Moskvanın yeni “turizm” diplomatiyası

07.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qafqaz niyə rusiyalılar üçün “təhlükəli zona” elan edilir?

Rusiya–Ermənistan siyasi münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyur. Bu dəfə söhbət nə enerji layihələrindən, nə hərbi əməkdaşlıqdan, nə də iqtisadi sanksiyalardan gedir. Moskva Ermənistana qarşı daha fərqli təsir mexanizmini gündəmə gətirib: hədəfdə turizmdir. Kreml açıq şəkildə bəyan edib ki, əgər Rusiya vətəndaşlarının Ermənistanda üçüncü ölkələrin sorğuları əsasında saxlanılması davam edərsə, ölkə vətəndaşlarına bu ölkəyə səfər etməmək tövsiyə olunacaq. İlk baxışdan, bu, vətəndaşların təhlükəsizliyi ilə bağlı adi xəbərdarlıq təsiri bağışlayır. Əslində isə daha geniş geosiyasi kontekstin tərkib hissəsidir.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan ilə telefon danışığında Moskvanın Ermənistan ərazisində Rusiya vətəndaşlarının saxlanılması hallarının artmasından narahatlığını bildirib. V.Matviyenkonun sözlərinə görə, əgər bu praktika davam edərsə, Rusiya öz vətəndaşlarına Ermənistana səfər etməməyi tövsiyə etmək məcburiyyətində qalacaq. Bu açıqlama təsadüfi səslənməyib. Çünki son illər müxtəlif ölkələrdə beynəlxalq axtarışda olan və ya üçüncü dövlətlərin hüquqi sorğuları əsasında saxlanılan Rusiya vətəndaşlarının sayı artıb. Moskva bunu öz vətəndaşları üçün hüquqi təhlükə hesab edir və Ermənistanı belə halların qarşısını almağa çağırır. Şübhəsiz ki, Kremlin narahatlığı yalnız konsulluq məsələləri ilə məhdudlaşmır.

Telefon danışığında tərəflər parlamentlərarası əlaqələr, mədəni-humanitar əməkdaşlıq və ikitərəfli münasibətlərin digər istiqamətlərini müzakirə etsələr də, söhbətin əsas siyasi hissəsi Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursuna həsr olunub. Matviyenko bildirib ki, Ermənistanın Aİ-yə üzvlük istəyi onun Avrasiya İqtisadi İttifaqındakı iştirakına ziddir. O, Moskva ilə İrəvan arasındakı münasibətləri “birtərəfli hərəkət olan küçə”yə bənzədib. Qeyd edib ki, Ermənistan rəhbərliyi Rusiya ilə strateji tərəfdaşlıqdan danışsa da, atdığı addımlar tamamilə başqa istiqamətə yönəlib.

Maraqlıdır ki, Matviyenko Ermənistanın gələcək xarici siyasət kursunun referendum yolu ilə müəyyən edilməsini dəstəklədiyini bildirib. Bu mövqe təsadüfi deyil. Baş nazir Nikol Paşinyan daha əvvəl demişdi ki, ölkə Aİ-yə namizəd statusu əldə etdikdən sonra bu quruma üzvlüklə bağlı referendum məsələsi gündəmə gələcək. Hazırda isə İrəvan hələ Brüsselə rəsmi üzvlük müraciəti etməyib.

Ermənistanda bu mövzuda vahid mövqe yoxdur. Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan hesab edir ki, Aİ-yə yaxınlaşma ölkə üçün ciddi iqtisadi nəticələr doğura bilər. Onun fikrincə, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də Rusiya ilə ailə və iqtisadi əlaqələrə malikdir və buna görə də Avropa istiqamətində kəskin dönüşə hazır deyil.

Bütün bunların fonunda diqqəti cəlb edən əsas məqam Rusiyanın istifadə etdiyi vasitədir. Kreml son illər turizmi getdikcə xarici siyasətin yumşaq güc elementinə çevirib. Əgər əvvəllər siyasi təzyiq vasitələri kimi enerji, ticarət, miqrasiya və əmək bazarı ön plana çıxırdısa, indi bu siyahıya turist axını da əlavə olunub.

