Müasir ali təhsilin yeni inkişaf mərhələsi

17.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Tələbəyə qayğı, keyfiyyətli təhsil, gənclərin hərtərəfli inkişafı, beynəlxalq əməkdaşlıq və istehsalatla vəhdət universitetin gələcək hədəflərini müəyyənləşdirir.

Hər bir ölkənin gələcəyi onun təbii sərvətləri ilə yanaşı, bu sərvətləri xalqın rifahına çevirə bilən savadlı, bacarıqlı və təşəbbüskar mütəxəssislərin hazırlanmasından da asılıdır. Bu mənada, ali təhsil müəssisələrinin üzərinə düşən məsuliyyət gənclərə bilik verməklə məhdudlaşmır. Universitet həm də şəxsiyyət yetişdirməli, peşəkar düşüncə formalaşdırmalı, gəncləri müstəqil qərarlar qəbul etməyə hazırlamalı və onların cəmiyyət qarşısında məsuliyyət hissini gücləndirməlidir. 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məhz belə strateji vəzifələrin həyata keçirilməsində mühüm rol oynayır. Ölkənin aqrar sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan əsas ali təhsil müəssisələrindən biri kimi universitetin fəaliyyəti kənd təsərrüfatının bugünkü ehtiyacları və gələcək inkişaf perspektivləri ilə birbaşa bağlıdır. Müasir aqrar təhsil torpağı tanımaq, bitkiçilik və heyvandarlığın elmi əsaslarını mənimsəmək, istehsal proseslərini idarə etmək bacarığı ilə yanaşı, rəqəmsal texnologiyalardan istifadə, resurslara qənaət, innovasiyaların tətbiqi və bazar münasibətlərini düzgün qiymətləndirmək qabiliyyəti də tələb edir. Bu baxımdan ADAU-nun qarşısında dayanan əsas vəzifə həm ali təhsilli kadr hazırlamaq, həm də ölkənin aqrar inkişafına real töhfə verən, nəzəri biliklərini praktikada tətbiq etməyi bacaran yeni nəsil mütəxəssislər yetişdirməkdir.

Müasir universitet mühitinin keyfiyyətini müəyyən edən əsas amillərdən biri tələbə-müəllim münasibətləridir. Tədrisin yüksək səviyyədə təşkili, müasir laboratoriyalar, texniki imkanlar və zəngin elmi baza nə qədər vacibdirsə, müəllimlə tələbə arasında qarşılıqlı hörmətə, etimada, akademik dürüstlüyə və sağlam ünsiyyətə əsaslanan münasibətlərin qurulması da bir o qədər əhəmiyyətlidir. 

Tələbə müəllimi yalnız bilik mənbəyi deyil, həm də peşəkar inkişafına istiqamət verən, çətinliklərini anlamağa çalışan və gələcəyə hazırlanmasında ona dəstək olan bir insan kimi görməlidir. Müəllim isə tələbəyə gələcək mütəxəssis, yeni ideyaların daşıyıcısı və cəmiyyətin inkişafına töhfə verəcək şəxsiyyət kimi yanaşmalıdır. Bu münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün professor-müəllim heyətinin pedaqoji bacarıqlarının artırılması, müasir təlim metodlarının mənimsənilməsi və tələbələrlə işin keyfiyyətinin yüksəldilməsi vacibdir. ADAU-da professor-müəllim heyəti üçün təşkil edilən silsilə təlim və seminarlar bu baxımdan əhəmiyyət daşıyır. 

ADAU-da müvafiq struktur rəhbərlərinin tələbələrlə birbaşa ünsiyyətə önəm verməsi bu baxımdan diqqətəlayiqdir. Yeni qəbul olunan tələbələrlə mərhələli görüşlərin keçirilməsi, onların fikir və təkliflərinin dinlənilməsi, tədrisə uyğunlaşma, şəxsi inkişaf və gələcək hədəflərlə bağlı məsələlərin müzakirəsi universitet mühitinə inteqrasiyanı asanlaşdıran addımlardır. Xüsusilə I kurs tələbələri üçün ali məktəbə başlamaq həyatın yeni mərhələsinə qədəm qoymaqdır. Rəhbərliyin “açıq qapı” siyasəti tələbəyə diqqətin ifadəsi olmaqla yanaşı, universitetdə sağlam idarəçilik mədəniyyətinin formalaşmasına da xidmət edir. 

Gənc nəslin hərtərəfli inkişafı, intellektual potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun gücləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin gənclər siyasəti gənclərin keyfiyyətli təhsil almasına, müasir biliklərə yiyələnməsinə, yaradıcı və innovativ təşəbbüslərinin dəstəklənməsinə, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakına geniş imkanlar yaradır. 

ADAU-da gənclərin formalaşması prosesi müasir elmi biliklərin mənimsənilməsi ilə yanaşı, əməksevərlik, dürüstlük, təşəbbüskarlıq, vətənpərvərlik və ictimai məsuliyyət kimi keyfiyyətlərin inkişafını da əhatə edir. Bu istiqamətdə tələbələrin elmi-tədqiqat layihələrinə, innovasiya və startap təşəbbüslərinə, könüllülük fəaliyyətinə, ictimai layihələrə və aqrar ­sahibkarlıq proqramlarına cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Tələbə Elmi Cəmiyyətinin imkanlarının genişləndirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların elmi müsabiqələrdə və layihələrdə iştirakının dəstəklənməsi, uğurlu tələbələrin təşviq olunması bu istiqamətdə səmərəli addımlardır. 

Aqrar sahədə təhsil alan gənclər üçün dövlətin gənclər siyasətindən irəli gələn vəzifələrin mühüm istiqamətlərindən biri də məşğulluğa və peşəkar inkişafa dəstək verilməsidir. Fermer təsərrüfatları, aqrar müəssisələr, emal sənayesi və müvafiq dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi tələbələrin real iş mühiti ilə tanış olmasına, təcrübə qazanmasına və əmək bazarının tələblərini daha yaxşı anlamasına imkan verir. 

Aqrar sahənin müasir inkişafı beynəlxalq təcrübənin öyrənilməsi, elmi biliklərin paylaşılması və qabaqcıl texnologiyaların tətbiqini zəruri edir. Bu baxımdan ADAU-nun xarici universitetlərlə əməkdaşlığı və beynəlxalq təhsil proqramlarının inkişafı strateji əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı bu istiqamətdə diqqətçəkən təşəbbüslərdəndir. Belə proqramların əsas dəyəri yalnız iki diplom əldə etmək imkanı ilə ölçülməməlidir. Məqsəd tələbələrin bilik və bacarıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaq, fərqli elmi məktəblərin təcrübəsindən yararlanmaq və məzunların əmək bazarında rəqabət qabiliyyətini artırmaqdır. ADAU-da təhsil alan əcnəbi tələbələrin iştirakı ilə keçirilən “International Student Fest”–Beynəlxalq Tələbə Festivalı da universitet həyatının mühüm humanitar istiqamətini əks etdirir. 

Aqrar təhsilin ən mühüm xüsusiyyətlərindən biri nəzəri biliklə praktiki bacarığın vəhdətidir. Torpağın becərilməsi, məhsuldarlığın artırılması, bitkilərin mühafizəsi, heyvandarlığın səmərəli təşkili və istehsal proseslərinin idarə olunması auditoriya mühazirələri ilə tam mənimsənilə bilməz. Tələbə öyrəndiyi elmi müddəaların real şəraitdə necə tətbiq edildiyini görməli, istehsalat proseslərində iştirak etməli və gələcək peşəsinin məsuliyyətini praktiki fəaliyyət zamanı dərk etməlidir. ADAU-nun Tədris-təcrübə təsərrüfatı bu baxımdan universitetin mühüm imkanlarından biridir.  

Müasir dövrdə belə təsərrüfatların əhəmiyyəti daha geniş yanaşma tələb edir. Onlar yalnız təcrübə keçirilən ərazilər deyil, həm də innovasiyaların sınaqdan keçirildiyi, yeni texnologiyaların öyrənildiyi və istehsalatla elmin əlaqələndirildiyi platformalara çevrilməlidir. Torpaq və su ehtiyatlarından qənaətlə istifadə, rəqəmsal müşahidə sistemləri, məhsuldarlığın elmi əsaslarla artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma kimi məsələlər tələbələrin praktiki hazırlığında daha geniş yer tutmalıdır. Bu istiqamətdə əsas hədəf universitetdə qazanılan biliyin təsərrüfatlarda sınaqdan keçirilməsi, əldə olunan nəticələrin isə yenidən tədris prosesinə və aqrar istehsalata qaytarılmasıdır. Beləliklə, təhsil, elm və istehsalat arasında qarşılıqlı faydaya əsaslanan davamlı əlaqə yaranır.

Azərbaycanın aqrar sektorunun qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyən edən mühüm sənədlərdən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dır. Proqramın məqsədləri kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsulların istehsalı və emalı arasında əlaqələrin gücləndirilməsi, aqrar sahədə müasir yanaşmaların tətbiqi və müvafiq istehsal istiqamətlərinin inkişafı ilə bağlıdır. 

Dövlət Proqramının hədəfləri baxımından bitkiçilik və heyvandarlıqda müasir texnologiyaların tətbiqi, torpaq münbitliyinin qorunması, su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların emalı və əlavə dəyər yaradılması tədris və elmi-tədqiqat fəaliyyətində mühüm yer tutmalıdır. Rəqəmsal kənd təsərrüfatı, dəqiq əkinçilik, məlumatlara əsaslanan təsərrüfat idarəçiliyi və resurslara qənaət edən texnologiyalar üzrə tələbələrin bilik və bacarıqlarının artırılması gələcəyin aqrar mütəxəssislərinin hazırlanması üçün vacibdir. Universitetin Tədris-təcrübə təsərrüfatı və heyvandarlıq kompleksləri bu istiqamətdə mühüm təcrübə bazası rolunu oynayır. 

Dövlət Proqramının universitetdə səmərəli tətbiqi üçün, ilk növbədə, onun müvafiq istiqamətləri ilə ADAU-nun ixtisasları, elmi-tədqiqat mövzuları və təcrübə bazalarının imkanları arasında əlaqə müəyyənləşdirilib. Proqramın ADAU-da icra vəziyyəti barədə obyektiv nəticəyə gəlmək üçün isə təsdiqlənmiş tədbirlər planları, konkret layihələr, məsul struktur bölmələrin fəaliyyəti və əldə olunmuş nəticələr əsas götürülüb. Bu baxımdan universitetin qarşısında duran vəzifə yalnız dövlət proqramının prioritetlərini dəstəkləmək deyil, həmin prioritetlərin həyata keçirilməsinə bilavasitə töhfə verən kadr, elmi-tədqiqat və innovasiya potensialını gücləndirməkdir. 

ADAU-nun gələcək inkişafı üçün bir sıra istiqamətlər xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, tələbə-müəllim münasibətlərində akademik etimadın, obyektiv qiymətləndirmənin və qarşılıqlı məsuliyyətin daha da möhkəmləndirilməsi vacibdir. Tələbənin müraciətinin dinlənilməsi, təkliflərinin nəzərə alınması və problemlərinin həlli ilə bağlı nəticələrin izlənilməsi universitetin idarəçilik mədəniyyətini gücləndirir. 

İkinci mühüm istiqamət tədrisin əmək bazarının və aqrar istehsalın real tələblərinə uyğunlaşdırılmasıdır. Rəqəmsal kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, müasir heyvandarlıq texnologiyaları, torpağın münbitliyinin qorunması və aqrar sahibkarlıq kimi sahələrdə praktik biliklərin artırılması məzunların rəqabət qabiliyyətini yüksəldə bilər. 

Üçüncü istiqamət universitetin elmi-tədqiqat potensialının istehsalatla daha sıx əlaqələndirilməsidir.

Gənclər siyasətinin prioritetləri ilə 2026–2030-cu illər üçün Dövlət Proqramının hədəflərinin uzlaşdırılması universitetin strateji inkişafında xüsusi yer tutur. Gənclərin təşəbbüslərini dəstəkləyən layihələrin, aqrar müəssisələrlə birgə təcrübə proqramlarının genişləndirilməsi, tələbə tədqiqatlarının real istehsalat problemlərinin həllinə yönəldilməsi və əldə olunan nəticələrin qiymətləndirilməsi məqsədəuyğundur. Belə yanaşma gənclərə göstərilən dövlət qayğısını konkret təhsil və inkişaf imkanları ilə tamamlayacaq, eyni zamanda, ADAU-nun ölkənin aqrar sektorunun modernləşdirilməsində rolunu gücləndirəcək. 

2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı universitetin qarşısında təhsil, elm və istehsalat arasında əlaqələri daha da möhkəmləndirmək üçün mühüm istiqamətlər müəyyənləşdirir. Bu hədəflərə uyğun olaraq, ADAU-da müasir aqrar texnologiyaların tədrisinin genişləndirilməsi, elmi tədqiqatların istehsalatın real ehtiyaclarına yönəldilməsi, tədris-təcrübə təsərrüfatının imkanlarından səmərəli istifadə və tələbələrin praktiki hazırlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, proqramın icrasına verilən töhfə konkret tədbirlər, layihələr və ölçüləbilən nəticələr əsasında qiymətləndirilməlidir. 

ADAU-nun uğuru yalnız məzunların sayında və əldə olunan diplomlarda deyil, onların qazandıqları biliklərin real həyatda tətbiqində, müasir texnologiyalardan istifadə etməkdə, aqrar istehsalın problemlərinə elmi həllər tapmaqda və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdə özünü göstərir. Torpağın dilini anlayan, elmin gücünə inanan, milli-mənəvi dəyərlərə hörmət edən, iqtisadi düşüncəyə və peşəkar məsuliyyətə malik mütəxəssislərin hazırlanması universitetin ən mühüm strateji məqsədlərindən biridir. Qarşıda duran böyük hədəf isə təhsili, elmi, gənclərin hərtərəfli inkişafını və istehsalatı vahid inkişaf məntiqində birləşdirərək Azərbaycanın aqrar gələcəyinə xidmət edən güclü mütəxəssis hazırlığı sistemi formalaşdırmaqdır. Bu hədəfə doğru atılan hər bir düşünülmüş addım universitetin nüfuzuna, gənclərin gələcəyinə və ölkənin davamlı inkişafına verilən töhfədir.

Arif Qazıyev, 
ADAU-nun kafedra müdiri, 
biologiya elmləri namizədi, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью