Mövqeyi Trampla tərs düşən Makronun yazışmaları ifşa olunursa, digər prezidentlər də eyni təzyiq lə üzləşə bilər

22.01.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp sosial media hesabı olan Truth Social-da Fransa prezidenti Emmanuel Makron tərəfindən ona göndərildiyi iddia edilən mesajların ekran görüntülərini paylaşıb. "Prezident Makrondan Prezident Trampa. Dostum, Suriya ilə bağlı eyni mövqeləri bölüşürük. İranla bağlı böyük işlər görə bilərik. Qrenlandiya ilə bağlı nə etdiyinizi başa düşmürəm. Gəlin əla işlər görməyə çalışaq: Davosdan sonra Parisdə G7 görüşünü təşkil edə bilərəm. Ukraynalıları, danimarkalıları, suriyalıları və rusları dəvət edə bilərəm. ABŞ-yə qayıtmazdan əvvəl cümə axşamı Parisdə birlikdə nahar edək." Mesajı Emmanuel Makron imzalayıb.Bir müddət əvvəl Trampın əmri ilə Venesuela prezidenti Maduro həbs edildi. Daha sonra Makronun mesajları ifşa edildi. Növbədə kim var?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın Makronla aralarında olan yazışmaları dərc etməsi, iki dövlət başçısı arasında aparılan danışıqların ictimailəşdirilməsi Trampın siyasi xəttinin bir parçasıdır: “Donald Trampın bu məsələlərdə fəallığı xüsusi qeyd olunmalıdır. Belə ki, o bir çox hallarda dövlət və hökumət başçıları ilə olan telefon danışıqları və yaxud yazışmalarla bağlı məlumatları ictimaiyyətə açıqlayır. Bu da onun əslində siyasətinin bir istiqaməti sayıla bilər. Bu, onun bir metodudur. Məhz bu üsul, ona qarşısındakı rəqibinə və yaxud tərəfdaşına təzyiq vasitəsi kimi istifadə etmək üçün lazımdır”.

Oqtay Qasımov

Makronun Trampla yazışmasının ictimailəşdirilməsi ilə bağlı politoloq qeyd edib ki, Trampla Makron arasındakı münasibətlər heç bir zaman hamar olmayıb: “Hələ Trampın birinci hakimiyyəti dönəmində Fransa ilə ABŞ arasında müəyyən gərginliklər mövcud olub. Belə ki, hələ o dönəm Amerika Birləşmiş Ştatlarının təşəbbüsüylə “AUCUS” ABŞ, Böyük Britaniya və Avvstraliyadan ibarət bir ittifaq qurulmuşdu. İttifaq qurulduqdan sonra Avstraliyanın Fransa ilə olan “sualtı qayıqların inşası ilə bağlı imzalanmış 90 milyardlıq bir müqavilə ləğv olunmuş, həmin müqavilə Avstraliya və ABŞ arasında bağlanmışdı. Bu da Fransa üçün kifayət qədər xoşagəlməz bir amil idi. Donald Tramp hakimiyyətinin ikinci dönəmində də Ukrayna savaşı tam gücü ilə davam etməkdə idi və Ukraynanın tərəfində aktiv şəkildə mövqe alan dövlət başçılarından biri də Makron idi. Ukrayna-Rusiya savaşında Makronla Trampın mövqeləri ciddi şəkildə bir birindən fərqlənir ki, bu da onlar arasında ziddiyyəti artırmaqdadır. Onların bir çox ikili və çoxtərəfli görüşmələrdə bir-biri ilə bədən dilləri ilə danışması da xatırlanmaqdadır. Bu da münasibətlərin heç də normal səviyyədə olmadığını göstəricisidir”-deyə politoloq bildirib.

Oqtay Qasımov keçən ilin iyunda Vatikanda keçirilən görüş zamanı Makron-Tramp-Zelenski görüşünə qatılmaq istəyinə Trampın verdiyi reaksiyanı xatırladaraq qeyd edib ki, avqust ayında Avropa liderlərinin Vaşinqtona səfəri zamanı Trampla Makronun münasibətlərindəki soyuqluq özünü açıq şəkildə göstərməkdədir.

“Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp və onun komandası həm də Avropadakı liderlərə qarşı bir ideoloji savaş da açıblar. Çünki onlar avropadakı sol liberal cərəyanla münasibətləri xoş deyil. Bu baxımdan bu cür gərginliklər davam edəcək”-deyə Oqtay Qasımov vurğulayıb.

Politoloq bildirib ki, istənilən şəxsin mövqeyi Trampla tərs düşərsə, eyni aqibəti yaşayacağı məlumdur: “Bu, proqnozlaşdırılacaq məsələ deyil. Bu baxımdan hansısa bir dövlət başçısı Donald Trampla ciddi şəkildə ziddiyyət yaşayarsa və tərs düşərsə onlar arasındakı danışıqların bu formada ictimailəşdirilməsi mümkündür. Yəni istənilən şəxs eyni aqibəti yaşaya bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью