Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Rusiyanın İran ətrafında gərginliyi azaltmaq üçün səyləri ancaq hadisələri izləməkdən ibarət olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun İran ətrafında artmaqda olan gərginliyi azaltmaq üçün Moskvanın səy göstərməkdə davam edəcəyi barədə bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Rusiya yaxın ətrafında müharibə ocağının alovlanmasını, təbii ki, istəmir:
"Amma İran rejiminin iddiaları və öz xalqına qarşı etdikləri son vəhşiliklər onun legitimliyini şübhə altına alıb".
Politoloq bildirir ki, Rusiyanın, Peskovun qeyd etdiyi kimi, gərginliyi azaltmaq üçün səylər göstərməsi imkanları məhduddur:
"Əgər İrana hücum olacaqsa, burada Rusiyanın edə biləcəyi elə də çox iş yoxdur. 12 günlük müharibədə də bunun şahidi olduq. Rusiya, əslində, bu kimi gərginliklər dövründə prosesə əvvəlki kimi müdaxilə etmək imkanlarını xeyli dərəcədə itirib. Bunu Venesuelaya təşkil olunmuş əməliyyat zamanı da gördük".

Ekspertin fikrincə, ABŞ İrana zərbələr endirəcəyi təqdirdə, Rusiyanın gərginliyi azaltmaq üçün səyləri ancaq mülayim bəyanatlar verməklə bitəcək:
"Moskva indiki məqamda hərbi və siyasi olaraq ancaq mülayim bəyanatlarla kifayətlənə bilər. Rusiyanın bundan o yana hər hansı bir addım atacağı gözlənilmir".
Ancaq həmsöhbətimizə görə, ABŞ İrana zərbə endirməyi qət etsə, Rusiyanın bu bəyanatları da hər hansı bir nəticə verməyəcək:
"Rusiya indi ABŞ-dan asılı vəziyyətdədir. Ona görə də Putin Trampı qəzəbləndirən əməllərdən çəkinir. Kreml Rusiyaya aid kölgə donanmasının gəmilərini həbs edənlərə belə cavab vermək iqtidarında deyil. Bu baxımdan hesab edirəm ki, Rusiya ancaq hadisələri izləməklə məşğul olacaq – Suriyada olduğu kimi".
Qeyd edək ki, ABŞ-ın İrana hərbi zərbə endirməsi ehtimalının yüksəlməsi fonunda, başı Ukraynada müharibəyə qarışan Rusiya tərəfi bu istiqamətdə gərginliyi azaltmaq üçün səylərini davam etdirəcəyini bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın İrana mümkün hücumu Yaxın Şərqdə ciddi şəkildə qeyri-sabitlik yaradacaq. Bütün tərəfləri təmkinli olmağa çağıran Kreml sözçüsü onu da əlavə edib ki, Rusiya gərginliyin azaldılmasına kömək etmək üçün səylərini davam etdirir.
"Bu halda biz yenə də bütün maraqlı tərəflərdən təmkin gözləmək və onların təcili hesab etdiyi məsələlərin həllində yalnız dinc danışıqlara diqqət yetirmək istərdik", deyə o əlavə edib.
Rüfət Sultan