Mourinyo ulduz vingerdən danışdı

14.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın (Madrid) baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı ulduzu Vinisius Juniorun cari mövsümə startı və onun psixoloji durumu barədə danışıb.

Futbolpress.az xəbər verir ki, “The Athletic” nəşrinə açıqlama verən portuqaliyalı mütəxəssis mövsümün əvvəlində çətinliklər yaşayan vingerin yenidən parlayacağına inandığını bildirib:

“Görək, o, Çempionlar Liqasında əsl səviyyəsinə qayıda biləcəkmi, çünki daxili çempionatda hazırda cəzalı durumdadır. Vinisius özünü yenidən göstərəcək, məsələ yalnız vaxtdan asılıdır. “Atletiko” ilə derbideki məğlubiyyətdən sonra fərqli bir üsul sınamağa qərar verdim. Əvvəlcə onu qorumaq, ehtiyatda saxlamaq, ehtiyac yarananda isə oyuna buraxmaq istəyirəm. Düşünürəm ki, planım əla alındı. “Santyaqo Bernabeu”nun tribunaları isinmə hərəkətlərinə başlayanda onu dəstəklədi. Bu, onun üçün dönüş nöqtəsi oldu. O, meydana çıxıb çox yaxşı oynadı. Qolun ləğv olunması və qırmızı vərəqə alması təəssüf doğursa da, hiss olunurdu ki, onda nəsə dəyişib”.

Vinisius cari mövsümdə “Kral klubu”nun heyətində keçirdiyi 9 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. La Liqada cəzalı olan braziliyalı futbolçu UEFA Çempionlar Liqasının II turu çərçivəsində bu gün səhnəyə çıxa bilər. “Real” oktyabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da İtaliya “Roma”sını qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью