Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rosatom” rəhbərinin İrəvan səfəri AES-lə bağlı planları üzə çıxardı
“Metsamor” Atom Elektrik Stansiyasının (AES) gələcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçevin sentyabrın 29-da İrəvana səfəri də bu baxımdan təsadüfi görünmür. Cəmi bir neçə saat davam edən səfər zamanı Ermənistan baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryanla keçirilən görüşlərdə əsas məsələlərdən biri məhz atom enerjisinin gələcəyi olub.
Görüşlərin nəticələrinə dair açıqlamalardan isə kifayət qədər aydın mənzərə yaranır: söhbət “Metsamor”un fəaliyyətinin dayandırılmasından deyil, hazırkı enerji blokunun istismar müddətinin daha da uzadılmasından və onun yerində, yaxud mövcud stansiyanın ərazisində yeni atom blokunun yaradılmasından gedir. Beləliklə, Ermənistanın enerji siyasətində “Metsamor” səhifəsinin bağlanması yox, atom enerjisindən istifadəni daha uzun müddət davam etdirmək niyyəti ön plana çıxır.
Lixaçev bildirib ki, hazırda fəaliyyət göstərən enerji blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması layihəsinin 2031-ci ilə qədər nəzərdə tutulan işlərinin böyük hissəsi artıq yerinə yetirilib. Onun sözlərinə görə, qarşıdakı mərhələdə də stansiyanın 2036-cı ilə qədər fəaliyyətini təmin etmək üçün işlər aparılacaq və “Rosatom” bunun qarşısında texniki maneə görmür.
Məsələ bununla da bitmir. İrəvanda daha uzunmüddətli perspektiv də müzakirə olunub. Lixaçev “Metsamor”un texniki baxımdan 2046-cı ilə qədər işlədilməsinin mümkün olduğunu deyib. Bununla belə, belə bir uzadılmanın 100 milyonlarla dollar həcmində sərmayə tələb edəcəyini də etiraf edib. Söhbət təhlükəsizlik sistemlərinin və avtomatlaşdırmanın yenilənməsindən, reaktor korpusunun yenidən bərpasından, işlənmiş nüvə yanacağının saxlanılması imkanlarının genişləndirilməsindən gedir. Başqa sözlə, “Metsamor”un gələcəyi ilə bağlı İrəvanda aparılan müzakirələrin istiqaməti artıq kifayət qədər aydındır. Stansiyanın ömrünün uzadılması üçün həm texniki, həm də maliyyə resursları hesablanır.
Zəlzələnin izləri
“Metsamor” məsələsində ən mühüm məqam isə onun tarixçəsidir. Ermənistanın atom elektrik stansiyasının birinci enerji bloku 1976-cı, ikinci enerji bloku isə 1980-ci ildə istifadəyə verilib. 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra stansiya 1989-cu ildə dayandırılıb. Sonradan ikinci enerji bloku 1995-ci ildə yenidən işə salınıb. Bu faktın özü “Metsamor”un yerləşdiyi ərazidə seysmik amilin nə qədər ciddi məsələ olduğunu göstərir. Doğrudur, Ermənistan tərəfi və “Rosatom” stansiyanın seysmik davamlılığını, aparılmış modernləşdirmə işlərini və təhlükəsizlik sistemlərini önə çəkirlər. Lixaçev də “Metsamor”un güclü zəlzələni yaşadığını və sonradan yenidən fəaliyyətə qaytarıldığını vurğulayıb.
Lakin atom stansiyası məsələsində təkcə “işləyir” və ya “işləmir” yanaşması kifayət etmir. Burada söhbət qəza ehtimalının baş verdiyi halda onun nəticələrinin nə qədər geniş əraziyə yayıla biləcəyindən gedir. Adi sənaye obyektindən fərqli olaraq nüvə obyektində baş verə biləcək ciddi qəza yalnız stansiyanın yerləşdiyi ərazi ilə məhdudlaşmaya bilər. Xüsusən də seysmik fəallığın yüksək olduğu regionda belə təhlükənin daim nəzərə alınması vacibdir.
Azərbaycan üçün məsələ daha da həssasdır. Çünki “Metsamor” coğrafi baxımdan ölkəmizə yaxın ərazidə yerləşir. Burada baş verə biləcək ciddi qəza və ya radioaktiv sızmanın mümkün nəticələri sərhədlə dayanmayacaq. Atmosfer, su və digər təbii mühitlər vasitəsilə yayıla bilən çirklənmənin miqyası hadisənin xarakterindən və külək, su axınları kimi amillərdən asılı ola bilər. Buna görə də stansiyanın taleyinə yalnız Ermənistanın daxili enerji ehtiyacı prizmasından baxmaq kifayət deyil.
Tullantı məsələsi
“Metsamor” ətrafında müzakirə edilməli başqa mühüm məsələ radioaktiv tullantılar və işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunmasıdır. Maraqlıdır ki, stansiyanın 2046-cı ilə qədər fəaliyyətinin mümkünlüyündən danışan Lixaçev özü də bu istiqamətdə əlavə işlərin görülməli olduğunu bildirib. Onun sözlərinə görə, daha uzun müddət istismar üçün işlənmiş nüvə yanacağının saxlanması üzrə imkanların genişləndirilməsi və müvafiq işlərin aparılması lazım gələcək. Bu məqam diqqətdən kənarda qalmamalıdır. Çünki nüvə energetikasında məsələ yalnız elektrik enerjisinin istehsalından ibarət deyil. Yanacağın gətirilməsi, istifadəsi, işlənmiş yanacağın saxlanması, radioaktiv materialların idarə olunması və uzunmüddətli təhlükəsizliyin təmin edilməsi bütöv bir sistem tələb edir.
“Metsamor”un fəaliyyət müddəti uzadıldıqca, bu məsələlərin də aktuallığı artır. Stansiyanın region üçün mümkün ekoloji təsirləri, radioaktiv tullantıların saxlanması və onların idarə olunması ilə bağlı risklər Azərbaycan ictimaiyyətinin diqqətindədir. Çünki belə obyektlərdə təhlükəsizlik yalnız cari vəziyyətlə ölçülmür. Əsas məsələ qəza baş vermədiyi dövrdə deyil, fövqəladə hal yarandığı təqdirdə hansı nəticələrin meydana çıxa biləcəyidir.
Azərbaycan üçün təhlükə
Ölkəmizin mövqeyindən yanaşdıqda “Metsamor” məsələsi xüsusilə diqqət tələb edir. Qeyd etdiyimiz kimi, stansiyanın coğrafi yaxınlığı mümkün qəza nəticələrinin ölkəmizə təsir göstərə bilməsi ehtimalını gündəmə gətirir. Radioaktiv maddələrin ətraf mühitə yayılması, su və torpaq ehtiyatlarının çirklənməsi, atmosferə təsirlər belə bir hadisənin nəticələri sırasında ola bilər.
Üstəlik, söhbət fəaliyyətdə olan və istismar müddətinin daha da uzadılması nəzərdə tutulan köhnə nəsil reaktordan gedir. Müasir texnologiyalarla aparılan yeniləmələr müəyyən təhlükəsizlik tədbirlərini gücləndirə bilər. Lakin stansiyanın ilkin tikintisindən keçən onilliklər faktı aradan qalxmır.
Bu baxımdan “Metsamor”un gələcəyi ilə bağlı qərarlar yalnız Ermənistanın elektrik enerjisinə olan tələbatı əsasında qiymətləndirilməməlidir. Regionun ekoloji təhlükəsizliyi, radioaktiv tullantıların uzunmüddətli idarə olunması, seysmik risklər və qəza halında mümkün transsərhəd nəticələr də nəzərə alınmalıdır.
Əslində, Lixaçevin İrəvan səfəri bu müzakirəni daha da aktuallaşdırdı. Çünki səfərin nəticəsində “Metsamor”un yaxın illərdə bağlanacağı deyil, əksinə, onun fəaliyyətinin uzadılması və atom energetikasının yeni mərhələyə keçirilməsi barədə planların möhkəmləndiyi görünür. Beləliklə, qarşıdakı dövrdə əsas sual “Metsamor”un işləyib-işləməyəcəyi yox, onun nə qədər müddət fəaliyyət göstərəcəyi və mövcud blokun yerinə hansı gücdə yeni nüvə blokunun gələcəyi olacaq.
Azərbaycan və region üçün isə sual başqadır: belə bir obyektin fəaliyyətinin daha onilliklər boyu davam etdirilməsi hansı ekoloji və təhlükəsizlik təminatları ilə müşayiət olunacaq? “Metsamor”un tarixçəsi, onun seysmik zonada yerləşməsi, radioaktiv tullantıların idarə olunması məsələsi və mümkün qəzanın transsərhəd nəticələri nəzərə alınanda bu sualın əhəmiyyəti daha da artır. Ermənistanın enerji ehtiyacları başadüşüləndir. Lakin həmin ehtiyacların ödənilməsi qonşu ölkələrin təhlükəsizliyi hesabına olmamalıdır.
Ona görə də “Metsamor” məsələsinə yalnız enerji istehsalçısı kimi deyil, bütün regionun təhlükəsizliyinə təsir göstərə bilən nüvə obyekti kimi yanaşmaq lazımdır. Stansiyanın gələcək fəaliyyəti ilə bağlı qərarlar şəffaf, əsaslandırılmış və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır. Əks halda, bu obyektin ömrünün hər yeni uzadılması onun ətrafında yaranan ekoloji və təhlükəsizlik suallarını da növbəti illərə daşıyacaq.
İrəvan nüvə enerjisiz yaşaya bilməz
Lixaçevin səfərinin daha bir mühüm nəticəsi Ermənistanın atom enerjisi ilə bağlı planlarının yalnız mövcud blokun ömrünün uzadılması ilə məhdudlaşmadığını göstərməsidir. “Rosatom” İrəvana ən azı 1 giqavat gücündə yeni enerji blokunun tikintisi ilə bağlı konkret təklif verib. Lixaçev bildirib ki, Rusiya tərəfi VVER-1000 layihəsini təklif edir və burada yeni nəsil təhlükəsizlik sistemlərinin tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihənin beynəlxalq şirkətlərin iştirakı ilə həyata keçirilməsi də mümkündür.
Görüşlə bağlı Ermənistan hökumətinin açıqlamasında isə daha ehtiyatlı mövqe ifadə olunub. Paşinyan bildirib ki, yeni atom blokunun tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlardan daxil olan təkliflər müzakirə olunur və yekun qərar yaxın vaxtlarda veriləcək. Ermənistan hökumətinin məlumatına görə, seçim zamanı qiymət, keyfiyyət, təhlükəsizlik, müddətlər və zəmanətlər nəzərə alınacaq. Deməli, qarşıda yalnız Rusiya variantı yoxdur. İrəvan müxtəlif təklifləri müqayisə etdiyini bildirir. Lakin Lixaçevin səfəri göstərdi ki, Moskva artıq konkret layihə, konkret güc və konkret texnologiya ilə danışıqlar masasına oturub.
Maraqlı məqam budur ki, söhbət, sadəcə, yeni atom elektrik stansiyasından getmir. Ekspert Ara Marcanyanın “Sputnik Ermənistan”a açıqlamasında vurğulandığı kimi, Rusiya təklifi yeni enerji blokunun məhz “Metsamor”un mövcud ərazisində yaradılmasını nəzərdə tutur. Yəni mövcud stansiyanın taleyi ilə yeni layihənin perspektivi bir-birindən ayrılmır. Lixaçevin İrəvan səfərinin əsas mesajı isə bundan ibarətdir: “Metsamor” hələ bağlanmaq mərhələsində deyil. Əksinə, onun ömrünün uzadılması və yeni atom blokunun yaradılması üçün hazırlıq gedir. Məhz buna görə stansiyanın təhlükəsizliyi, tullantıların idarə olunması və mümkün qəzanın regiona təsiri ilə bağlı narahatlıqların indi daha ciddi şəkildə müzakirə olunmasına ehtiyac var.
Səxavət HƏMİD
XQ