqi xəzinəsinə daxil olan digər inciləri dinləyicilərə ərməğan ediblər. “18 əsərin sehri” Azərbaycan bəstəkarlıq məktəbinin, milli ifaçılıq ənənələrinin və musiqi mədəniyyətinin səhnədə nümayişi baxımından yaddaqalan sənət gecəsi olub.

Builki festival, eyni zamanda, Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq. Sentyabrın 19-da həmin ali məclisin açılışı olub. Qurultay çərçivəsində Türk Bəstəkarlar İttifaqının təsis iclası, kamera musiqisi konserti də keçirilib. 3 gün ərzində düzənlənən musiqi təntənəsi artıq sərhədləri aşıb. Rəngarəng proqramın səsi-sədası, ilk olaraq, Ankarada eşidilib.

Türkiyə paytaxtında “Mədəniyyət Yolu” Festivalının açılışı çərçivəsində Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə Üzeyir bəyin xatirəsinə həsr olunmuş möhtəşəm konsert verilib. Orada iki qardaş ölkənin tanınmış opera sənətçiləri eyni səhnədə bir araya gəliblər. Konsert Azərbaycanın Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestri və Xorunun, eləcə də vokalistlər Mara Hüseynova, Mahir Tağızade, Mehmet Yılmaz, Şenol Tanınlı, Ezgi Karakaya və tarzən Mirnöfəl Hüseynovun iştirakı ilə daha xoş təsir bağışlayıb.

Azad Şuşada Üzeyir bəyin məşhur “Koroğlu” operasının əzəmətli sədaları dağlarda əks-səda verib. Proqramda, həmçinin, “Leyli və Məcnun”, “Arşın mal alan” əsərləri, Azərbaycan bəstəkarlarının əlvan musiqiləri təqdim olunub. Qarabağ Universitetinin müəllim və tələbə heyəti, “Cadenza” orkestri, tələbə xoru və solistlər məharətlərini göstərib, yerli əhalinin və turistlərin ruhunu oxşayıblar. Eyni zamanda, Bakıda “Türk musiqi dünyası” və “Retro dalğası” sənətsevərləri öz qoynuna alıb.

Qazaxıstanın T.Jurqenov adına Milli İncəsənət Akademiyasının professoru Gülnarə Əbdürəhman jurnalistlərə açıqlamasında deyib:

– Ümumi türk kökləri ölkələrimizin bəstəkar məktəblərinin formalaşmasında öz əksini tapıb. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdə burada olmaq mənim üçün çox xoşdur. Dahi Üzeyir Hacıbəylinin doğum günü hamımız üçün böyük əhəmiyyət daşıyır. Biz onun musiqisi ilə böyümüşük. Bu kimi bayramlar sayəsində türk xalqlarının müasir musiqi tendensiyalarının qarşılıqlı öyrənilməsi çox vacibdir.

Türkmənistan Mədəniyyət Nazirliyinin Qeyri-maddi Mədəni İrs İdarəsinin rəisi Cəmilə Qurbanova da festivalda iştirakından məmnunluğunu bildirib:

– Üzeyir bəyin şəxsində Azərbaycan musiqisi Türkmənistanın müasir bəstəkarları üçün ilham mənbəyidir. Üzeyir Hacıbəylinin musiqisi beynəlxalq səviyyədə geniş tanınıb və Azərbaycandan çox uzaqlarda da öz dinləyicilərini tapıb. Bu, sizin sevgi ilə gələcək nəsillərə ötürdüyünüz böyük irsdir. Fərəhlə qeyd edim ki, Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyasında “Türk xalqlarının musiqi mədəniyyəti” fənni çərçivəsində Azərbaycan bəstəkarlarının yaradıcılığı, xanəndəlik mədəniyyəti və sənəti öyrədilir. Bakıda Türk Dünyası Bəstəkarlar İttifaqının yaradılmasını isə ölkələrimiz üçün mühüm hadisə sayıram.

Xatırladaq ki, sabah dağlar diyarı Laçında Həkəri çayının nəğmələrinə royalların melodiyaları da qarışacaq. Belə ki, “Royalların təqdimatı” layihəsi çərçivəsində konsert proqramında Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Qara Qarayev, Fərhad Bədəlbəyli, Vaqif Mustafazadənin əsərləri səsləndiriləcək.

Ertəsi gün isə paytaxt Bakı ecazkar opera musiqisinin episentrinə çevriləcək. Heydər Əliyev Sarayının səhnəsində Üzeyir Hacıbəylinin hələ 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti ongünlüyündə böyük şöhrət qazanmış “Koroğlu”su dramatik bariton və sopranolu ariyaları ilə “var-gəl” edəcək. Lənkəran Dövlət Dram Teatrında isə cənublu soydaşlarımız “Arşın mal alan” operettasının təqdimatından zövq alacaqlar.

Sentyabrın 26-da avstriyalı dirijor Markus Qayselhartın (Markus Geiselhart) rəhbərliyi ilə “Şərq ekspresi – Vyanadan Bakıya” gələrək mənzil başına çatacaq. Markus Qayselhart, Rafiq Babayev, Tofiq Quliyev, Elbəy Məmmədzadə və digər bəstəkarların əsərləri təqdim ediləcək.

Festivalın sonuncu günündə Filarmoniyada Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluq edəcəyi konsertdə Gürcüstandan skripka ifaçısı Eliso Qoqibedaşvili (Elisso Gogibedaschwill) solist qismində çıxış edəcək.

İnanırıq ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Üzeyir Hacıbəyli irsinə dərin ehtiramın ifadəsi olan ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycan musiqisinin dünyada təbliğində mühüm töhfə olacaq.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью