Mövsüm də başladı, narazılıqlar da

03.09.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Mövsüm də başladı, hakimlərlə bağlı narazılıq da. Premyer Liqanın III turunun “Neftçi” – “Turan Tovuz” oyununda (0:1) mübahisəli epizodlarla bağı narazılıq ifadə edən paylaşımla yadda qalan “Neftçi” FIFA referisi Əliyar Ağayevdən AFFA və PFL-ə müraciət edəcək.

Çempionat başlayanadək UEFA turnirlərində bir neçə oyun idarə etmiş Ağayev bu mövsüm liqada 2 oyuna təyinat alıb. O, birinci turda “Karvan-Yevlax” ilə “Qəbələ” arasında keçirilən açılış oyununda idarəçi olub.

Avropa arenasında tanınan, UEFA-dan daim etimad görən Ağayevin APL oyunlarındakı idarəçiliyi artıq neçənci dəfədir, narazılıqla yadda qalır.

Digər referi Rəşad Əhmədov da artıq qəzəbə tuş gələnlərdəndir. Premyer Liqada II turun “Şamaxı” – “Sabah” oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov idarəçilikdən narazılığını dilə gətirmiş, baş hakim Əhmədovun rəqibə simpatiyalı olduğunu demişdi.

Premyer Liqada illərdir davam edən hakim narazılıqları azalmır, əksinə artmaqdadır. Baş məşqçilər bəzən oyun zamanı və oyundan sonra referilərə qarşı emosional davranışları ilə gündəmə gəlir. AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker ötən mövsüm hər oyundan sonra mübahisəli epizodlara aydınlıq gətirirdisə, hələlik üç turdur səssizliyi seçib.

Hakimlər üçün səhvlər qaçılmazdır. Hər referi yanlışlığa yol verə bilir. Buna qınayan da yoxdur – səhvsiz adam olmaz. Lakin baş məşqçilərin hakimləri qərəzdə ittiham etməsi daha böyük problemlərə yol aça bilər.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью