Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Rusiyanın hərbiyönümlü Telegram kanalı Rıbar-ın təsisçisi Mixail Zvinçuk Monteneqroda saxlanılıb. Əməliyyat Rusiya informasiya şəbəkələrinin iddia edilən fəaliyyətinə qarşı tədbirlər çərçivəsində Monteneqro polisi və Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib.
Oxuməni.az xəbər verir ki, bu barədə The Moscow Times məlumat yayıb.
Monteneqronun Baş naziri Milojko Spajic Zvinçukun saxlanılmasını təsdiqləyib. "Monteneqro öz maraqlarını müdafiə edir və heç kim Avropa gələcəyimizi təhlükəyə atmayacaq", - deyə o, X-də yazıb.
Monteneqrolu Vijesti nəşrinin məlumatına görə, Zvinçukun həyat yoldaşı, Rıbar-ın kreativ direktoru Valeriya Zvinçuk və onunla birlikdə daha üç nəfər saxlanılıb. Rusiyanın Baza Telegram kanalı Zvinçukun Bakı vaxtı ilə səhər saat 8:30-da Risandakı Mövenpick Otelində saxlanıldığını iddia etdi. Kanalın məlumatına görə, qrup dindirilmək üçün Podqoritsaya aparılıb və telefonları və pasportları müsadirə edilib.
Rıbar bildirib ki, işçiləri qanuni olaraq Monteneqrodadır və yerli monastır haqqında süjet çəkirlər. Komanda saxlanılanların tezliklə azadlığa buraxılmasını gözləyir.
Rusiyanın Readovka nəşrinə görə, kəşfiyyat orqanları qrupun Monteneqroya gəldikdən sonra bir neçə gün ərzində ölkənin viza siyasətinin Avropa Birliyi standartlarına uyğunlaşdırılması ilə bağlı süjet çəkmək üçün onları izləyiblər. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Rybarın Monteneqronun turizm sənayesinə, iqtisadiyyatına və milli maraqlarına qarşı yönələ biləcəyindən şübhələniblər.
ABŞ Dövlət Departamenti Zvinçukun və digər Rybar işçilərinin yerini və ya şəxsiyyətini müəyyən etməyə kömək edən məlumatlara görə 10 milyon dollara qədər təklif edir. Onlar seçki müdaxiləsi və zərərli təsir əməliyyatlarında iştirak etməkdə şübhəli bilinirlər. Əvvəllər Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışmış Zvinçuk Qərbin sanksiyaları altındadır. Təcavüzkar dövlət olan Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Podqoritsadakı Rusiya səfirliyi saxlanılmanın səbəblərini araşdırır.
Rıbar-ın Telegram-da təxminən 1,5 milyon abunəçisi var və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik hərbi təhlillər dərc edir.
Əziz MUSTAFA