Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması və münaqişənin dondurulması istiqamətində ABŞ, Rusiya və Avropa İttifaqı arasında yeni danışıqlar mərhələsinin başlanması gözlənilir. Avropa İttifaqı danışıqlarda E-5 formatında təmsil olunacaq və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropanı təmsil edəcək”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:
“Eyni zamanda, Avropa ilə Rusiya arasında vasitəçilik missiyasını Finlandiya prezidenti Aleksandr Stubbın üzərinə götürüb. Onun Putin i ilə təmasları danışıqların müsbət təsir edib.
Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya tərəfinin irəli sürdüyü şərtlər isə kifayət qədər sərt və geniş geosiyasi tələbləri əhatə edir. Bu tələblər sırasında Finlandiyanın NATO-dan çıxması, Baltikyanı ölkələrdə NATO hərbi qüvvələrinin yerləşdirilməsinə son qoyulması, Alyansın 1997-ci il sərhədlərinə geri çəkilməsi, Ukraynanın NATO üzvlüyündən imtina etməsi kimi məsələlər yer alır. Həmçinin Moldova Avropa İttifaqına üzv olacağı təqdirdə Dnestryanı bölgədə və Qaqauziyada siyasi müstəqilliklə bağlı referendum keçirilməsi məsələsinin gündəmə gətirib. Bunun müqabilində Rusiya Dnestryanı bölgədən qoşunlarını, Belarusdan isə taktiki nüvə silahlarını və ballistik raketlərini çıxarmağa hazır olduğunu irəli sürür.
Göründüyü kimi, Moskva danışıqlar masasında yalnız Ukrayna ilə bağlı deyil, bütövlükdə Şərqi Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirməyə yönəlmiş tələblər irəli sürür. Bu isə Rusiyanın regionda öz təsir dairəsini genişləndirmək və Avropanın şərqində yeni geosiyasi reallıq yaratmaq niyyətindən xəbər verir.
Digər tərəfdən, Ukraynanın Rusiyanın hərbi və strateji hədəflərinə qarşı zərbələrini intensivləşdirməsi, o cümlədən Krım körpüsünün hədəfə alınması müharibədə qarşılıqlı təzyiq strategiyasının davam etdiyini göstərir. ABŞ-ın Ukraynaya hərbi dəstəyi və Rusiyanın strateji obyektlərinə qarşı əməliyyat imkanlarının genişlənməsi də Moskvanın danışıqlardakı mövqeyinə təsir göstərmək məqsədi daşıya bilər. Tramp administrasiyası Putinə müəyyən siyasi güzəştlər nümayiş etdirdikcə, Rusiya tərəfinin daha geniş tələblərlə çıxış etməsi Vaşinqtonun yanaşmasına yenidən baxmasına səbəb olub. Krım körpüsünün vurulması məhz prosesin tərkib hissəsidir.
Hazırda əsas müzakirə mövzularından biri Donbas məsələsidir. ABŞ-ın mümkün yanaşmalarından biri ərazi məsələsində güzəşt müqabilində Ukraynanın təhlükəsizlik təminatlarının, o cümlədən NATO üzvlüyünü gündəmə gətirilməsidir. Lakin belə bir razılaşmanın həm Kiyev, həm də Moskva tərəfindən qəbul edilməsi ciddi suallar doğurur. Zelenski administrasiyası ərazi güzəştlərinə gedəcəyi təqdirdə bu qərarın referendum yolu ilə təsdiqlənməsi məsələsini qeyd edir. Eyni zamanda, Rusiyanın Ukraynanın NATO üzvlüyü ilə bağlı mövqeyini dəyişib-dəyişməyəcəyi açıq qalır. Əgər, Rusiya mövcud şərti qəbul etsə, atəşkəs əldə edilə bilər.
Avropa İttifaqı isə ərazi məsələsində Rusiyanın irəli sürdüyü tələblərlə razılaşmaq niyyətində olmadığını nümayiş etdirir. Avropa üçün əsas prioritet Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də Şərqi Avropanın təhlükəsizlik sisteminin Rusiyanın diktəsi altında formalaşmasının qarşısını almaqdır”.
Onun fikrincə, hazırkı mərhələdə tərəflər bir-birinə həm diplomatik, həm də hərbi müstəvidə güc nümayiş etdirirlər:
“ABŞ-ın Ukraynaya dəstəyini artırması və Ukraynanın Rusiyanın strateji hərbi obyektlərinə zərbələr endirməsi Moskvanı danışıqlarda daha real mövqe tutmağa məcbur etmək məqsədi daşıya bilər. Çünki Putin danışıqlar prosesindən istifadə edərək maksimum siyasi və geosiyasi güzəştlər əldə etməyə çalışır.
Bununla belə, danışıqlar prosesinin davam etməsi müəyyən müsbət nəticələrin əldə olunması üçün imkan yaradır. Atəşkəs və münaqişənin dondurulması istiqamətində ilkin razılaşmaların əldə edilməsi mümkün olsa da, bunun uzunmüddətli sülhə çevrilməsi tərəflərin təhlükəsizlik maraqlarının nə dərəcədə uzlaşdırılmasından asılı olacaq”.
Günay