Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Messisiz “Barselona”nın artıq üç dəfə İspaniya çemionu olduğunu, amma Mbappeli “Real”ın bunu bacarmadığını görən Florentino Peresin ümidsizliyi o dərəcədə böyükdü ki, artıq saman çöpündən yapışır. Düzdü, bu saman çöpü artıq çürüyüb...
Joze Mourinyonun baş məşqçi postuna ikinci gəlişi çətin izah oluna bilən geridönüşdü. Peres bir növ nostaljisini ideallaşdırır, hər şeyi elə qələmə verməyə çalışır ki, əvvəllər daha yaxşı idi.
Köhnə-yeni prezidentin hədəfi 2026/27 mövsümündə çempion olmaq və mümkün qədər tez 16-cə dəfə Çempionlar Liqasını qazanmaqdı. Bu üzdən Mourinyoya müraciət edir. Belə hesab edir ki, məhz portuqaliyalı mütəxəssis Vinisius, Mbappe, Valverde, Çuameni, Rüdiger və başqalarını cilovlamağa qadirdi. Mourinyo isə gərginliyin daim artmasının ümumi məqsədlərə çatmağın əsas metodu olacağına inanan qoca mütəxəssisdi.
İndi artıq prezidentin hakimlərə daim hücum etməsinə, klub telekanalının bezdirici kampaniyasına ehtiyac olmayacaq. Axı Mourinyonun hər mətbuat konfransı bu mövzuda əsl ustad dərsinə çevriləcək.
Ancaq “Real”ın 2010-cu ildə dəvət etdiyi, “Portu” və “İnter”i Çempionlar Liqasında qələbəyə daşımağa qadir olan Mourinyo indiki uğursuz məşqçidən çox fərqlənir. Söhbət son 10 ildə beş dəfə vaxtından əvvəl qovulan – “Çelsi”dən, “Mançester Yunayted”dən, “Tottenhem”dən, “Roma”dan və “Fənərbaxça”dan – məşqçidən gedir. Və bu elə-belə məqam deyil.
Mourun karyerası sürətlə enişə doğru getdi. Nəticədə “Xüsusi” nə xüsusi, nə də unikal adam kimi göründü. Joze tez-tez xəbər xəttinə idman uğurlarına görə yox, qovularkən klublardan qopardığı kompensasiya məbləğinə görə düşməyə başladı.
Mourinyonun sonuncu çempionluğundan (“Çelsi” ilə) artıq 11 il ötüb. Çempionlar Liqasındakı qonuncu qələbəsindən (“İnter”lə) isə 16 il. Üstəlik onun komandaları bu gün tam solğun futbol oynayır – köhnəlmiş, darıxdırıcı və nəticə verməyən.
Onun “Real”dakı keçmiş uğurlarına qərəzsiz baxsaq, hər şeyin heç də uğurlu olduğunu deyə bilmərik. Joze üç il ərzində yalnız bir dəfə İspaniya çempionu oldu. Düzdü, onda komanda 100 xal toplamışdı. Çempionlar Liqasına gəlincə, aşkar uğursuzluqla üzləşdi. Halbuki Madrid klubu ona qədər də bu turnirdə qələbələri sıralayırdı, ondan sonra da.
Mourinyonun komandası daim ÇL-in yarımfinalında mübarizəni dayandırırdı. Birində hətta “Barselona” səddinə ilişdilər. Məhz həmin dueldən sonra Pep Qvardiola portuqaliyalını “mətbuat konfranslarının lənətəgəlmiş ustası” adlandırmışdı.
Mourinyo ilə yenidən toqquşmaq perspektibi “Barselona”da yorğunluq və köhnə münaqişələri yenidən yaşamamaq həvəsi doğurursa, Madriddə çoxları başını tutur. Hətta madridistanın nüfuzlu və müstəqil səsi olan, həmişə portuqaliyalı məşqçi haqda xoş sözlər deyən İker Kasilyas da Mourinyolu layihənin dirçəldilçəsinin səhv olduğuna şübhə etmir.
Madrid mediasında yer alan proqnozlar da oxşardı. Klubun istənilən təşəbbüsünə dəstək verən kiçik qrupu çıxsaq, əksəriyyət belə düşünür ki, Mourinyonun təkrar təyinatının heç bir mənası yoxdu.
Ancaq Mourinyonun “Santyaqo Bernabeu”dan ayrılandan bəri sərəncamında ən yaxşı heyəti alması da ədalətlidi. Bu məqam portuqaliyalı üçün şansdı – indi və ya heç vaxt! O, hər kəsə və hamıya – bütün bədxahlarına hələ də vaxtının ötmədiyini sübut etməlidi.
Mourinyo “Real”ın baş məşqçi postuna 63 yaşında keçir. Robson “Barselona”ya Jozenin müşayiəti ilə qədəm qoyduğu yaşda. Mourinyo gözəl bilir ki, oyunçular onda “Mikel baba” deməklə ser Bobbini məsxərəyə qoyurdular.
Ancaq onu da unutmayaq “Barselona”nın ardıcıl iki uğurlu mövsümdən sonra növbəti dəfə İspaniya çempionluğunu bayram etməsi hədsiz çətin olacaq. Bu dəfə hakimlər Florentino Pereslə yanaşı, Mourinyonun da amansız təzyiqini öz üzərində hiss edəcək.