Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sizi İsveçrənin Montrö şəhərinə dəvət edirik. Orada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu təklifə nə deyirsiniz?”
Təxminən bir ay əvvəl telefonuma gələn bu mesaja heç düşünmədən “yox deyirəm” cavabını verdim.
Xarici səfərlərin mənim üçün məşəqqətə çevrildiyini yaxınlarım billir. Həm də indiyədək gördüyüm dünyanın kifayət etdiyi qənaətindəyəm.
Ancaq qısa müzakirədən sonra “saqqızım oğurlanır” və mən Mədəniyyət Nazirliyindən gələn bu təklifə “boyun əyirəm”.
Cenevrədən Montröyədək ağzıaçıq gəlirəm. Hələ uşaqlıqdan pendir paketlərinin üstündə şəkilləndiyini gördüyüm cins inəklərin yanından keçirəm. Hər şey yaşıllıq içində batmaq üzrədir...
Üstü kirəmitli evlərə baxa-baxa düşünürəm: Əsas “krışa”ymış sən demə... Üstünü düzgün bağladın, bir az aşağı buraxıb bir neçə yerdən buxara çıxardın, vəssalam.
Qısa qənaətim belədir: bu yerlərin rəssama ehtiyacı yoxdur.
Cenevrə gölünün sahilində yerləşən bu şəhərdə Çarli Çaplinin ev muzeyi var. Çarli həyatının son on ilini bu şəhərdəki malikanəsində keçirib. Sonra kimsə bu evi alıb muzeyə çevirib.
İndi muzey kimi heyranlıqla gəzdiyimiz malikanədə Çaplinin məişət əşyalarının bəziləri, hətta onun baxışları belə fotolara çevrilib satılır...
Heyətimizdən kimsə təşəbbüs irəli sürür: “Ölkəmizdə belə bir muzeyi biz də yaratmalıyıq”.
Astadan deyirəm: “Əvvəlcə Çarlini tapmaq lazımdır. Heç olmasa baxışlarını…”
Şapkasının birinə 50 dollar verib Çaplinin məkanını tərk edirəm...
Sonrakı iki gün Montrö dönüb olur Azərbaycan. Bizimkilər rəqs edir, oxuyur, çalır, salon ayaq üstə alqışlayır.
Mədəniyyətimizi sərgiləyənlərin əllərinin havada axışından hiss edirsən ki, qalib Azərbaycanın sənətçisini izləyirsən…
Üzeyir Hacıbəyovun, Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini onların öz xalqının övladları - İsfar Sarabaski, Murad Hüseynov, Yusif Eyvazov səsləndirir…
Bu ifaları dinləyə-dinləyə fikirləşirəm ki, Azərbaycan xalqının ocağı kor deyil… Dünyanın mərkəzində səsləndirməyə musiqisi olan xalqa zaval yoxdu…
İsveçrəyə gələndə son vaxtlar həyatıma girən şəkər dərmanını götürmək yadımnan çıxıb deyə əl barmaqlarımın keyi artıb.
Musiqiçiləri o qədər alıqışlayırıq ki, hiss edirəm əl çaldıqca barmaqlarımın keyi açılır. Və şəkəri əllərimlə qovuram...
Konsert bitir, yaxınlıqda yerləşən hotelə doğru addımlayırıq.
Hiss edirəm ki, arxamızca kimsə səssizcə addımlayır. Biz hotelə çatanda özünü yetirən bu azərbaycanlı nəsə içməyə dəvət edir.
Vaxt çox gec olduğunnan, üstəgəl yorğunnuxdan hərə öz otağına çəkilir.
Baxışlarımdan tutub əl çəkmir: “Gedək, üç dəqiqəlik məsafədə “pub” tapmışam, lütfən”.
Heç cür yayına bilmirəm. “Pub” bağlanmaq üzrəykən çatırıq. Zorla iki bakallıq açdırırıq.
Oturan kimi buz kimi pivəni başıma çəkirəm, o isə dilinə bir qurtum vurmadan danışmağa başlayır…
Ara vermədən, acgözlüklə danışan bu adama baxdıqca hiss edirəm ki, Azərbaycan dilində danışmaqdan ötrü darıxıb.
Onun durumu məni o qədər kədərləndirir ki, dolan gözlərimi gizlətmək üçün qapadıram.
“Pub”dan çıxıb sağollaşanda göz yaşları içində məni bərk-bərk bağrına basıb qulağıma “faciəm ondadır ki, Qubadlı işğaldan azad olunanda qucaqlamağa adam tapmadım”, - pıçıldayır…
Bu mənzərəni az qala zorla tərk edib hotel otağıma çəkilirəm.
Cəmi bir neçə saat sonra yola düşmək üçün yuxudan oyananda qeyri-ixtiyari şəkər dərmanımı axtarıram. Yadıma düşür ki, onu gətirməmişdim.
Sakitcə güzgünün qarşısına keçib əl çalmağa başlayıram…
Elbrus Ərud