Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
“Uşaq hüquqları haqqında” yeni hazırlanan qanun layihəsində 1998-ci ildə qəbul edilmiş əvvəlki variantla müqayisədə daha mütərəqqi müddəalar yer alıb. Zamanın tələbləri, sürətli texnoloji tərəqqi və qloballaşma yeni hüquqi tənzimləmələrin qəbulunu qaçılmaz edir. Daim transformasiyaya uğrayan müasir dünyada uşaq hüquqları ilə bağlı qanunvericiliyin yenilənməsinə ciddi ehtiyac var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrin və texnoloji imkanların genişlənməsi uşaqların mühafizəsi məsələsini yenidən gündəmə gətirib. “Təəssüf ki, bəzən uşaqların hüquqlarını qorumağa çalışan mediada belə onların təhlükəsizliyinə risk yaradan hallara rast gəlirik. Bir çox hallarda həm media, həm də ailə üzvləri tərəfindən uşaqların şəxsi məlumatları, ünvanları və uyğun olmayan görüntüləri açıq şəkildə paylaşılır”, - deyə L.Mehralı əlavə edib.
Ekspert hesab edir ki, yeni qanun layihəsində bu məqamlara aydınlıq gətirilməlidir. 18 yaşına çatmayan və müstəqil qərar vermə səlahiyyəti olmayan uşaqların görüntülərinin sosial şəbəkələrdə paylaşılması düzgün deyil və bu sahədə müəyyən qadağalar tətbiq edilməlidir.
“Bundan əlavə, yeni müddəalarda ölkəmizdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan uşaqların hüquqları, həmçinin himayədar ailə və övladlığagötürmə kimi mühüm məsələlər öz əksini tapıb. İnanıram ki, bu qanun layihəsi Azərbaycanın uşaq hüquqları sahəsindəki qanunvericiliyini müasir beynəlxalq standartlara tam uyğunlaşdıracaq. Ümid edirik ki, ictimai müzakirələr və qanunun qəbulu bu sahədə müsbət nəticələrə yol açacaq”, - deyə sosioloq qeyd edib.