Motosiklet qəzaları artır İntizam çatışmazlığı əsas səbəbdir? AÇIQLAMA

22.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycanda motosikletlərin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə olunur. 2025-ci ildə 11 nəfərin bu qəzalar zamanı öldüyü bildirilir. Ümumi qəzaların sayı isə 40-dan çox olub. Ölənlərin hamısı ikitəkərli nəqliyyat vasitələrini idarə edənlərdir. 
Nəticələr göstərir ki, qəzaların baş verməsinin əsas səbəbləri ikitəkərli nəqliyyat vasitələrini idarə edənlərin səhvləri, sürücü intizamının qənaətbəxş olmamasıdır.
İkitəkərli nəqliyyat vasitələrini idarə edənlərin səhvlərinin çox olması nə ilə bağlıdır? Onların idarəetmə intizamını yaxşılaşdırmaq üçün hansı əlavə tədbirlər görülməlidir?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, hazırda bu mövzu ilə bağlı  ümidlər böyükdür:

“Çünki indiyədək moped kimi tanıdığımız nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmurdu və bu da yollarda xaotik vəziyyətin yaranmasına səbəb olurdu. Onlar necə gəldi sürürdülər, bu barədə dəfələrlə müxtəlif görüntülər yayılıb. Hətta yol polisinin özünün “Təhlükəsiz şəhər” kameraları vasitəsilə paylaşdığı faktlar da olub. Əsas problem ondan ibarət idi ki, moped sürənlərdən vəsiqə tələb olunmurdu, məsuliyyət yox idi, dövlət nömrə nişanı da olmadığından qayda pozuntusu zamanı həmin şəxsi müəyyənləşdirmək mümkün olmurdu. Məsələn, əks istiqamətdə hərəkət edəndə onların arxasınca düşüb kim olduğunu tapan olmurdu”.
Ekspert əlavə edib ki, görünür, bütün bu təhlillərin nəticəsi olaraq artıq bu ildən moped sürücülərindən də sürücülük vəsiqəsi tələb olunacaq:

“Bu isə o deməkdir ki, onlar yol hərəkəti qaydalarını bilməli olacaqlar. Əvvəllər kim istəsə moped sürürdü ki, onların da bir çoxu yol hərəkəti qaydalarını bilmirdi. Yol hərəkətini bilməyən, xüsusilə ikitəkərli və özünü qoruma imkanı zəif olan nəqliyyat vasitəsini idarə edən və qaydaları pozan şəxs birbaşa ölüm riski ilə üz-üzə qalır. Düşünürəm ki, bu dəyişikliklərin nəticəsində statistikalarda müsbətə doğru irəliləyiş müşahidə edəcəyik”./sfera.az

Oxunub 34

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью