Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Rusiya paytaxtında Moskva Dövlət İdman və Turizm Universitetinin beş kampusunun hamısında təxliyə həyata keçirilib.
AZƏRTAC RBK-ya istinadla xəbər verir ki, universitetin qəbul şöbəsi hüquq-mühafizə orqanlarının hadisə yerində olduğunu və lazımi xidmətlərin çağırıldığını dəqiqləşdirib.
Bundan əlavə, D.İ.Mendeleyev adına Rusiya Kimya Texnologiyaları Universitetində (RKTU) tələbələr və işçilərin təxliyəsi səbəbindən dərslər ləğv edilib. Bu barədə universitetin mətbuat xidmətindən TASS-a məlumat verilib. Moskva Dövlət Psixologiya və Təhsil Universiteti (MSUPE) anonim məlumat aldıqdan sonra tələbələri və işçiləri distant təhsilə keçirib.
“Anonim məlumat alınıb. Universitetin təhlükəsizlik xidməti dərhal Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Federal Təhlükəsizlik Xidmətinə məlumat verib. Bütün tələbələr və işçilər distant təhsilə keçirilib. Heç bir təşviş yoxdur, xidmətlər işləyir”, - deyə universitetin mətbuat xidməti TASS-a verdiyi açıqlamada bildirib.
“Moskva onlayn” tələbələrə istinadla GITIS, Dövlət Təhsil Universiteti (GUP), Xamovnikidəki Plexanov adına Rusiya İqtisadiyyat Universiteti Kollecinin, Seçenov Universitetinin, Müasir İncəsənət İnstitutunun (ISI) və A.N. Kosıgin adına Rusiya Dövlət Universitetinin təxliyəsi barədə məlumat verir.
“Ostorojno, Moskva” adlı “Telegram” kanalı GITIS-in bomba təhlükəsi xəbərdarlığı aldığını və bundan sonra institutun Kislovski küçəsindəki əsas binasının təxliyə edildiyini bildirir. Kanalın məlumatına görə, paytaxtda Moskva Beynəlxalq Universiteti, Rusiya Xarici Ticarət Akademiyası (VAVT), Kino və Televiziya İnstitutu (GITR) və Moskva Texniki Rabitə və İnformatika Universiteti (MTUCI) da təxliyə edilib.