Moskvadakı anti Azərbaycan məzmunlu təxribat nəyə hesablanıb?

27.08.2026

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


27 avqust tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında törədilmiş anti-Azərbaycan məzmunlu təxribat sadəcə fərdi müstəvidə baş vermiş vandalizm və ya xuliqanlıq aktı kimi dəyərləndirilə bilməz. Bu hadisə beynəlxalq hüququn norma və prinsiplərinə zidd, qəbuledilməz davranışları ehtiva edən, regional siyasətdə cərəyan edən gərginliklər prizmasından qiymət verilməli olan kompleks siyasi-hüquqi insidentdir.
​Məlumdur ki, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, qəbul edən dövlətin - indiki halda Rusiya Federasiyasının üzərinə diplomatik nümayəndəlik binalarını hər cür təcavüzdən, zərər vurulmaqdan, sakitliyinin pozulmasından və ya diplomatların və personalın şərəfinin təhqir olunmasından qorumaq üçün xüsusi öhdəlik qoyulur. Səfirliyin qonaq evi də diplomatik missiyanın tərkib hissəsi və toxunulmaz ərazi sayıldığından, orada suveren dövlətin əleyhinə təxribat xarakterli əməllərin törədilməsi Rusiyanın diplomatik təhlükəsizlik öhdəliklərinin icrasında məqsədli boşluqların olduğunu göstərir.
Siyasi baxımdan isə bu insident daha geniş kontekstdə — son dövrlər Rusiya mediasında Azərbaycana qarşı aparılan sistematik və qərəzli informasiya kampaniyasının praktiki təzahürü kimi çıxış edir. Daha kəskin formada desək, səfirlik qarşısındakı addım informasiya müharibəsinin fiziki təxribat müstəvisinə keçdiyini və Bakı ilə Moskva arasında mövcud olan diplomatik balansı pozmaq cəhdlərini nümayiş etdirir.
Bu çərçivədə Bakının Azərbaycan Xarici İşlər Nazirliyinin adekvat və sərt reaksiyasında ehtiva olunan mövqeyi yaınız təxribatın araşdırılmasına yox, eyni zamanda beynəlxalq öhdəliklərinə zidd davranışların regionun təhlükəsizlik arxitekturası və qonşuluq münasibətlərinə zərər vurması barədə xəbərdarlıqdır. Rəsmi Bakı haqlı olaraq açıq şəkildə bəyan edir ki, strateji tərəfdaşlıq və ya müttəfiqlik yalnız kağız üzərindəki bəyanatlarla deyil, qarşılıqlı suverenliyə hörmət və diplomatik missiyaların təhlükəsizliyinin real təminatı ilə ölçülür. Yəni indiki balda Moskvanın hadisəyə verəcəyi hüquqi qiymət və görəcəyi preventiv tədbirlər ikitərəfli əlaqələrin gələcək dinamikası üçün mühüm sınaq meyarı ola bilər.
Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью