Müasir hibrid müharibə növü: kiber təhdidlər... İnsanlar öz qurduqları dövlətə qarşı yönləndirilir

23.07.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hibrid müharibələr dövrünün ən təsirli müharibə növlərindən biri kiber müharibələrdir. Kiber müharibələr əslində bir cəmiyyətin, bir ictimaiyyətin ictimai düşüncəsinə təzyiq göstərməklə, o düşüncəni idarə edərək öz arzu etdiyi məqsədləri cəmiyyətə diktə edir. Beləliklə, cəmiyyətin nəzdində nəzərində dövlətin, hakimiyyətin, liderin obrazını dəyişməklə, nəticə etibarilə hədəf olaraq dövləti görür, dövləti nüfuzdan salır. Ona görə də, kiber müharibə çox təhlükəli müharibə növüdür”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Bababoğlu danışıb. Deputat qeyd edib ki, insanlar fərqində olmadan öz milli maraqlarına qarşı yönləndirilir: “Vətəndaş hesab edir ki, o, öz dövlətinin milli maraqlarını müdafiə edir. İnsanlar öz qurduqları dövlətə qarşı yönləndirilir. Fərqində olmur ki, tam əksinə dövlətinin möhkəmlənməsinə xidmət edir və beləliklə, milli düşüncənin xaotikləşdirilməsi hadisəsi baş verir. Bu, çox təhlükəli bir tendensiyadır”.

Deputat vurğulayıb ki, çox sevindirici haldır ki, Azərbaycanda bunun fərqində olan dövlət qurumlarımız var və dövlət qurumları vaxtaşırı bu cür kiber müharibəni sıradan çıxartmağı bacarırlar.

“Hazırda “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən daha iki subyektin sıradan çıxarılması çox ciddi bir hadisədir və əslində həm də bu sahədə görüləcək nə qədər daha çox mühüm işlərin olduğunun bir göstəricisidir. Ona görə də düşünürəm ki, paralel olaraq həm də media vasitələri ilə maarifləndirmə aparmalıyıq. Yəni, vətəndaşlarımız bu cür halların fərqində olaraq savadlanmış olsunlar ki, şəbəkələrin toruna düşməsinlər və ya belə şəbəkələri fərq edərək müvafiq dövlət qurumlarına məlumat versinlər. Əks təqdirdə, biz öz milli iradəmizi hansısa bizim üzərimizdə nəzarət qurmaq istəyən subyektlərin təsiri altına buraxmış ola bilərik”-deyən deputat bildirib ki, bu cür əməliyyatlar haqqında ictimaiyyətin məlumatlandırılması elə həm də maarifləndirmə deməkdir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью