Moskva TRİPP də pay əldə etməyə çalışır ŞƏRH

27.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İranın maraqları arxa plana keçə bilərZəngəzur dəhlizi uğrunda Moskva-Vaşinqton anlaşması mümkündür

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TRİPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsinin Moskva və Tehranın maraqlarına təsir etməməli olduğunu açıqlayıb. O qeyd edib ki, layihə regionda yeni bölücü xətlər yaratmamalıdır. Əks halda, nəqliyyat və logistika təşəbbüsü “uğursuzluğa məhkum olacaq”.

Moskva bununla TRİPP-in bütün tərəflərinə – Vaşinqtona, İrəvana və Bakıya xəbərdarlıq etsə də, maraqlarının nəzərə alınması imkanlarının tükənmədiyini düşündüyü üçün Tehrandan fərqli olaraq, daha ehtiyatlı yanaşma sərgiləyir.

Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, TRİPP-ə qarşı sərt ritorikanı əsasən İran irəli sürür və öz mövqeyini gücləndirmək məqsədilə zaman-zaman layihənin Rusiyaya qarşı yönəldiyini də gündəmə gətirir:

“Tehranın ritorikasını bölüşməyən Moskvanın indi xəbərdarlığa bənzər mesaj ünvanlamasının TRİPP layihəsinin praktiki icrasına start verilməsindən qaynaqlandığını düşünmək olar. Lakin İrandan fərqli olaraq, Rusiyanın TRİPP layihəsini regional maraqlarına uyğunlaşdırmaq ümidləri qalır. Moskva bu layihəyə ABŞ-la anlaşmaq imkanı kimi baxır. Vaşinqtonun Cənubi Qafqaza daxil olması üzərindən Ukrayna məsələsində siyasi bazarlıq etmək ssenarisi aktuallığını itirməyib.

Regionda nəqliyyat xətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə də birləşdirilməsi perspektivləri var və Rusiya bundan bölgədəki maraqlarını qorumaq üçün istifadə edə bilər. Tramp administrasiyasının geosiyasi planda Rusiya ilə əməkdaşlıq xəttini izləməsi də Moskvanın ümidlərini artırır.

Rusiyanın digər üstünlüyü Ermənistanın dəmir yollarını idarə etməsidir. İstisna deyil ki, Rusiya dəmir yolu məsələsində müəyyən güzəştlər qarşılığında TRİPP layihəsində iştirak etməyə, yaxud layihənin də daxil olduğu regional kommunikasiyalarda pay əldə etməyə çalışır. Buraya siyasi maraqların təmin edilməsi də daxildir.

ABŞ-ın sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounun noyabrın 25-də verdiyi açıqlama bu kontekstdə diqqət çəkir. Laytstoun bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsinin müqavilə əsasında Rusiya tərəfindən idarə olunması TRİPP layihəsinə təsir göstərəcək, lakin bu təsirin müsbət, yoxsa mənfi olacağı hələ məlum deyil. O qeyd edib ki, Rusiyanın dəmir yolunu idarə etməsinin TRİPP layihəsinin tamamlanmasına və uğurla həyata keçirilməsinə töhfə verə biləcəyi ssenarilər də var. Eyni zamanda, Rusiyanın layihəyə maneə törətmədən müstəqil fəaliyyət göstərə biləcəyi variantlar da mövcuddur”.

Politoloq qeyd edib ki, bu, ABŞ-ın TRİPP layihəsi və regional kommunikasiyalar məsələsində Rusiya ilə işləmək imkanından tamamilə imtina etmədiyini göstərir:

“Moskva da TRİPP-lə bağlı xəbərdarlıq etməklə ABŞ-a "maraqlarımız nəzərə alınmasa, layihə baş tutmaya bilər" mesajını verir. Bu, təhdiddən daha çox, anlaşmaq və maraqlarının nəzərə alınması üçün əlində kifayət qədər imkanların olduğunu nümayiş etdirməyə bənzəyir.

Bu baxımdan, layihədə Tramp administrasiyası ilə anlaşmaq imkanlarını dəyərləndirən Moskva buna nail olarsa, Tehranın maraqlarını nəzərə almayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью