Müasir Azərbaycan dövlətçiliyində gənclər faktorunun strateji əhəmiyyəti ŞƏRH

02.02.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasında gənclərə yönəlik dövlət siyasəti milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi formalaşmış və müasir dövrdə dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Gənclər cəmiyyətin sosial dinamizmini təmin edən, intellektual və yaradıcı potensialı ilə dövlətin gələcəyini müəyyən edən strateji sosial qrup kimi çıxış edir. Məhz bu səbəbdən gənclərin hüquqlarının qorunması, onların cəmiyyətə fəal inteqrasiyası, dövlətçilik dəyərlərinə bağlı, milli maraqları müdafiə edən və qlobal çağırışlara adekvat cavab verə bilən nəslin formalaşdırılması Azərbaycan dövlət siyasətinin əsas məqsədləri sırasında yer alır.

Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə fəal iştirakı tarixi ənənələrə söykənir. Müxtəlif dövrlərdə gənclər milli oyanış, azadlıq ideyalarının yayılması və dövlət müstəqilliyinin bərpası uğrunda mübarizədə aparıcı rol oynamışdır. Müstəqillik illərində isə bu potensialın düzgün istiqamətləndirilməsi, sistemli dövlət siyasəti ilə dəstəklənməsi zəruri idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra gənclər siyasəti məqsədyönlü və ardıcıl dövlət strategiyasına çevrilmiş, gənclər dövlət quruculuğunun fəal subyekti kimi tanınmışdır. Bu siyasətin ideoloji əsaslarından biri 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsidir. 1996-cı ildə keçirilmiş Azərbaycan gənclərinin birinci Forumu yalnız simvolik tədbir deyil, gənclərlə dövlət arasında institusional dialoqun başlanğıcı kimi mühüm əhəmiyyət kəsb etmişdir. Ulu Öndər Heydər Əliyevin forumda iştirakı və gənclərlə birbaşa ünsiyyəti gənclərə verilən siyasi dəyərin bariz nümunəsi olmuşdur. 2 fevralın rəsmi bayram günü kimi təsdiqlənməsi isə gənclərin dövlət siyasətində ayrıca və prioritet hədəf qrup kimi qəbul edildiyini təsdiqləmişdir. Bu addım Azərbaycanı regionda və postsovet məkanında gənclər gününü rəsmi şəkildə qeyd edən ilk dövlətlərdən birinə çevirmişdir.

Azərbaycanın gənclərə yönəlik siyasəti beynəlxalq təcrübə ilə müqayisədə qabaqcıl və proaktiv xarakter daşıyır. Bir çox ölkələrdə gənclər siyasəti sonrakı mərhələlərdə formalaşdığı halda, Azərbaycanda bu sahə dövlət müstəqilliyinin ilk illərindən strateji istiqamət kimi müəyyən edilmişdir. Gənclərlə bağlı məsələlərin ayrı-ayrı sahələr üzrə deyil, vahid dövlət konsepsiyası çərçivəsində həll edilməsi bu siyasətin əsas üstünlüklərindən biridir. Bu baxımdan 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinə institusional yanaşmasının təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.

