Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda bazar və marketlərdə artıq çiyələk bolluğu müşahidə olunur.
Erkən mövsümdə satışa çıxarılan iriölçülü və parlaq görünüşlü çiyələklərin nə dərəcədə təbii olması isə suallar doğurur. Çiyələyin yetişdirilmə üsulları ilə bağlı müxtəlif iddialar da səsləndirilir.
Bəs hazırda satışda olan çiyələklər nə qədər təbii və təhlükəsizdir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, hazırda bazar və marketlərdə satılan iri, parlaq və erkən mövsüm çiyələklərə tamamilə “süni” demək düzgün olmaz.
O qeyd edib ki, amma onların yetişdirilmə üsulu klassik açıq sahə çiyələklərindən fərqlənir:
“Bu fərq insanlarda müəyyən şübhələr yaradır və sual yaranır ki, niyə çiyələklər bu qədər iri və tez yetişir? Əksəriyyəti istixana şəraitində yetişdirilir. Adətən iriölçülü və cəlbedici görünüş əldə etmək üçün xüsusi seçilmiş hibrid sortlardan istifadə olunur.
Yetişdirmə prosesində mineral gübrələr və böyümə stimulyatorları tətbiq edilə bilər. Bu isə onların avtomatik olaraq zərərli olduğu anlamına gəlmir, sadəcə olaraq bu məhsullar “təbii bağ çiyələyi” ilə eyni deyil".
Onun sözlərinə görə, çiyələklərlə bağlı risklər müəyyən hallarda yarana bilər:
“Bəli, müəyyən risklər mövcuddur və bunlar əsasən üç məqamla bağlı olur. Birincisi, pestisid qalıqlarıdır, əgər bu maddələr normadan artıq istifadə olunarsa, insan sağlamlığı üçün təhlükə yarada bilər. İkincisi, nitrat səviyyəsidir. Bu, həddindən artıq gübrələmə nəticəsində yaranır. Üçüncüsü, məhsulun uzun müddət saxlanılması üçün kimyəvi maddələrlə işlənməsi ehtimalıdır".
O bildirib ki, çiyələyin keyfiyyətini müəyyən etmək üçün bir neçə vacib məqama diqqət yetirilməlidir:
"Həddindən artıq iri və “plastik kimi” parlaq görünən çiyələklərə qarşı ehtiyatlı olmaq lazımdır. Əgər çiyələyin qoxusu zəifdirsə, bu, onun təbii şəkildə yetişmədiyini göstərə bilər.
Daxili hissəsi ağ və dadsız olan məhsullar isə adətən sürətlə yetişdirilmiş olur. Bundan əlavə, saplağın təravətli olması da vacibdir, əgər saplaq solubsa, bu, çiyələyin köhnə olduğuna işarədir”.
Ekspert eyni zamanda çiyələkdən istifadə etməzdən əvvəl düzgün yuyulma qaydalarına da diqqət çəkib:
"Məhsul əvvəlcə axar su altında yaxşıca yuyulmalı, daha sonra 10–15 dəqiqə sirkəli və ya duzlu suda saxlanılmalıdır. Ardınca yenidən təmiz su ilə durulanması tövsiyə olunur.
Saplaq isə yuyulduqdan sonra çıxarılmalıdır. Əks halda su meyvənin içərisinə dolur".Nutrisioloq vurğulayıb ki, hazırda satışda olan çiyələklər tam “zəhərli” və ya “süni” deyil:
"Bazarlarda və marketlərdə təqdim edilən bu məhsullar əsasən intensiv üsullarla yetişdirilir. Etibarlı mənbədən alındıqda və düzgün yuyulduqda istehlak etmək təhlükəsiz sayılır.
Əgər maksimum təbii məhsul istəyirsinizsə bir az gözləyib yerli, açıq sahə mövsümü çiyələklərini almaq daha yaxşı seçimdir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: çiyələk Fərid Səfərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin