Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Kremlin hesabatı siyasi xəbərdarlıqdır
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri Avrasiya Hökumətlərarası Şurasına Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim ediblər. Sənəddə Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində atdığı addımlar, 2 təşkilatın hüquqi tənzimləmələri arasındakı uyğunluq məsələləri, eləcə də İrəvanın qarşısında yarana biləcək iqtisadi və hüquqi çətinliklər təhlil olunur.
“Ermənistan Respublikasına münasibətdə 2014-cü il mayın 29-da imzalanmış Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin fəaliyyətinin dayandırılmasının mümkün nəticələri barədə məruzə” adlanan sənəddə əsas diqqət Ermənistanın Aİİ üzvlüyündən irəli gələn öhdəlikləri ilə Aİ-yə üzvlük məqsədinin doğura biləcəyi tələblər arasındakı ziddiyyətlərə yönəldilib. Hesabatda İrəvanın Aİ ilə yaxınlaşmaq istiqamətindəki addımları nəzərə alınmaqla, onun Aİİ-də gələcək üzvlüyünün statusunun təşkilat daxilində suallar doğurduğu bildirilir.
Sənəddə qeyd olunur ki, Ermənistanın Aİİ-nin vahid bazarında iştirakını davam etdirdiyi halda, milli qanunvericilik vasitəsilə gömrük sahəsində Avropa standartlarını birtərəfli qaydada tətbiq etməsi ümumi gömrük məkanının bütövlüyü üçün risk yarada bilər. Müəlliflərin qənaətinə görə, Ermənistanın Aİ-nin hüquqi normalarına yaxınlaşması barədə Avrasiya İqtisadi Komissiyasını və ittifaqın digər üzvlərini məlumatlandırmaması da əsas narahatlıq doğuran məsələlərdəndir.
Hesabatda Ermənistan hökumətinin 2026–2031-ci illər proqramında məhsul təhlükəsizliyi sahəsində texniki reqlamentlərin və metroloji sistemlərin Aİ və Aİİ normaları ilə uzlaşdırılmasının nəzərdə tutulduğu xatırladılır. Müəlliflər xəbərdarlıq edirlər ki, Aİİ üzvlüyü saxlanılmaqla Avropa standartlarının birtərəfli tətbiqi ittifaqın tələblərinə cavab verməyən məhsulların ümumi bazara daxil olması ilə nəticələnə bilər. Bu isə digər üzv dövlətlərin həmin malların təhlükəsizliyini və uyğunluğunu yenidən yoxlamasını zəruri edə, sərbəst ticarətin əsasını təşkil edən ümumi nəzarət mexanizmlərinə xələl gətirə bilər.
Sənəddə Ermənistanın Aİİ-də iştirakının dayandırılması ilə bağlı mümkün iqtisadi nəticələr də hesablanıb. Proqnozlara əsasən, belə bir qərar ölkənin ümumi daxili məhsulunun 15,6 faiz azalmasına, inflyasiyanın 14,9 faiz bəndi yüksəlməsinə və istehlakın 14,6 faiz aşağı düşməsinə səbəb ola bilər. Ermənistanın Aİİ üzvü dövlətlərlə ümumi ticarət dövriyyəsinin 55,6 faiz, ittifaq ölkələrinə ixracının isə 65 faizdən çox azalacağı ehtimal olunur. İttifaq ölkələrindən idxalın da təxminən yarıya qədər azalacağı bildirilir.
Hesabatda digər mümkün nəticələr də sadalanır. Ermənistanın qaz idxalına çəkdiyi illik xərclərin 69 faiz artaraq 657,5 milyon dollara çata biləcəyi, Rusiyadan pul köçürmələrinin isə 2025-ci ildəki 3,88 milyard dollardan 1,8 milyard dollara enə biləcəyi proqnozlaşdırılır.
Beləliklə, sənəd yalnız ticarət əlaqələrinin mümkün daralmasını deyil, enerji təchizatı, pul köçürmələri və əhalinin istehlak imkanları ilə bağlı ehtimalları da əhatə edir. Bununla belə, göstərilən rəqəmlər baş vermiş hadisələrin nəticəsi deyil, Aİİ-də iştirakın dayandırılması ssenarisi əsasında hazırlanmış proqnozlardır. Onların reallaşması mümkün qərarların xarakterindən, iqtisadiyyatın uyğunlaşma imkanlarından və alternativ ticarət əlaqələrinin inkişafından asılı olacaq.
Paşinyan: “Məqsəd bizi müstəqillikdən məhrum etməkdir”
Ermənistanın Baş naziri Nikol Paşinyan hesabatın dərcindən sonra sənədi siyasi təzyiq vasitəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Aİİ-nin üzv dövlətlərinin Ermənistanı təşkilatdan çıxarmaq hüququnun olub-olmaması məsələsi də suallar doğurur. Baş nazir bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) belə bir imkanın mövcud olduğu deyildiyi halda, Aİİ-də də üzv dövlətlərin tərkibinin üst-üstə düşməsinə baxmayaraq, Ermənistana münasibətdə hansı mexanizmin tətbiq edilə biləcəyi aydın deyil.
Paşinyan hesab edir ki, məsələ iqtisadi deyil, siyasi xarakter daşıyır. Onun fikrincə, məqsəd Ermənistanda daxili qeyri-sabitlik yaratmaq və faktiki olaraq onu müstəqillikdən məhrum etməkdir. Baş nazir əvvəlki məhdudiyyətlərin də gözlənilən siyasi və iqtisadi nəticələri vermədiyini iddia edib. Paşinyan Ermənistan dövlətinin bu vəziyyətin öhdəsindən gələcək qədər dayanıqlı olduğunu vurğulayaraq, hökumətin əsas diqqətini ölkənin davamlı inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına yönəldəcəyini bildirib.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan da hesabatla bağlı açıqlama verib. O, sənədin genişhəcmli olduğunu, Ermənistan tərəfinin onu araşdırdığını və təhlillərdən sonra öz mövqeyini formalaşdıracağını deyib. Mirzoyanın diqqət çəkdiyi əsas məqam Aİİ üzvlüyünün dayandırılması və ya üzv dövlətin ittifaqdan çıxarılması üçün hüquqi mexanizmin mövcudluğudur. Nazir bildirib ki, Ermənistan tərəfinə Aİİ üzvlərinin digər dövləti təşkilatdan çıxarmağa, hətta onun üzvlüyünü dondurmağa imkan verən hüquqi mexanizm məlum deyil.
Narahatlıqların arxasında nə dayanır?
“ArmenianReport” media resursunun “Kremlin “hesabat” formasında isterikası” sərlövhəli analitik məqaləsində hesabatın ortaya çıxması Ermənistanın xarici siyasət istiqaməti uğrunda mübarizənin tərkib hissəsi kimi təqdim edilir. Müəllif hesab edir ki, sənədin iqtisadi proqnozları ilə yanaşı, onun siyasi mesajı da var: İrəvanın Moskvanın təsir dairəsindən uzaqlaşmasının mümkün qiyməti erməni cəmiyyətinə nümayiş etdirilir.
İnternet nəşr hesabatda göstərilən iqtisadi itkilərin əsaslandırılmasını ayrıca araşdırmağın vacibliyini vurğulasa da, hesablamaların hansı metodologiya əsasında aparıldığına, biznesin yeni şəraitə uyğunlaşma imkanlarına, alternativ bazarlara və digər dövlətlərin mümkün qərarlarına diqqət yetirilməli olduğunu bildirir. Yəni proqnozların reallığını qiymətləndirmək üçün yalnız yekun rəqəmlərə deyil, onların arxasında dayanan fərziyyələrə də baxılmalıdır.
Sayt yazır ki, Ermənistan hələ Aİİ-dən çıxmayıb və Aİ-yə üzvlük üçün rəsmi müraciət də etməyib. İrəvanın Avropa istiqamətində addımlar atması ilə ittifaqdan faktiki ayrılması arasında isə ciddi fərq var. Aİ-yə üzvlük siyasi qərarlar, islahatlar, danışıqlar və çoxsaylı şərtlərin yerinə yetirilməsini tələb edən uzunmüddətli prosesdir.
Təhlildə hesabatın açıqlanmasının vaxtı da diqqətə çatdırılır. Ermənistanın Baş naziri noyabrın 3-də Brüsseldə Aİ-nin genişlənməsi məsələlərinə həsr olunan sammitdə iştirak etməlidir. Nəşr bu məqamı İrəvanın Avropa perspektivinin müzakirə olunduğu bir vaxtda iqtisadi nəticələrlə bağlı xəbərdarlıqların səsləndirilməsi baxımından əlamətdar sayır.
İskandaryan: “Aİİ-dən çıxarılma ehtimalı azdır”
Erməni politoloq Aleksandr İskandaryan “Nyus.am”a açıqlamasında Aİİ hesabatını Ermənistana təsir və siyasi təzyiq göstərmək cəhdi kimi qiymətləndirib. Onun fikrincə, sənəddə Rusiya üçün, həqiqətən, əhəmiyyətli olan tələblər yer alsa da, Ermənistanın ittifaqdan çıxarılması yaxın perspektivdə real ssenari deyil.
İskandaryan hesab edir ki, Aİİ-nin yaradılması zamanı üzv dövlətlərdən birinin təşkilatdan çıxarılması və ya üzvlüyünün dondurulması ehtimalı nəzərə alınmadığından, bunun üçün aydın hüquqi prosedur mövcud deyil. Politoloq dekabrda keçiriləcək Aİİ sammitində Ermənistanla bağlı belə bir qərarın qəbul ediləcəyini gözləmir. Onun fikrincə, bu mövzuda səsləndirilən xəbərdarlıqlar daha çox təzyiq vasitəsi kimi çıxış edir.
Ekspert Ermənistanın KTMT-dəki vəziyyətini də müqayisə üçün xatırladır. Onun sözlərinə görə, üzvlüyün dondurulması ilə bağlı hüquqi mexanizmin olmamasına baxmayaraq, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etmir. İskandaryan bu nümunəni hüquqi ifadələrlə real siyasi münasibətlər arasındakı fərqi göstərmək üçün gətirir.
Politoloq Rusiya ilə Ermənistan arasındakı böhranın daha geniş iqtisadi və geosiyasi maraqlarla bağlı olduğunu düşünür. O, xüsusilə atom elektrik stansiyası, qaz təchizatı və dəmir yolu məsələlərinin əhəmiyyətini vurğulayır. İskandaryanın fikrincə, Rusiya üçün Ermənistanın atom elektrik stansiyası ilə bağlı əməkdaşlıq maliyyə və geosiyasi baxımdan ciddi əhəmiyyət daşıyır, alternativlərin tapılması isə asan olmaya bilər.
Avropa hədəfi, Avrasiya asılılığı
Baş verənlər göstərir ki, Ermənistanın Aİ-yə yaxınlaşmaq niyyəti ilə Aİİ çərçivəsində götürdüyü öhdəlikləri uzlaşdırmaq məsələsi getdikcə daha ciddi müzakirə predmetinə çevrilir. Hüquqi normaların, gömrük qaydalarının və məhsul təhlükəsizliyi tələblərinin fərqliliyi bu prosesin yalnız siyasi bəyanatlarla həll edilməyəcəyini göstərir. Digər tərəfdən, hesabatda yer alan iqtisadi proqnozlar Ermənistanın Aİİ ilə əlaqələrinin mümkün zəifləməsinin ciddi nəticələr doğura biləcəyinə dair xəbərdarlıqdır. Lakin bu hesablamalar qaçılmaz nəticə kimi qəbul edilməməli, onların əsaslandığı şərtlər və mümkün uyğunlaşma yolları ayrıca qiymətləndirilməlidir.
Paşinyan və Mirzoyanın açıqlamaları İrəvanın suverenlik və müstəqillik məsələsini ön plana çıxardığını göstərir. İskandaryanın fikirləri isə təşkilatdan çıxarılma ehtimalının hüquqi və siyasi tərəfləri arasında fərq olduğunu xatırladır. Beləliklə, Ermənistanın qarşısında duran əsas məsələ Avropa istiqamətində siyasi niyyətlərini bəyan etməkdən daha mürəkkəbdir: İrəvan bu kursu davam etdirərkən mövcud iqtisadi əlaqələrini və Aİİ üzvlüyündən irəli gələn öhdəliklərini necə uzlaşdıracağını müəyyənləşdirməlidir. Bu sualın cavabı yalnız Ermənistanın gələcək inteqrasiya seçiminə deyil, həm də Rusiya ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə təsir göstərə bilər.
Səxavət HƏMİD
XQ