Nazirliyin yaradılması müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsində fəaliyyətinin əlaqələndirilməsinə, gənclər siyasətinin sistemli şəkildə icrasına və dövlət proqramlarının vahid mərkəzdən idarə olunmasına imkan yaratmışdır. Bu struktur vasitəsilə gənclərin sosial problemlərinin həlli, onların məşğulluğu, sağlam həyat tərzinin təşviqi, mədəni və idman fəaliyyətinə cəlb olunması məqsədyönlü şəkildə həyata keçirilmişdir. Beləliklə, gənclər siyasəti təkcə ideoloji deyil, eyni zamanda sosial-iqtisadi inkişafın mühüm komponentinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə verdiyi töhfələr təkcə institusional qərarlarla məhdudlaşmamış, dərin ideoloji məzmun daşımışdır. Onun siyasi baxışlarında gənclər dövlətin gələcəyini müəyyən edən əsas qüvvə kimi qiymətləndirilirdi. Heydər Əliyev gənclərin təhsil almasını, elmi və intellektual potensialının inkişafını, milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasını milli təhlükəsizliyin əsas amillərindən biri hesab edirdi. Bu yanaşma nəticəsində gənclər siyasəti qısamüddətli tədbirlər toplusu deyil, uzunmüddətli strateji xətt kimi formalaşmışdır. Bu strateji xəttin hüquqi əsaslarını “Dövlət gənclər siyasəti haqqında” qanun və digər normativ-hüquqi aktlar təşkil edir. Sözügedən qanun gənclərin hüquq və vəzifələrini, dövlətin gənclər qarşısında məsuliyyətini, gənclər siyasətinin məqsəd və prinsiplərini aydın şəkildə müəyyən etmişdir. Qanunvericilik bazası gənclərin sosial müdafiəsinin gücləndirilməsi, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, ictimai-siyasi fəallığın artırılması üçün mühüm hüquqi zəmin yaratmışdır.

Azərbaycan gənclərinin forumları və müxtəlif dialoq platformaları gənclərin dövlət idarəçiliyində iştirakının genişlənməsinə xidmət etmişdir. Bu forumlar vasitəsilə gənclərin problemləri, təklif və təşəbbüsləri birbaşa dövlət strukturlarına çatdırılmış, gənclərin qərar qəbuletmə proseslərində iştirakı stimullaşdırılmışdır. Dövlət və cəmiyyət arasında körpü rolunu oynayan bu mexanizmlər gənclərin vətəndaş məsuliyyətinin və sosial fəallığının formalaşmasında mühüm rol oynamışdır.

İstedadlı gənclərə dövlət qayğısı Azərbaycan gənclər siyasətinin xüsusi istiqaməti kimi diqqət mərkəzində saxlanılmışdır. Elmdə, təhsildə, mədəniyyətdə və idmanda fərqlənən gənclərin aşkara çıxarılması və stimullaşdırılması dövlətin intellektual kapitalının formalaşdırılmasına xidmət edir. “Qızıl Kitab” təşəbbüsü bu siyasətin simvolik və ideoloji ifadəsi olmaqla, istedadlı gənclərin dövlət səviyyəsində tanınmasını və qiymətləndirilməsini təmin etmişdir. Bu yanaşma gənclərdə motivasiya və məsuliyyət hissini gücləndirərək onların potensialını ölkənin inkişafına yönəltməyə imkan verir.

Gənclər siyasətinin mühüm ideoloji sütunlarından biri vətənpərvərlik tərbiyəsidir. Azərbaycan dövlətinin gənclərə verdiyi tərbiyə modeli milli kimliyin qorunmasına, dövlət müstəqilliyinə sədaqətə və tarixi yaddaşın möhkəmləndirilməsinə əsaslanır. Xüsusilə müasir dövrdə Azərbaycan gəncliyinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında nümayiş etdirdiyi mövqe dövlətin gənclər siyasətinin real nəticələrini əyani şəkildə ortaya qoymuşdur. Bu fakt bir daha sübut edir ki, gənclər siyasəti yalnız sosial dəstək mexanizmi deyil, eyni zamanda milli-strateji təhlükəsizlik amilidir.

Beləliklə, Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti dərin tarixi köklərə, möhkəm hüquqi bazaya və aydın ideoloji konsepsiyaya malikdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt bu gün də uğurla davam etdirilir və gənclərin dövlət və cəmiyyət həyatında aparıcı rolunun daha da güclənməsinə xidmət edir. Azərbaycan gəncliyi bilik, bacarıq, vətənpərvərlik və milli məsuliyyət ruhunda formalaşaraq ölkənin davamlı inkişafının əsas dayaqlarından biri kimi çıxış edir.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью