Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Şəhər nəqliyyatının səmərəliliyini artırmaq məqsədilə paytaxtın küçə və prospektlərində avtobus və velosiped zolaqları çəkilib.
Lakin velosiped zolaqlarının bəzi yollarda tıxac problemini daha da artırdığı iddia olunur. Məlumdur ki, motosiklet və mopedlərin velosiped zolaqları ilə hərəkət etməsinə icazə verilmir. Velosiped zolaqlarından yalnız velosipedlər və mikromobillik vasitələri, o cümlədən elektrikli skuter istifadə edə bilər.
Bu isə bir çox hallarda velosiped zolaqlarının boş qalmasına, əsas yol hissəsində nəqliyyat sıxlığına və təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Nəzərə alsaq ki, motosiklet və mopedlər də ikitəkərli nəqliyyat vasitələridir, onların velosiped zolaqlarında hərəkəti nə üçün mümkün deyil?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, motosiklet və mopedlərin velosiped zolaqlarında hərəkətinə icazə verilməməsi ilk baxışdan məntiqsiz görünsə də, bu yanaşmanın arxasında ciddi təhlükəsizlik və planlaşdırma səbəbləri dayanır:
“Velosiped zolaqları mühərriksiz və ya çox aşağı güclü nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Bu zolaqlardan istifadə edən əsas iştirakçılar fiziki baxımdan ən zəif və qorunmasız yol hərəkəti subyektləri hesab olunur.
Velosipedçilər və elektrikli skuter istifadəçiləri adətən aşağı sürətlə hərəkət edir və onların hərəkət trayektoriyası, əyləcləmə məsafəsi və manevr imkanları buna uyğun planlaşdırılır.
Motosiklet və mopedlər isə mühərrikli nəqliyyat vasitələri olduqları üçün həm sürət, həm də çəki baxımından velosipedlərdən kəskin şəkildə fərqlənir. Hətta aşağı həcmli mopedlər belə velosiped zolaqları üçün nəzərdə tutulan orta sürəti xeyli üstələyir. Bu isə eyni zolaqda hərəkət edən iştirakçılar arasında sürət fərqi yaradır və qəza riskini artırır.
Belə bir toqquşma zamanı velosipedçi və ya skuter sürücüsü demək olar ki, tam müdafiəsiz qalır. Digər məqam velosiped zolaqlarının infrastruktur xüsusiyyətləridir. Bu zolaqlar dar olur, çox vaxt bordürlərə, drenaj qapaqlarına, yol nişanlanmasına yaxın yerləşir və asfalt örtüyü motosikletlər üçün uyğun hesab edilmir.
Bu cür səthlər mühərrikli ikitəkərli nəqliyyat vasitələri üçün sürüşmə və nəzarətin itirilməsi riskini artırır. Burada əsas məsələ təkcə velosipedçilərin təhlükəsizliyi deyil, eyni zamanda motosiklet sürücülərinin özləri üçün də yartdıqları risk amilidir”.
Eksperti əlavə edib ki, hüquqi baxımdan yanaşma nəqliyyat vasitəsinin təkərinin sayına görə deyil, yaratdığı təhlükə səviyyəsinə görə formalaşdırılır:
“Hüquqi baxımdan da yanaşma aydındır. Belə ki, yol zolaqları təkərlərin sayına görə deyil, nəqliyyat vasitəsinin təhlükə səviyyəsinə görə ayrılır. Motosikletlər yol hərəkəti qaydalarında sürət, dinamiklik və risk baxımından avtomobillərə daha yaxın kateqoriyada qiymətləndirilir.
Velosiped zolaqları isə məhz avtomobil və digər mühərrikli nəqliyyat vasitələrinin yaratdığı təhlükədən qoruma məqsədi daşıyır. Bu səbəbdən mühərrikli nəqliyyatın həmin zolaqlara buraxılması düzgün deyil”.
O qeyd edib ki, bu zolaqlar cari vəziyyət üçün yox, təhlükəsiz alternativ nəqliyyatın inkişafı və gələcək istifadə üçün nəzərdə tutulur:
“Velosiped zolaqlarının bəzən boş qalması da bu qaydanın dəyişdirilməsi üçün əsas arqument hesab edilmir. Əsas yol hissəsində sıxlığın azalması velosiped zolaqlarının başqa nəqliyyat vasitələri ilə doldurulması ilə deyil, velosiped və mikromobillik mədəniyyətinin inkişafı, eləcə də motosikletlər üçün ayrıca və təhlükəsiz həllərin yaradılması ilə mümkün ola bilər.
Bu baxımdan, mövcud qadağa texniki və formal deyil, yol hərəkətində insan həyatını qorumağa yönəlmiş təhlükəsizlik yanaşmasının nəticəsidir. Velosiped zolaqları şəhər nəqliyyatında ən həssas iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi hərəkət sahələridir.
Bu zolaqların əsas məqsədi sürəti aşağı olan, fiziki cəhətdən qorunmayan və nəqliyyat axınında daha çox riskə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etməkdir. Məhz buna görə də velosiped zolaqları yalnız velosipedlər və mikromobillik vasitələri üçün ayrılır”.
Onun sözlərinə görə, motosiklet və mopedlər zahirən ikitəkərli nəqliyyat vasitələri olsa da, onların texniki və istismar xüsusiyyətləri velosipedlərdən kəskin şəkildə fərqlənir:
“Bu nəqliyyat vasitələri mühərriklə təchiz olunub, daha yüksək sürət yığır və kütlələri xeyli ağırdır. Velosiped zolağında hərəkət edən velosipedçi və ya skuter istifadəçisi üçün bu fərq ciddi təhlükə yaradır. Hətta kiçik bir toqquşma belə ağır xəsarətlərlə nəticələnə bilər.
Digər tərəfdən, velosiped zolaqları konstruktiv baxımdan da motosiklet və mopedlər üçün uyğun deyil. Bu zolaqlar adətən dar olur, bordürlərə yaxın yerləşir, səthi isə boyalı asfalt və ya sürüşkən materiallardan ibarət olur.
Yüksək sürət və ağır çəkiyə malik nəqliyyat vasitələri üçün bu şərait qəza riskini daha da artırır. Ani əyləcləmə, manevr və ya tarazlığın itirilməsi həm sürücü, həm də ətrafdakılar üçün təhlükəli vəziyyət yarada bilər”.
O bildirib ki, velosiped zolaqları risklərdən qorunmaq üçün yaradılıb:
“Həmin zolaqlara mühərrikli nəqliyyatın buraxılması zolağın əsas funksiyasını sıradan çıxarır. Velosiped zolaqlarının bəzi hallarda boş qalması onların əhəmiyyətsiz olması deyil. Bu zolaqlar mövcud istifadəçi ilə yanaşı, gələcək potensial velosipedçilər üçün də nəzərdə tutulur və şəhərlərin uzunmüddətli nəqliyyat strategiyasının tərkib hissəsidir.
Problemin həlli velosiped zolaqlarını motosikletlər üçün açmaq yox, ümumilikdə nəqliyyat axınını daha düzgün bölüşdürmək və alternativ həllər tapmaqdır.
Yəni motosiklet və mopedlərin velosiped zolaqlarında hərəkətinə icazə verilməməsinin səbəbi formal qadağa deyil, təhlükəsizlik prinsipidir. Bu yanaşma həm velosipedçilərin, həm də ümumi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: velosiped zolağı Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin