Moldovanın Rusiya planı: Hücum hazırlığı, yoxsa...

26.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyanın Moldovadakı səfirliyi yaxın günlərdə rəsmi Kişineu tərəfindən Rusiya əleyhinə təxribatın hazırlandığını iddia edib. Bu barədə diplomatik nümayəndəliyin “Telegram” kanalında yayılan bəyanatda bildirilib.

“Səfirliyə yaxın günlərdə Rusiya-Moldova münasibətlərinin kəskin pisləşməsinə yönəlmiş antirusiya xarakterli təxribatın hazırlanması barədə məlumat daxil olub. Bu cür ssenarilərin riskləri barədə dəfələrlə xəbərdarlıq etmişik və indi xəbərdarlıqlarımız özünü doğrultmağa başlayır”, – bəyanatda qeyd olunub.

Diplomatik nümayəndəlik Moldova hakimiyyətini gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb. “Rəsmi Kişineunu Moldovanı Rusiya ilə qarşıdurmaya cəlb etməyə çalışanların təsiri altına düşməməyə və düşünülməmiş eskalasiya addımlarından çəkinməyə çağırırıq”, – səfirlik vurğulayıb.

Səfirliyin bu bəyanatı nə qədər doğrudur? Moldova Rusiyaya hərbi zərbə endirə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, bir ölkədə fəaliyyət göstərən səfirliyin həmin ölkənin daxili siyasəti ilə bağlı bu qədər açıq bəyanat verməsi diplomatik qaydalara uyğun deyil:

“Bu cür açıqlamalar ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Rusiyanın Moldovadakı səfirliyinin bəyanatına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Məsələ ondadır ki, Rusiya Moldovanı öz təsir dairəsində saxlamağa çalışır. İki il əvvəl bu ölkədə keçirilən seçkilərə də fəal şəkildə müdaxilə edib. Belə ki, Rusiyanın özünə yaxın siyasi qüvvələrə ciddi maliyyə dəstəyi göstərərək onların vasitəsilə hakimiyyəti dəyişməyə çalışdı, lakin bu cəhdlər nəticə vermədi. Həm parlament, həm də prezident seçkilərində Qərbyönümlü siyasi qüvvələr və siyasətçilər qalib gəldilər. Moldova hökuməti uzun müddətdir Rusiyadan Dnestryanı bölgədəki hərbi birləşmələrin çıxarılmasını tələb edir.

Həmin qüvvələr vaxtilə Rusiyanın 14-cü Ordusunun tərkibində yaradılıb və 1992-ci ildən etibarən bu bölgədə sülhməramlı qüvvələr adı altında fəaliyyət göstərib. Onların missiyasının müddəti çoxdan başa çatsa da, Rusiya həmin qüvvələri ərazidən geri çəkmir. Əksinə, onların bölgədə saxlanılmasını özünün dəstəklədiyi Dnestryanı separatçı bölgənin Rusiya hərbi qüvvələri tərəfindən qorunması kimi təqdim etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Moldova ilə Rusiya arasında gərginliyin bir neçə əsas səbəbi var:

“Birincisi, Moldova ərazisində Dnestryanı və Qaqauziya olmaqla iki separatçı bölgənin mövcudluğudur. Bu bölgələr Rusiya tərəfindən dəstəklənir və bu vəziyyət Moldovanın ərazi bütövlüyü üçün təhdid yaradır. İkinci məsələ Rusiyanın Moldovanın Avropa İttifaqına yaxınlaşma siyasətinə qarşı çıxmasıdır. Üçüncü səbəb isə Moldovanın Rumıniya ilə münasibətlərini yaxınlaşdırmasına Rusiyanın etiraz etməsi və bunu qəbul edə bilməməsidir. Bu baxımdan, tərəflər arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır.

Vladimir Putinin “Novorossiya planı” adlandırılan siyasəti də məhz bu məqsədi daşıyırdı. Belə ki, Donbas və Krımdan başlayaraq Odessaya qədər uzanan ərazilərin Ukraynadan alınması, işğal edilməsi və oradan Dnestryanı bölgəyə çıxış əldə etməklə Moldovanın da, belə deyək, işğal olunması nəzərdə tutulurdu. Moldova hazırda Ukraynaya siyasi dəstək göstərən ölkələrdən biridir və ona müəyyən yardımlar edir. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin yaratdığı təhlükəsizlik riskləri Moldova üçün də ciddi narahatlıq mənbəyidir. Bu amillər də Moskva ilə Kişinyov arasındakı münasibətlərə təsir göstərir”.

Oqtay Qasımov əlavə edib ki, Moldovanın Rusiyanın hər hansı addımına hərbi vasitələrlə cavab verməsi real görünmür:

“Çünki ölkənin hərbi potensialı Rusiya ilə müqayisə olunmayacaq dərəcədə məhduddur. Bu baxımdan, Moldovanın Rusiyaya qarşı hərbi addım atması ehtimalı olduqca aşağıdır.Bir daha qeyd edim ki, iki ölkə arasındakı gərginliyin əsasını bir neçə məsələ təşkil edir.

Xüsusilə Dnestryanı və Qaqauziya problemləri, Moldovanın Avropa İttifaqına inteqrasiya siyasəti və Rumıniya ilə yaxınlaşması bu məsələlər sırasındadır. Dnestryanı bölgədəki vəziyyət və Rusiya hərbi qüvvələrinin ərazidən çıxarılması tələbi isə tərəfləri qarşı-qarşıya gətirən başlıca məsələlərdəndir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью