Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moldova parlamentinin müxalif deputatları Prezident Maya Sandunun vəzifədən kənarlaşdırılması üçün impiçment proseduruna başlayıblar.
Moderator.az "Newsmaker" nəşrinə istinadən xəbər verir ki, prosedurun başlanması barədə Moldova İnkişaf və Birlik Partiyasının ("PRO Moldova") lideri İon Kiku Moldova Kommunist Partiyası, Moldova Sosialistlər Partiyası, "Alternativa", "Bizim Partiyamız" və "Demokratiya - Evdə" partiyalarının nümayəndələri ilə birgə məlumat verib.
Müxalifət deputatları Sandunu prezidentliyi dövründə ölkə Konstitusiyasını və qanunlarını dəfələrlə ciddi şəkildə pozmaqda ittiham edirlər. Kiku prezidentin digər dövlət qurumlarına aid səlahiyyətləri mənimsədiyini, hökumətinin isə hakimiyyət bölgüsü prinsipini pozduğunu iddia edib, "Demokratiya - Evdə" partiyasının deputatı Valentina Meşina isə Sandunun istefa verməli olduğunu bildirib.
"Bizim Partiyamız"ın deputatı Aleksandr Berlinski isə Moldovanın prezident respublikasına keçməsi üçün Konstitusiyaya dəyişiklik layihəsi hazırladıqlarını açıqlayıb. Onun sözlərinə görə, dövlətə görə bir şəxsin məsuliyyət daşıması üçün prezident respublikası lazımdır.
Sandunun administrasiyası isə prezidentin öz vəzifələrini, o cümlədən konstitusiya quruluşunun, demokratiyanın və hamı üçün azadlığın qorunması ilə bağlı fəaliyyətini davam etdirəcəyini bildirib.
Moldova Konstitusiyasına əsasən, prezidentin səlahiyyətlərinin dayandırılması ilə bağlı təklif parlament deputatlarının ən azı üçdəbiri tərəfindən irəli sürülə bilər.