Müasir əmək bazarı: Diplom, yoxsa bacarıq?

05.05.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə dünyada baş verən texnoloji dəyişikliklər iqtisadi sistemin strukturunu köklü şəkildə dəyişdirməyə başlayıb.

Xüsusilə rəqəmsal iqtisadiyyatın sürətli inkişafı əmək bazarında yeni imkanlar yaratmaqla yanaşı, ənənəvi iş modellərinə də ciddi təsir göstərir.

Artıq insanlar fiziki məkan və sabit iş saatlarından asılı olmadan, internet üzərindən gəlir əldə etmək imkanına malikdirlər.

“Freelance” (Frilans - sərbəst işləmək) və onlayn işlərin geniş yayılması fərdlərə daha çevik və müstəqil çalışma imkanı versə də, bu sahədə qeyri-sabit gəlir, sosial təminatın zəifliyi kimi risklər də mövcuddur.

Digər tərəfdən, rəqəmsal sahəyə marağın artması bəzi hallarda ali təhsilə və ixtisaslaşmaya olan diqqətin azalmasına səbəb olur ki, bu da gələcək əmək bazarının keyfiyyətinə təsir edə bilər.

Maraqlıdır, gələcəyin əmək bazarı hansı istiqamətdə formalaşacaq və bu proses necə tənzimlənəcək?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı əmək bazarının strukturunda ciddi dəyişikliklərə səbəb olur:

“Onlayn platformaların genişlənməsi, avtomatlaşdırma texnologiyalarının tətbiqi və süni intellektin inkişafı ənənəvi iş yerlərinin bir hissəsinin transformasiyasına, eyni zamanda yeni iş sahələrinin yaranmasına gətirib çıxarır.

Rəqəmsal iqtisadiyyatın inkişafı xüsusilə rutin və təkrarlanan funksiyaları olan iş yerlərinə daha güclü təsir göstərir. Mühasibatlıq, müştəri xidmətləri, logistika və bəzi inzibati proseslər avtomatlaşdırma və rəqəmsal həllərlə əvəz olunma mərhələsindədir.

Bununla yanaşı, data analitika, kibertəhlükəsizlik, rəqəmsal marketinq və proqramlaşdırma kimi yeni peşə sahələri əmək bazarında sürətlə əhəmiyyət qazanır.

“Freelance” və onlayn iş modellərinin genişlənməsi insanlara daha çevik iş qrafiki, coğrafi sərbəstlik və gəlir imkanlarının diversifikasiyası kimi üstünlüklər təqdim edir. 

Bununla belə, bu model sabit gəlir zəmanətinin olmaması, sosial təminatların məhdudluğu və yüksək rəqabət kimi riskləri də özündə ehtiva edir.

Zənnimcə gələcək əmək bazarında tamamilə ənənəvi və ya yalnız rəqəmsal iş modelinin üstünlük təşkil etməsi gözlənilmir. Əksinə, hibrid iş mühiti modeli, yəni ənənəvi və rəqəmsal iş formalarının paralel inkişafı  əsas tendensiya kimi formalaşmaqdadır.

Ali təhsilə münasibətdə isə müşahidə olunur ki, onlayn iş imkanlarının artması bəzi gənclər arasında ixtisas üzrə təhsilə marağın dəyişməsinə təsir göstərir. Lakin bu tendensiya ali təhsilin rolunun azalması kimi deyil, onun məzmununun transformasiyası kimi qiymətləndirilir. Müasir əmək bazarı daha çox praktiki bacarıqlara, rəqəmsal kompetensiyalara və çevik adaptasiya qabiliyyətinə üstünlük verir.

Bu baxımdan, bir sıra ölkələrdə ali təhsil sistemlərinin əmək bazarına inteqrasiyası istiqamətində islahatlar həyata keçirilir. Təhsil proqramlarının rəqəmsallaşdırılması, praktik yönümlü tədrisin genişləndirilməsi və mikro-sertifikat sistemlərinin tətbiqi bu istiqamətdə əsas tənzimləmə mexanizmləri kimi çıxış edir.

Rəqəmsal iqtisadiyyat əmək bazarını köklü şəkildə dəyişdirərək yeni imkanlar yaratdığı kimi, ənənəvi yanaşmaların da yenilənməsini zəruri edir”.

Ekspert qeyd edir ki, gələcəkdə uğurlu əmək fəaliyyəti daha çox diplomdan deyil, bilik, bacarıq və rəqəmsal uyğunlaşma qabiliyyətindən asılı olacaq.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: əmək bazarı Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью