Mövsümdən kənar dənizə girənlərə həkim xəbərdarlığı Açıqlama

11.08.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümündə dəniz kənarında istirahət edənlərin sayı artsa da, bəzi insanlar mövsüm bitdikdən sonra da dənizə getməyə üstünlük verirlər. Lakin mövsümi olmayan vaxtlarda dənizə girmək hava və su temperaturunun dəyişməsi səbəbilə sağlamlıq baxımından müəyyən risklər yarada bilər. Digər tərəfdən, uyğun hava şəraitində dəniz kənarında vaxt keçirməyin orqanizm üçün faydalı tərəfləri də ola bilər.
Maraqlıdır, mövsümi olmayan vaxtlarda dənizə getməyin hansı sağlamlıq riskləri var? Əksinə, bunun orqanizm üçün faydalı tərəfləri də ola bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən terapevt Şahvələd Məmmədov bildirib ki, hazırda insanlar istidən, yüksək temperaturdan qorunmaq üçün əsasən dənizə və ya daha sərin dağlıq ərazilərə üz tuturlar:

“Lakin mövsümdən kənar vaxtlarda dənizə girmək, xüsusilə hava və su temperaturunun kəskin dəyişməsi müəyyən sağlamlıq riskləri yarada bilər. Bu risklər isə insanın yaşından və ümumi sağlamlıq vəziyyətindən asılıdır. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər, uşaqlar və immuniteti zəif insanlar belə hallarda daha diqqətli olmalıdırlar. Bununla yanaşı, bəzi insanlar hətta qış aylarında, soyuq havalarda da dənizə və çaylara girərək orqanizmlərini möhkəmləndirməyə çalışırlar. Sağlam və uzun müddət aktiv həyat tərzi keçirən insanlar üçün bu, müəyyən hallarda faydalı bir vərdişə çevrilə bilər. Məsələn, 70-75 yaşında olub uzun müddətdir fiziki aktiv həyat tərzi keçirən və soyuq suda çimməyə öyrəşmiş insanlar da var. Onlar bunu bir növ hobbi kimi qəbul edir və orqanizmlərini möhkəmləndirməyə çalışırlar. Lakin burada əsas məsələ insanın sağlamlıq vəziyyəti və orqanizmin soyuğa uyğunlaşmasıdır”.
Həkim əlavə edib ki, immuniteti zəif olan şəxslərin, ağır xroniki xəstəlikləri olan insanların, xüsusilə də uşaqların çimərlik mövsümü olmayan vaxtlarda soyuq suya salınması müəyyən sağlamlıq riskləri yarada bilər:
“Bəzi ölkələrdə, o cümlədən Rusiyanın şimal bölgələrində uşaqların soyuq su ilə qısa müddətli təmasda saxlanılması kimi üsullardan istifadə olunur. Lakin bu cür prosedurların uzun müddət və nəzarətsiz tətbiqi ciddi fəsadlara səbəb ola bilər. Ümumilikdə, mövsümdən kənar vaxtlarda hava və su temperaturunun kəskin dəyişməsi müəyyən insanlar üçün risk yarada bilər. Xüsusilə uşaqlar, yaşlılar, immuniteti zəif və xroniki xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdırlar. Lakin sağlamlıq baxımından heç bir problemi olmayan, soyuq suya və belə şəraitə orqanizmi uyğunlaşmış insanlar üçün bu, hər zaman ciddi təhlükə demək deyil”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью