Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimal qonşumuzun Cənubi Qafqazın yeni nəqliyyat xəritəsində mövqe axtarışı
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının gələcəyi ətrafında müzakirələr yeni mərhələyə daxil olur. ABŞ Prezidenti Donald Trampın adı ilə bağlı TRIPP layihəsi Ermənistan ərazisindən keçəcək xətt olmaqla yanaşı, regionun iqtisadi əlaqələrinə və geosiyasi mənzərəsinə təsir göstərə biləcək təşəbbüs kimi təqdim edilir. Bu şəraitdə layihənin kimlərin iştirakı ilə və hansı qaydada həyata keçiriləcəyi xüsusi əhəmiyyət daşıyır. Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlaması da həmin müzakirələr fonunda diqqət çəkir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn S.Lavrov səfərin yekunlarına dair paytaxtımızda keçirdiyi mətbuat konfransında bildirib ki, Moskva Ermənistan və Azərbaycandan TRIPP layihəsində iştirakla bağlı heç bir müraciət almayıb. Bununla belə, onun sözlərinə görə, bütün maraqlı tərəflər Rusiyanın imkanlarından və əməkdaşlığa hazır olmasından xəbərdardır. XİN başçısı Moskvanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını və Vaşinqtonda əldə olunmuş razılaşmanı dəfələrlə alqışladığını vurğulayıb. O, Rusiyanın regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu deyərək Ermənistanın dəmir yolu şəbəkəsinin Rusiya konsessiya idarəçiliyində olmasını xatırladıb.
Bu açıqlamada iki məqam seçilir. Birincisi, Rusiya layihəyə qoşulmaq üçün rəsmi müraciət almadığını açıq şəkildə bildirir. İkincisi isə, Moskva özünün regionun dəmir yolu infrastrukturu ilə bağlı təcrübəsini və mövcud idarəetmə mövqeyini mümkün iştirak üçün əsas kimi önə çəkir. Deməli, söhbət hələ konkret razılaşmadan deyil, Rusiyanın gələcək prosesdə nəzərə alınmaq istəyindən gedir.
Moskvanın mesajı: hazırıq, amma dəvət gözləyirik
Lavrovun açıqlaması Rusiyanın TRIPP-dən kənarda qalmaq istəmədiyini göstərir. Layihənin siyasi çərçivəsi Vaşinqtonda formalaşsa da, Moskva regionun nəqliyyat gündəliyində öz mövqeyini qorumağa çalışır. Ermənistan dəmir yollarının konsessiya əsasında Rusiya şirkətinin idarəçiliyində olması onun əsas arqumentlərindəndir. Moskva bu şəbəkənin texniki xüsusiyyətlərini və istismar qaydalarını yaxşı bildiyini vurğulayır. Lakin infrastrukturun bir hissəsini idarə etmək yeni layihədə avtomatik iştirak hüququ yaratmır. TRIPP-in idarəetmə modeli, tərəflərin səlahiyyətləri, təhlükəsizlik və gömrük prosedurları ayrıca razılaşdırılmalıdır. Mövcud dəmir yolu idarəçiliyi ilə yeni marşrutun hüquqi-siyasi çərçivəsi eyni deyil. Deməli, Moskvanın təcrübəsi üstünlük sayıla bilər, amma layihəyə qoşulmaq üçün təkbaşına kifayət etmir.
TRIPP yalnız nəqliyyat dəhlizi deyil
TRIPP ətrafında gedən müzakirələrin əsas səbəbi layihənin regional bağlantılara mümkün təsiridir. Ermənistan ərazisindən keçəcək marşrutun reallaşması Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması, daha geniş mənada isə Şərq–Qərb istiqamətində yükdaşımaların imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Belə bir xətt region ölkələri üçün yeni iqtisadi imkanlar yarada, ticarət dövriyyəsini genişləndirə və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə kömək edə bilər. Layihənin perspektivini təkcə relslərin çəkilməsi müəyyən etməyəcək. Marşrutun hüquqi rejimi, Ermənistanın suveren yurisdiksiyası, sərhəd və gömrük nəzarətinin qaydaları aydınlaşdırılmalıdır. Bununla yanaşı, tariflər, təhlükəsizlik, texniki standartlar və digər nəqliyyat xətləri ilə uzlaşma məsələləri də həllini tapmalıdır.
Bu baxımdan TRIPP-ə geosiyasi rəqabət prizmasından yanaşmaqla yanaşı, onun praktiki işləkliyini də nəzərə almaq lazımdır. Regionun nəqliyyat xəritəsində yeni bağlantının yaranması müxtəlif tərəflərin maraqlarını uzlaşdıra bilər. Əksinə, layihə siyasi təsir uğrunda mübarizənin alətinə çevrilərsə, onun icrası əlavə çətinliklərlə üzləşə bilər. Buna görə də layihənin gələcəyi yalnız hansı güc mərkəzinin prosesdə iştirak etməsi ilə deyil, iştirakın hansı şərtlərlə və hansı məqsədlərlə həyata keçirilməsi ilə ölçülməlidir.
Rusiya və regional nəqliyyat layihəsi
Moskvanın əsas arqumenti Ermənistanın dəmir yolu sistemindəki mövcud mövqeyidir. Rusiya tərəfi bu infrastrukturu tanıdığını və onun texniki xidmətinin rusiyalı mütəxəssislər tərəfindən həyata keçirildiyini bildirir. Bu amil, xüsusilə dəmir yolu standartlarının uyğunlaşdırılması və mövcud şəbəkə ilə əlaqələndirmə məsələlərində, Rusiyanın təcrübəsini faydalı edə bilər. Bununla belə, layihəyə real qoşulma siyasi razılıq, iqtisadi maraqların uzlaşdırılması və tərəflərin etimadını tələb edir.
Ermənistan üçün əsas məsələ nəqliyyat bağlantılarının açılmasından əldə ediləcək iqtisadi faydanı qorumaqla yanaşı, qərarvermə səlahiyyətini və suveren nəzarəti təmin etməkdir. İrəvan bir tərəfdən ABŞ-la razılaşdırılmış çərçivəni həyata keçirməyə, digər tərəfdən isə Rusiya ilə mövcud iqtisadi və infrastruktur münasibətlərini nəzərə almağa məcburdur. Bu iki istiqamətin necə uzlaşdırılacağı hələ aydın deyil.
Azərbaycanın yanaşması isə layihənin real nəticələrinə, kommunikasiyaların açılmasına və nəqliyyat imkanlarının genişlənməsinə bağlıdır. Bakı üçün marşrutun işlək, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli olması, razılaşdırılmış prinsiplərin həyata keçirilməsi vacibdir. Rusiyanın iştirakı bu məqsədlərə xidmət edərsə, onun təcrübəsi nəzərdən keçirilə bilər. Ancaq yeni iştirakçılar layihənin siyasi çərçivəsini dəyişməməli və icranı ləngitməməlidir.
Geosiyasi rəqabət, yoxsa əməkdaşlıq?
TRIPP ABŞ üçün regionda iqtisadi bağlantıları gücləndirmək və diplomatik təşəbbüsünü konkret infrastruktura çevirmək imkanıdır. Rusiya üçünsə layihə həm təsir imkanlarını qorumaq, həm də regional nəqliyyat şəbəkələrindəki mövcud rolunu davam etdirmək məsələsidir. Ermənistan və Azərbaycan üçün isə əsas nəticə kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və uzunmüddətli sabitliyə xidmət edən praktiki əməkdaşlığın yaranması olmalıdır.
Bu maraqların hamısı mütləq şəkildə bir-birinə zidd deyil. Nəqliyyat layihələri müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilə bilər. Lakin bunun üçün idarəetmə qaydaları aydın, məsuliyyət bölgüsü dəqiq, iqtisadi şərtlər şəffaf olmalıdır. Əks halda, iştirak məsələsi texniki əməkdaşlıqdan çıxaraq siyasi təzyiq vasitəsinə çevrilə, layihənin icrasını çətinləşdirə bilər. Moskvanın hazır olduğunu bildirməsi hələ onun layihəyə qəbul ediləcəyi anlamına gəlmir; eyni zamanda, müraciətin olmaması Rusiyanın gələcəkdə heç bir rol oynamayacağını da sübut etmir.
Lavrovun açıqlaması indiki mərhələdə daha çox siyasi siqnal kimi qiymətləndirilə bilər. Rusiya öz imkanlarını xatırladır və regiondakı nəqliyyat gündəliyində nəzərə alınmaq istədiyini bildirir. İndi əsas sual Moskvanın iştirak istəyindən daha çox, bu istəyin hansı konkret təklifə çevriləcəyi və Bakı ilə İrəvanın onu hansı meyarlarla qiymətləndirəcəyidir.
Nəticə etibarilə, TRIPP-in gələcəyini təkcə böyük güclərin iddiaları deyil, Azərbaycanın və Ermənistanın razılaşdırılmış prinsiplərə sadiqliyi, hüquqi-texniki mexanizmlərin aydınlığı müəyyən edəcək. Rusiya iştirak etmək istəyirsə, təcrübəsini konkret və qarşılıqlı faydalı təklifə çevirməlidir.
S.NAZİMOĞLU
XQ