***

Rusiyalı turistlərin bir sıra ölkələrin iqtisadiyyatında mühüm paya malik olması Moskvanın əlində ciddi təsir imkanları yaradır. Xüsusilə Cənubi Qafqaz kimi regionlarda bu ölkənin vətəndaşlarının turizm, daşınmaz əmlak, xidmət və kiçik biznes sahələrindəki rolu böyükdür. Buna görə də turist axınının azalması təkcə hotellər, restoranlar və turizm şirkətləri üçün deyil, ümumilikdə, iqtisadi dövriyyə üçün ciddi itkilər yaradır. Bu baxımdan, Kremlin “getməyin” çağırışı yalnız vətəndaşlarına ünvanlanan təhlükəsizlik xəbərdarlığı deyil, eyni zamanda, həmin ölkələrin hakimiyyətlərinə verilən siyasi mesajdır.

Onu da qeyd edək ki, turizm axınına təsir etmək Moskva üçün yeni siyasət aləti deyil. Son illərin təcrübəsi göstərir ki, Rusiya müxtəlif siyasi gərginliklər fonunda nəqliyyat və turizm imkanlarından təsir mexanizmi kimi istifadə edib. Gürcüstana uçuşların dayandırılması, ayrı-ayrı Avropa ölkələri və Baltikyanı dövlətlərə səyahətlə bağlı səsləndirilən xəbərdarlıqları göstərir ki, Moskva turizm məsələsini artıq diplomatik münasibətlərin bir hissəsi kimi qiymətləndirir. İndi Ermənistan bu siyasətin yeni hədəflərindən biridir.

Ermənistan nümunəsində məsələ yalnız turistlərin təhlükəsizliyi ilə izah olunmur. Burada əsas amil İrəvanın son illərdə dəyişən xarici siyasət kursudur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək cəhdləri, ABŞ və Fransa ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsi Moskvanın narahatlıqla izlədiyi proseslərdir. Rusiya bu addımları Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarına meydan oxuma kimi qiymətləndirir.

Bu səbəbdən Moskva təkcə siyasi bəyanatlarla kifayətlənmir, həm də iqtisadi və humanitar əlaqələr üzərindən təsir imkanlarını nümayiş etdirir. Turizm xəbərdarlığı da həmin alətlərdən biridir. Yəni məsələ yalnız rusiyalı turistin hansı istiqamətə səfər etməsi deyil; söhbət, eyni zamanda, İrəvana verilən daha geniş siyasi siqnaldan gedir. Yəni Rusiyanın maraqlarından kənara çıxan xarici siyasət kursunun ikitərəfli münasibətlərin müxtəlif sahələrində nəticələri ola bilər.

Mövzu ilə bağlı siyasi icmalçı Mübariz Göyüşlü XQ-yə bildirdi ki, bütün bunlar Cənubi Qafqaza münasibətdə yeni tendensiyanın formalaşdığını göstərir: “Son illər Rusiya informasiya məkanında region getdikcə daha çox “riskli zona” kimi təqdim olunur. Gürcüstan, indi isə Ermənistan barədə verilən mesajlar onu göstərir ki, Moskvanın siyasi prioritetləri dəyişdikcə “təhlükəli ölkə” anlayışı da dəyişir. Yəni Kremlin strateji orbitindən uzaqlaşan və Qərblə inteqrasiyanı gücləndirən dövlətlər tədricən həm informasiya məkanında, həm də turizm siyasətində “riskli istiqamət” kimi təqdim edilir. Təhlükəsizlik arqumenti siyasi alətə çevrilir.

Rusiyanın narahat olduğu digər məqam isə Ermənistanın Qərb ölkələrinin hüquq-mühafizə orqanları ilə əməkdaşlığının genişlənməsidir. Üçüncü dövlətlərin sorğuları əsasında Rusiya vətəndaşlarının saxlanılması məsələsinin bu qədər qabardılması da bununla bağlıdır. Kreml bununla göstərmək istəyir ki, Ermənistan artıq Rusiya vətəndaşları üçün əvvəlki kimi etibarlı hüquqi məkan deyil”.

Ekspert onu da qeyd etdi ki, turizm artıq, sadəcə, istirahət və səyahət sahəsi deyil, geosiyasi təsir vasitəsidir: “Kreml üçün rusiyalı turist yalnız səyahət edən vətəndaş deyil, həm də xarici siyasətdə təsir rıçağıdır. Hansı ölkəyə səfərin tövsiyə olunması, hansından isə çəkinməyə çağırış edilməsi təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda, siyasi mesajdır. Ermənistan ətrafında baş verənlər “turist diplomatiyası”nın Cənubi Qafqazda yeni mərhələyə keçdiyini göstərir və bu tendensiya davam edərsə, regionda geosiyasi rəqabət təkcə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində deyil, turizm üzərindən də aparılacaq”.

P.ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью