Moldova Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb

14.11.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 14 noyabr, AZƏRTAC

Moldova Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Maltadan təhvil alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuranın 46 üzv dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bildirilib.

Moldovanın sədrliyi zamanı əsas diqqət Ukraynaya dəstək göstərilməsi və Rusiyanın müharibəyə görə məsuliyyətə cəlb olunmasına, Avropa üçün Yeni Demokratik Pakt üzrə davam edən işlərin dəstəklənməsinə və dezinformasiya ilə mübarizənin gücləndirilməsinə, o cümlədən xarici təsir və informasiya manipulyasiyasına yönələcək.

Bundan əlavə, Moldova Avropa Şurasının əsas dəyərlərinə uyğun olaraq hüququn aliliyi, demokratiya və insan hüquqları sahələrinə xüsusi diqqət göstərəcək. Bu istiqamətlərdə kibercinayətkarlığa qarşı mübarizənin aparılması, yerli demokratiyanın inkişafı, mətbuat azadlığının gücləndirilməsi və gənclərin fəal iştirakının təşviqi, sosial hüquqların qorunması və həyata keçirilməsi, uşaqların hüquqlarının müdafiəsi diqqət mərkəzində saxlanılacaq, qadınlara qarşı zorakılığın və ailədaxili zorakılığın qarşısının alınması məqsədilə İstanbul Konvensiyasının tətbiqinə dəstək veriləcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью