Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
İstər iqtisadi sferada, istərsə də digər mühüm sahələrdə əldə etdiyimiz uğurların əsasında möhtərəm Prezidentimizin düzgün və məqsədyönlü siyasəti dayanır. Azərbaycan dövlətinin müasir iqtisadi strategiyası sadəcə mövcud vəziyyəti qorumağa deyil, həm də gələcək onilliklərin böyük sənaye zəncirini indidən inşa etməyə hədəflənib. Cari ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə məhz bu uzaqgörən siyasətin növbəti fundamental mərhələsidir. Həmin görüşdə müzakirə olunan və 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkəmizin daxili resurslarının idarə olunmasında tamamilə yeni bir fəlsəfi yanaşmanın əsasını qoydu. Azərbaycan artıq sadəcə xammal hasil edən coğrafiya olmaqdan çıxmalı, yüksək texnologiyalı son məhsul istehsal edən mərkəzə çevrilməlidir.
Bəli, bu yanaşma milli sənayenin daxili strukturunu kökündən yeniləyir. İndiyə qədər yerin altından çıxarılan zəngin metal filizləri əsasən ilkin formada xaricə satılırdısa, yeni proqramla bu xətt tamamilə dəyişir. İndi hədəf hasil olunan hər bir qram metalın ölkə daxilində qurulacaq müasir zavodlarda emal edilməsi və böyük sənaye komplekslərinin əsas hərəkətverici qüvvəsinə çevrilməsidir. İqtisadi baxımdan bu, ən yüksək maliyyə mənfəətinin və əlavə dəyərin xarici bazarlarda deyil, məhz Azərbaycanın daxilində qalması deməkdir. Bu cür müstəqil istehsalat zənciri ölkəni qlobal bazarlardakı iqtisadi dalğalanmalardan qorumaq üçün ən güclü qalxandır.
Əlbəttə ki, bu böyük sənaye dalğasının coğrafi miqyası da xüsusi diqqət çəkir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin zəngin dağ-mədən potensialı bu prosesin mərkəzində dayanır. Həmin ərazilərdəki yataqların aktiv dövriyyəyə salınması, regional dirçəlişə real olaraq tam fərqli bir sürət qazandıracaq. Proqnozlaşdırılan hədəflər olduqca böyükdür: sənayedə 5000-dən çox yeni daimi iş yerinin açılması nəzərdə tutulur ki, bu da minlərlə ailənin sabit gəlir mənbəyi ilə təmin olunması deməkdir. Eyni zamanda, bu makroiqtisadi layihənin dövlət büdcəsinə illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olacağı gözlənilir. Bu rəqəmlər Azərbaycanın qeyri-neft sektorunun gələcəkdə hansı nəhəng miqyasda böyüyəcəyinin birbaşa sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən aydın olur ki, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir və qəbul edilən Dövlət Proqramları məhz sözügedən istiqamətdə öz müsbət təsirini daha yaxşı göstərəcəkdir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri