Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında ölkəmiz əleyhinə görüntülərin yerləşdirilməsi təsadüfi hadisədən daha çox, ictimai və siyasi rezonans yaratmağa hesablanmış təxribat təsiri bağışlayır”.
Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, insident ilk növbədə Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər:
“Xüsusilə son dövrdə bəzi Rusiya media resurslarında Azərbaycana qarşı qərəzli yanaşmaların artdığı bir şəraitdə belə hadisənin baş verməsi diqqət çəkir. Məqsəd iki ölkənin cəmiyyətlərində qarşılıqlı narazılıq yaratmaq, formalaşmış dialoq mühitinə zərbə vurmaq və münasibətlərin normallaşmasını istəməyən dairələrin mövqeyini gücləndirmək ola bilər".
Politoloq hesab edir ki, təxribatlar informasiya məkanında emosional reaksiyaları artıraraq real siyasi gündəmi kölgədə qoymağa xidmət edir:
"Buna görə də hadisənin arxasında duran şəxslərin müəyyənləşdirilməsi və əsas hədəfin Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq olub-olmadığının ciddi araşdırılması vacibdir".
Tural İsmayılov bildirib ki, insidentin ikitərəfli münasibətlərə təsiri Rusiyanın verəcəyi reaksiyadan asılı olacaq:
“Moskva hadisəyə operativ, obyektiv və hüquqi müstəvidə qiymət versə, onun münasibətlərə təsiri minimum səviyyədə qalar. Əks halda, araşdırmanın aparılmaması və ya ictimaiyyətə aydın izahın verilməməsi qarşılıqlı etimada xələl gətirə bilər".
O əlavə edib ki, Rusiya tərəfi hadisəni hərtərəfli araşdırmalı, məsul şəxsləri qanunvericiliyə uyğun cəzalandırmalı və Azərbaycanın diplomatik nümayəndəliyinin təhlükəsizliyini gücləndirməlidir:
"Diplomatik obyektlərin mühafizəsi Rusiyanın 1961-ci il Vyana Konvensiyası üzrə beynəlxalq öhdəliyidir və bu tələblərə tam əməl olunmalıdır. Azərbaycanın mövqeyi qarşıdurmaya deyil, hüquqi qiymət və məsuliyyət prinsipinə əsaslanır.
İnsidentə veriləcək ən düzgün cavab onu siyasiləşdirmək deyil, təşkilatçıları müəyyən edib qanunun aliliyini təmin etməkdir. Bu, həm Rusiyanın beynəlxalq öhdəliklərə hörmətinin, həm də Azərbaycan-Rusiya münasibətlərinin sabitliyinin göstəricisi olacaq".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: Moskva təxribatı Tural İsmayılov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin