Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Səbail”in müdafiə və hücum xəttində keyfiyyətli futbolçularının olduğunu bilirdik”.
Bu sözləri MOİK futbol komandasının baş məşqçisi İlham Yadullayev deyib.
47 yaşlı mütəxəssis komandasının Birinci Liqanın səkkizinci turunda “Səbail” ilə heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb.
“Hər qarşılaşmada üç xal qazanmağı hədəfləsək də, çempionluğa oynayan belə komandalara qarşı əldə edilən bir xalı da qənaətbəxş hesab edirik. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq, amma belə rəqiblərlə görüşlərdə hər xalın əhəmiyyəti var. Hər iki komandanın qələbə qazanmaq üçün şansları oldu. İkinci hissədə rəqib azlıqda qalsa da, daha da aqressivləşdi və təzyiqi davam etdirdi. Say azlığına baxmayaraq, sona qədər mübarizə apardılar. Rəqibin hər futbolçusu sanki iki nəfərin əvəzinə qaçırdı. Biz də öz növbəmizdə yaxşı mübarizə apardıq və qalib gəlmək üçün çalışdıq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Bu qarşılaşmanı unudub növbəti oyunlara hazırlaşmalıyıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, MOİK - “Səbail” matçı qolsuz başa çatıb. Səkkiz turdan sonra “Səbail” 13 xalla turnir cədvəlinin beşinci, aktivində 15 xal olan MOİK isə dördüncü pilləsində qərarlaşıb.