Moldova Türkiyə ilə ticarət həcmini 2 milyard dollara çatdırmağı hədəfləyir

24.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Moldovanın Baş naziri Vasile Tofan ölkəsi ilə Türkiyə arasında iqtisadi, mədəni və siyasi sahələrdə əlaqələrin çox güclü olduğunu və məqsədin iki ölkə arasında ticarət həcmini 2 milyard dollara çatdırmaq olduğunu bildirib.

Tofan İstanbulda Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamada Türkiyə-Moldova münasibətlərini, iqtisadi əməkdaşlığı, enerji sektoruna investisiyaları və Rusiya-Ukrayna müharibəsinin bölgəyə təsirlərindən danışıb. Türkiyə ilə Moldova arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Tofan deyib: “Düşünürəm ki, əla münasibətlərimiz var. Ölkəmizə göstərdiyi marağa və bizim üçün belə yaxşı tərəfdaş olduğuna görə Prezident Rəcəb Tayyib Ərdoğana çox minnətdaram”.

İqtisadi və mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini deyən Tofan, Moldovada fəaliyyət göstərən türk şirkətlərinin ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verdiyini söyləyib. Tofan, türk şirkətlərinin Moldovaya investisiya qoymaq üçün güclü bir istək duyduğunu bildirərək, “Moldovaya təxminən 1200 türk şirkəti investisiya qoyur. Türkiyədən gəlirli investisiyalar üçün Moldovaya gələn müəssisələri görməkdən məmnunuq” deyib.

Tofan, türk şirkətlərinin yol tikintisi, enerji, qonaqpərvərlik və səhiyyə turizmi kimi bir çox sektorda fəaliyyət göstərdiyini qeyd edərək, “Türkiyədən Moldovaya daha çox investisiya görmək istərdik”, deyə söyləyib.

İstanbula səfərinin xüsusi bir səfər olduğunu vurğulayan Tofan, “Böyük oğluma Bosfor boğazını birlikdə üzəcəyimizə söz verdim. İnanıram ki, bir ata oğluna verdiyi vədləri yerinə yetirməlidir”, deyə bildirib.

Baş nazir daha sonra qeyd edib ki, Türkiyə ilə Moldova arasında ikitərəfli ticarət həcmi təxminən 1 milyard dollara çatıb ki, bu da Moldovanın ümumi daxili məhsulunun təxminən 5 faizini təşkil və bu da Türkiyəni çox vacib ticarət tərəfdaşı edir. Türkiyənin regionda güclü sənaye ölkələrindən biri olduğuna diqqət çəkən Tofan deyib: “Biz Türkiyədən bir çox şey idxal edirik, çünki Türkiyə regionda sənaye nəhəngidir”.

Həmçinin Tofan bildirib ki, türk şirkətləri Moldovanın enerji sektoruna investisiya qoyub və daha çox türk şirkətini bu sahəyə investisiya qoymağa dəvət edib. Tofan əlavə edib ki, Moldova regiona enerji ixracında etibarlı tərəfdaşdır.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью