Moskvada restoranda partlayış

02.08.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən “Balzi Rossi” restoranında baş verən partlayışla bağlı yeni təfərrüatlar açıqlanıb.

Milli Antiterror Komitəsinin (NAK) məlumatına görə, avqustun 1-də Kudrinskaya meydanındakı restoranda keçirilən özəl tədbir zamanı əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin məlumata əsasən, partlayıcı qurğunu daşıyan qadın, onun restorana daxil olmasının qarşısını almağa çalışan mühafizəçi və tədbir iştirakçılarından biri hadisə yerində həlak olub. Daha 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Rusiyanın REN TV telekanalı isə sonradan xəstəxanada daha iki nəfərin öldüyünü bildirərək, ölənlərin sayının beşə yüksəldiyini açıqlayıb.

“Kommersant” nəşrinin yazdığına görə, partlayışın əsas hədəfi restoranda keçirilən tədbirin iştirakçıları olub.

Bununla yanaşı, Rusiyanın bir sıra “Telegram” kanalları partlayışın hədəfinin həmin restoranda ad gününü qeyd etdiyi iddia edilən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı Aleksandr Çayko olduğunu irəli sürüb.

İddialara görə, ad günü mərasimində Rusiya Silahlı Qüvvələrinin çoxsaylı yüksək rütbəli hərbçiləri də iştirak ediblər.

Rəsmi qurumlar isə hələlik partlayışın konkret hədəfi və bu iddialarla bağlı açıqlama verməyib. Buna görə də Aleksandr Çaykonun hücumun əsas hədəfi olması barədə məlumat müstəqil şəkildə təsdiqlənməyib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью