Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiyada mümkün səfərbərlikdən yayınmaq istəyən şəxslərin Ermənistana gələ bilməsi ilə bağlı fikirlərini kəskin tənqid edib. Moskva bu açıqlamanı Rusiya-Ermənistan münasibətlərinə zərər vuran təxribatçı bəyanat kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, Mariya Zaxarova bildirib ki, Alen Simonyan əvvəlki vəzifəsində də Rusiya-Ermənistan münasibətləri ilə bağlı dəfələrlə mübahisəli açıqlamalar verib.
Onun sözlərinə görə, Simonyan müsahibə zamanı Rusiyada mümkün səfərbərliklə bağlı sualı cavablandırarkən Moskvanın dəfələrlə təkzib etdiyi iddiaları yenidən gündəmə gətirib.
Zaxarova bunu “qəsdən təxribat xarakterli” yanaşma kimi qiymətləndirib və bildirib ki, belə açıqlamalar iki ölkə arasında əməkdaşlığa mənfi təsir göstərir.
Rusiya XİN rəsmisi həmçinin qeyd edib ki, rəsmi İrəvanın Moskva ilə münasibətlərə zərər verən bəyanatlarının davam etməsi təəssüf doğurur. Onun fikrincə, Simonyanın sözləri Rusiya vətəndaşlarını qanunsuz addımlara təşviq edən siyasi məna daşıyır.
Zaxarova əlavə edib ki, Simonyan 2026-cı ilin fevralında Rusiyaya səfəri zamanı Rusiya-Ermənistan münasibətlərinin inkişafının vacibliyindən danışsa da, son açıqlamaları bununla ziddiyyət təşkil edir.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalına müsahibəsində Ermənistana Rusiyadan yeni miqrasiya dalğasının mümkünlüyü ilə bağlı suala cavab verib.
Simonyan bildirib ki, Ermənistan hakimiyyəti ölkəyə gəlmək istəyən Rusiya vətəndaşlarına mane olmaq niyyətində deyil. Onun sözlərinə görə, həmin şəxslər Ermənistanda axtardıqlarını tapa və uyğun hesab etdikləri vaxt Rusiyaya geri qayıda bilərlər.
Müsahibə zamanı Simonyan həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla bağlı məsələlərə, ölkənin Avropa İttifaqına inteqrasiya perspektivlərinə və Ermənistanın KTMT-dən mümkün çıxışına toxunub.
Murad İsmayıl