Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Virus təhlükəli olmasa da, ehtiyatlılıq tələb edir
Son günlər xüsusilə azyaşlı uşaqlar arasında qızılcaya bənzər əlamətlərlə özünü büruzə verən və "altıncı xəstəlik" kimi tanınan virus infeksiyası valideynlərdə narahatlıq yaradıb. Qızılca, məxmərək və suçiçəyi kimi digər infeksiyalardan bəzi xüsusiyyətləri ilə fərqlənən bu xəstəlik, adətən, qəfil meydana çıxan yüksək hərarətlə başlayır.
Bir neçə gün davam edən hərarət enərkən uşağın bədənində xırda çəhrayı səpgilər üzə çıxır ki, bu da təbii olaraq qızılca şübhəsi doğurur. Mütəxəssislər bildirirlər ki, mövsüm dəyişkənliyi fonunda bu kimi virus infeksiyalarına uşaq bağçalarında, insanların kütləvi toplaşdığı yerlərdə daha çox rast gəlinir. Bəs bu xəstəlik nə qədər təhlükəlidir və əlamətləri necə ayırd etmək olar?
ATU-nun Tədris Terapevtik Klinikasının uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, II uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Qoşqar İsmayılov XQ-yə bildirdi ki, "Rozeola infantum" və ya "altıncı xəstəlik" kimi tanınan bu narahatlığı, əsasən, “Human herpes virus tip 6” törədir. Bu fəsad daha çox 6 aylıqdan 2 yaşadək uşaqlarda rast gəlinir:
– Xəstəliyin əsas əlamətləri arasında 38-39, hətta 40 dərəcəyə çatan yüksək hərarət yer alır. Üç-beş gün davam edən bu hal səngidikdən dərhal sonra bütün bədəndə, xüsusən də üz, gövdə və aşağı ətraflarda nöqtəvari qırmızı səpgilər yaranır. Məhz bu mərhələdən sonra həkimlər diaqnozu kliniki olaraq dəqiqləşdirə bilirlər. Xəstəlik zamanı boğazda qızartı və iştahsızlıq da müşahidə oluna bilər. Qızılca və məxmərəkdən fərqli olaraq, bu xəstəlikdə səpgilər hərarət tam düşdükdən sonra qəfildən meydana çıxır, qaşınma yaratmır və qısa müddətdə iz qoymadan yox olur. Valideynlər xəstəliyin xarakterik xüsusiyyətini bildikdə əsassız təşvişdən qaçmış olarlar.
Sağlam uşaqlarda xəstəlik, adətən, öz-özünə sağalsa da, 38-40 dərəcəyə çatan yüksək hərarət fonunda bəzi azyaşlılarda febril qıcolmalar müşahidə oluna bilər. Xəstəlik adətən yüngül formalarda keçir və xüsusi müalicə tələb olunmur. Əsas diqqət hərarətin nəzarətdə saxlanılmasına və uşağın kifayət qədər maye qəbul etməsinə yönəldilməlidir. Yenə də hər hansı şübhəli əlamət müşahidə edildikdə özbaşına dərman istifadəsindən əvvəl həkimə müraciət tövsiyə olunur.
Virus mənşəli olduğu üçün antibiotiklər bu infeksiyalarda kifayət qədər təsirli deyil. Yalnız bakterial infeksiya qoşulduğu halda antibiotik müalicəsinə ehtiyac yarana bilər. Ümumilikdə isə müalicə tamamilə simptomatik şəkildə aparılır. Tənəffüs yolları ilə yayıldığı üçün infeksiyanın kəskin dövründə uşağın kollektivlərdən təcrid olunması vacibdir, xüsusi peyvəndi isə mövcud deyil. Qəfil qalxan temperaturu nəzarətdə saxlamaq üçün yaşa və çəkiyə uyğun qızdırmasalıcı vasitələrdən lazımi saat intervalları gözlənilməklə istifadə edilir. Bu zaman dozalanma qaydalarına dəqiq əməl etmək uşağın sağlamlığı üçün müstəsna əhəmiyyət daşıyır.
Lakin hərarət dərmanla düşmədikdə, davamlı qusma, tənəffüs çətinliyi və ya qıcolma əlamətləri yaranarsa, dərhal həkimə müraciət edilməlidir. Həyatın ilk illərində bu virusu keçirən uşaqlarda ömürlük immun cavab yarandığı üçün gələcəkdə təkrarən bu xəstəliyə tutulmaq ehtimalı yoxdur.
Müsahibimiz qeyd etdi ki, bu xəstəliyə yoluxan uşaqlara ev şəraitində düzgün qulluq etmək sağalma prosesini sürətləndirən əsas amillərdəndir:
– Yüksək hərarət səbəbindən uşağın bədəni maye itirə bilər, buna görə də bol su və təbii içkilərin qəbulu vacibdir. Uşağı həddindən artıq qalın geyindirmək və ya bükmək olmaz, otaq temperaturuna uyğun pambıq geyimlərə üstünlük verilməlidir. Həmçinin otaq mütəmadi havalandırılmalı, uşağın dincəlməsi və sakit mühitdə olması təmin edilməlidir. Təmiz hava və sakit atmosfer xəstənin sinir sisteminin gərginliyini azaldaraq bərpa prosesini xeyli sürətləndirir.
Valideynlər üçün bu prosesdə ən vacib məqam təşvişə düşmədən hərarəti nəzarətdə saxlamaq, hər hansı qeyri-adi nevroloji əlamət müşahidə edildikdə isə dərhal tibbi yardım almaqdır. Unutmayın ki, hər bir uşağın inkişaf xüsusiyyəti fərqlidir. Səpgilər yarananda dəqiq diaqnoz qoyulması üçün dərhal sahə pediatrı ilə məsləhətləşmək lazımdır.
Elenora HƏSƏNOVA
XQ