Moskvada “IRS Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

11.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva, 11 noyabr, AZƏRTAC

Moskvada “IRS-Naslediye” jurnalının növbəti nömrəsi nəşr olunub. Nömrənin əsas mövzusu Azərbaycanda silah istehsalının tarixi, sənətkarlıq ənənələri və silahın xalq mədəniyyətindəki yeridir.

AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı “Silah: tarixdən müasirliyə” adlı baş məqaləsində mövzunun Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbənin növbəti ildönümü ilə bağlı seçildiyini qeyd edir. Jurnalın bu nömrəsi Bakıda keçiriləcək “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans ərəfəsində hazırlanıb.

Nəşrdəki məqalələrdən biri Azərbaycan qəhrəmanlıq eposu olan “Koroğlu”dakı qılınca həsr olunub. Müəllif dastanı soyuq silahın ən qədim növlərindən biri haqqında məlumat verən mənbə kimi araşdırır.

Digər məqalədə Azərbaycanda geniş yayılmış qədim Şərq silahı olan şəmşirdən bəhs edilir. Burada şəmşirlə bağlı rəvayətlərə və bu silahın bədii xüsusiyyətlərinə xüsusi diqqət yetirilir.

Jurnalın yeni nömrəsinə, həmçinin Naxçıvanda silah sənətkarlığının tarixinə və Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasında nümayiş etdirilən Qarabağ xanları nəslinə məxsus silah kolleksiyasına dair materiallar daxildir. Musa Mərcanlının qeyd edir ki, bu mövzuda dərc olunan məqalələrin əksəriyyətinin əsasını muzey ekspozisiyaları təşkil edir.

Nəşrdə Azərbaycanın tarixi və mədəniyyətinə dair digər məqalələr də yer alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью