Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İdeoloji təxribatlar diplomatik təhdidlərdən qaynaqlanır
Azərbaycan–Rusiya münasibətlərində son aylar müşahidə olunan gərginlik siyasi məzmun almağa başlayıb. Xüsusilə bu ilin iyul-avqust aylarında Rusiyanın informasiya məkanında Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təhqiramiz, təhdid xarakterli, bəzi hallarda zorakılığa çağırış kimi qiymətləndirilən fikirlərin yayılması Bakının məsələyə daha sərt reaksiya verməsinə səbəb olub. Bəs, Kreml ölkəmizə qarşı informasiya savaşına niyə ara vermir?
Sonuncu belə hadisə avqustun 27-də Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi oldu. Azərbaycan XİN bu insidenti Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan “çirkin və qərəzli kampaniya” ilə əlaqəli olduğunu istisna etməyib. Hər iki hadisəyə ayrı-ayrı epizodlar kimi baxmaq mümkündür. Lakin onları xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə müəyyən tendensiya görünür. Azərbaycan XİN-in avqustun 18-də yaydığı açıqlamaya görə, son dövrdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə təxribat, təhqir və təhdid xarakterli açıqlamalar intensivləşib. Bu zaman bir neçə hadisə nümunə kimi göstərilib. Avqustun 13-də “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana və ölkə rəhbərliyinə qarşı təxribat xarakterli ifadələr səsləndirilib. Avqustun 7-də “Sputnik” radiosunda Azərbaycan rəhbərliyinin guya Rusiyanın “terrorçu və ekstremistlər siyahısına” daxil edilə biləcəyi barədə iddia irəli sürülüb. Avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da isə “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqiramiz və təxribat xarakterli materiallar yayımlanıb. Azərbaycan XİN bu halları Rusiyanın informasiya məkanında ölkəmiz əleyhinə təxribat və təhdid xarakterli açıqlamaların intensivləşməsinin göstəricisi kimi qiymətləndirib. Xüsusilə Rusiyanın informasiya məkanında Azərbaycanda daxili siyasi proseslərə müdaxilə imkanlarının müzakirə olunmasını və zorakılıq çağırışlarını qəbuledilməz olduğu bildirilib.
* * *
İkitərəfli münasibətləri gərginləşdirən epizodlardan biri Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayevlə bağlı Azərbaycan Baş Prokurorluğunun başlatdığı cinayət işidir. İstintaq zamanı bu şəxslərin 14 iyul və 13 avqust tarixlərində yayımlanan “Çastota ponimaniya” proqramlarında ölkəmizə qarşı zorakı üsullardan istifadə, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması və milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib. 13 avqust buraxılışı ilə bağlı isə Baş Prokurorluq fiziki məhvetmə və terrorçuluğa açıq çağırış xarakterli ifadələrin səsləndiyini bildirib. Üç şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış məsələsi üzrə tədbirlər görülüb.
Məgər məsələ “üç politoloqun tərbiyəsizliyindən” ibarətdir? Əlbəttə ki, yox. Rəsmi Bakının narahatlığı Uralov, Knyazev və Çadayevlə başlamayıb. 2025-ci ilin əvvəlində də Azərbaycan XİN Rusiya mediasında və bəzi rəsmi dairələrdə ölkəmizi hədəf alan dezinformasiya xarakterli yazı və reportajların yayılmasından narahatlığını bildirmişdi. Yanvarın 28-də Rusiya səfiri XİN-ə çağırılaraq, bu tip materialların Azərbaycan-Rusiya Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhuna zidd olduğu onun nəzərinə çatdırılıb. Bu ilin may ayında isə daha bir diqqətçəkən hadisə baş verib. Rusiya dövlət televiziyası olan “1-ci kanal”ın “Vremya pokazhet” proqramında Azərbaycanın təhrif olunmuş xəritəsi nümayiş etdirilib və xəritədə mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi yer alıb. Azərbaycan XİN bunu “ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya” adlandırıb. Bu hadisəni əvvəlkilərdən fərqləndirən cəhət isə materialın dövlət televiziyasında yayımlanmasıdır. Təbii ki, bu anti-Azərbaycan dalğasını bir mərkəzdən idarə olunan vahid kampaniya kimi təqdim etmək üçün açıq sübut yoxdur. Lakin siyasi kommunikasiya baxımından burada müşahidə edilən başlıca amil odur ki, müxtəlif mənbələrdə oxşar anti-Azərbaycan tezisləri yayılır. Yəni müxtəlif informasiya kanallarında Azərbaycan haqqında mənfi çərçivələr təkrar-təkrar dövriyyəyə buraxılır.
* * *
2020-ci ilin noyabrından sonra Azərbaycan regionun aparıcı ölkəsi olaraq əhəmiyyətli dərəcədə güclənib. 2023-cü ilin sentyabrında isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın xarici siyasətində yeni mərhələ başlayıb. Bunun nəticəsində Moskvanın Cənubi Qafqazdakı əvvəlki mövqeyi zəifləyib, təsir imkanları məhdudlaşıb. Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgəyə sülhməramlı kontingent yerləşdirsə də, 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağ məsələsinin status-kvosu aradan qalxdı və sülhməramlı kontingent bir il sonra bölgədən çıxarıldı. Beləliklə, Moskvanın Cənubi Qafqazdakı təsir mexanizmlərindən biri də zəiflədi. Eyni zamanda Azərbaycan öz xarici siyasətini daha çoxşaxəli hala gətirdi. Amma Bakı Moskva ilə normal qonşuluq münasibətlərini qoruyur, buna paralel olaraq Türkiyə, Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya dövlətləri və digər aktorlarla əlaqələrini də genişləndirir. Bu siyasət Moskva üçün heç də “anti-Rusiya” anlamına gəlməli deyil. Azərbaycan bunu suveren xarici siyasətin təbii elementi kimi təqdim edir. Bəli, bu proses Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını obyektiv olaraq məhdudlaşdırır. Ona görə də Rusiyanın müəyyən siyasi dairələrində Azərbaycana qarşı narazılığın artması təəccüblü deyil. Lakin narazılığın olması ilə dövlət siyasətinin anti-Azərbaycan xarakter alması eyni şey deyil. Kreml hadisələrin gedişinə rəsmi Bakı ilə eyni pəncərədən baxmaq istəmir.
Bütün bu xoşagəlməz insidentlərə baxmayaraq, Rusiya rəhbərliyinin rəsmi açıqlamalarında Azərbaycanla münasibətlərə verilən qiymət başqa istiqamətdədir. Martın 11-də Vladimir Putin İlham Əliyevə telefonla zəng edib. İyunun 9-da isə Prezident İlham Əliyev Rusiya Günü münasibətilə Vladimir Putinə məktub göndərib. Hər iki təmasda əsas müzakirə predmeti Azərbaycan-Rusiya münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığının bildirilməsi və strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlığın inkişafına əminliyinin ifadə edilməsi olub. Yəni, dövlət başçıları səviyyəsindəki münasibətlər hələ də “strateji tərəfdaşlıq və müttəfiqlik” çərçivəsində təqdim olunur. Bu fakt “Rusiyanın dövlət səviyyəsində Azərbaycana qarşı açıq düşmənçilik siyasəti həyata keçirdiyi” tezisini ehtiyatla işlətməyi tələb edir.
Nəticə etibarilə, Azərbaycanın mesajı son həftələrdə verilən rəsmi bəyanatların məzmunundan aydın görünür: Bakı Moskva ilə münasibətlərin pozulmasını istəmir, lakin strateji tərəfdaşlıq anlayışının qarşılıqlı etimad, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmasını tələb edir. Bu baxımdan 27 avqust hadisəsi Moskva üçün bir növ testə çevrilib. Əgər Rusiya hüquq-mühafizə orqanları Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatı araşdırıb, günahkarları müəyyənləşdirib, belə hadisələrin təkrarlanmasının qarşısını alacaqsa, bu, münasibətlərin normallaşdırılması istiqamətində atılan addım sayılacaq.
Tacir SADIQOV
XQ