Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanla Monqolustan arasında beynəlxalq hava əlaqəsi yaradılır.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Saziş Azərbaycanla Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.
Sazişə əsasən, hər bir tərəf digər tərəfə öz dövlətinin ərazisi üzərindən yerə enmədən uçmaq, qeyri-kommersiya məqsədləri üçün həmin ərazidə dayanmaq və Əlavədə göstərilən marşrutlar üzrə daşımaları həyata keçirmək hüquqları verir. Hər bir tərəf razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün bir və ya bir neçə aviasiya şirkətini təyin edə, təyinatı dəyişdirə və ya ləğv edə bilər.
Sazişin Əlavəsinə əsasən, Azərbaycan tərəfinin təyin etdiyi aviasiya şirkətləri üçün Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, Monqolustanda isə Ulan-Bator, Hovd və Çoybalsan məntəqələri müəyyən edilir. Aralıq və kənar məntəqələr sonradan müəyyən ediləcəkdir. Təyin edilmiş aviasiya şirkətlərinə blok sahəsi və ya kod-şerinq müqavilələri bağlamağa icazə verilir.
Nuranə Daxilqızı