Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Tramp-Putin-Zelenski sammitini təklif edib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Axios” danışıqlardan xəbərdar iki mənbəyə istinadən xəbər yazıb.
Məlumata görə, Moskvaya gizli səfəri zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff münaqişəyə son qoymaq üçün ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş təklif edib.
Retkliffin Moskvaya səfəri onun Rusiya və Ukrayna arasında danışıqlarda irəliləyiş əldə etmək üçün Tramp administrasiyasının diplomatik səylərində ilk şəxsi iştirakı olub.
Retkliff Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və FSB direktoru Aleksandr Bortnikovla görüşüb. Səfərin məqsədlərindən biri Rusiya kəşfiyyat xidmətlərinin rəhbərlərinin Vladimir Putini ABŞ-nin vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara qayıtmağa inandıra bilib-bilməyəcəyini müəyyən etmək idi.
Cümə günü Amerika rəsmiləri Zelenskiyə Retkliffin Moskvadakı danışıqları və üçtərəfli sammit təklifi barədə məlumat veriblər.
Belə bir görüşün ideyası artıq Tramp administrasiyası tərəfindən irəli sürülmüşdü; Zelenski bunu dəstəkləsə də, Putin əvvəllər təklifi rədd etmişdi.
“Axios” mənbələrinə görə, Ratkliff Rusiya tərəfi ilə sülh danışıqlarının bərpası imkanlarını da müzakirə edib.
Bir müddət əvvəl “The New York Times” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Bortnikova cəbhədəki vəziyyəti mənfi qiymətləndirdiyini və vəziyyətin daha da pisləşməzdən əvvəl Moskvanı razılığa gəlməyə çağırdığını bildirmişdi.
Moskva görüşlərindən sonra Ratkliff Bortnikovun diplomatik səylərdə konstruktiv iştirakçı ola biləcəyi və danışıqların bərpasına kömək edə biləcəyi qənaətinə gəlmişdi. Mərkəzi Kəşfiyyat İdarəsi bu məlumatı şərh etməkdən imtina edib.
Lakin Ukrayna hakimiyyəti Rusiya rəhbərliyinin niyyətlərinə şübhə ilə yanaşır. Ukrayna Prezident Administrasiyasının rəis müavini Pavlo Palisa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Putin hərbçilərə Kiyev və Çerniqov bölgələri də daxil olmaqla, Ukraynanın şimalında bir neçə hücum ssenarisi hazırlamağı tapşırıb.
Xatırladaq ki, Tramp administrasiyasının vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar fevralın ortalarında İranla müharibənin başlamasından sonra dayandırılıb. ABŞ nümayəndələri Stiv Vitkov və Cared Kuşner son aylarda Rusiya və Ukrayna danışıqları aparanları ilə ayrı-ayrı görüşlər keçirsələr də, əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər.
Ukrayna Prezident Aparatının rəhbəri Kiril Budanov cümə axşamı günü bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə danışıqlar sentyabr ayından etibarən bərpa oluna bilər.
Zelenski cümə günü ABŞ-yə "Rusiya ilə lazımi söhbət tonuna" görə təşəkkür edib. O, Tramp administrasiyasının atılacaq addımlar və əldə ediləcək nəticələr barədə real anlayışı təşviq etdiyini bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin