Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış mövsümündə pomidorun açıq sahədə təbii şəkildə yetişməməsinə baxmayaraq bazarlarda 1 manata satılması maraq doğurur. Bəs, pomidor təbii şəkildə yetişmədiyi halda, qiyməti niyə 1 manat olur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dövrdə satışa çıxarılan pomidorlar əsasən istixanalarda becərilir və ya xaricdən idxal olunur.
“İstixanalarda temperatur, işıq və su süni şəkildə tənzimlənir və bu da pomidorun ilboyu yetişdirilməsinə imkan yaradır. Proses kütləvi formada həyata keçirildikdə məhsulun maya dəyəri nisbətən aşağı olur”.
Akif Nəsirli qeyd edib ki, qış mövsümündə satılan pomidorların dadı və keyfiyyəti yayda yetişən torpaq pomidoru ilə müqayisədə zəifdir. Daha tez xarab olan bu məhsullara tələbat yüksək olmadığı üçün satıcılar qiymətləri aşağı saxlamağa məcbur qalırlar.
“İdxal olunan pomidorlar da bəzi ölkələrdə daha əlverişli iqlim şəraitində yetişdirildiyindən ucuz başa gəlir. Eyni zamanda bazarda təklifin tələbi üstələməsi qiymətlərin enməsinə səbəb olur”
Beləliklə, istixana istehsalı, idxalın ucuzluğu və bazarda bolluq qış mövsümündə pomidorun nisbətən aşağı qiymətə satılmasının əsas səbəbləri kimi göstərilir.
Aynurə İsmayıl
KONKRET.az
