Müasir şəhərsalma siyasəti Azərbaycanın gələcək inkişaf modelini əyani şəkildə nümayiş etdirir ŞƏRH

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycanın şəhərsalma və memarlıq irsi hər bir dövrün siyasi, sosial və mədəni düşüncə tərzini özündə əks etdirən canlı tarixdir. Şəhərsalma və memarlıq irsi keçmişin yadigarı, milli kimliyimizin, dövlətçilik fəlsəfəmizin və gələcəyə baxışımızın aydın ifadəsidir. Xüsusilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi bu baxımdan mühüm mərhələ təşkil edir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Ulu Öndərin şəhərsalma siyasətində əsas prinsip insan amili idi. Şəhərlər inzibati və iqtisadi mərkəzlər, insanların rahat yaşadığı, estetik zövq aldığı, sosial münasibətlərin formalaşdığı məkanlar kimi planlaşdırılırdı. Məhz bu yanaşma nəticəsində Azərbaycanda müasir şəhərsalma düşüncəsinin təməli qoyuldu, milli memarlıq üslubu qorunmaqla yeni memarlıq konsepsiyaları formalaşdı.

“Azərbaycanın şəhərsalma və memarlıq sahəsində əldə etdiyi müasir uğurların əsasında Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti dayanır. Dövlətimzin başçısının rəhbərliyi ilə şəhərsalma vahid dövlət strategiyası kimi həyata keçirilir. Regional balansın qorunması, müasir infrastrukturun qurulması, ekoloji dayanıqlıq və milli memarlıq ənənələrinin saxlanılması bu siyasətin əsas prioritetlərindəndir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri planlı yanaşmanın və güclü idarəetmə modelinin real nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurda qurulan şəhər və kəndlər Azərbaycanın gələcək inkişaf modelini əyani şəkildə nümayiş etdirir”, - deyə G. Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işləri müasir Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir. Yenidənqurma prosesi planlı, mərhələli və strateji xarakter daşıyır. Şəhər və kəndlər müasir urbanistik standartlara uyğun şəkildə inşa edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Yanaşma göstərir ki, Azərbaycan gələcəyin inkişaf modeli əsasında yeni həyat qurur.

“Tarixi-mədəni irs nümunələrinin bərpasına xüsusi həssaslıqla yanaşılır. Məscidlər, tarixi abidələr, mədəniyyət ocaqları orijinal memarlıq üslubu qorunmaqla yenidən həyata qaytarılır. Bütün bunlar mənəvi dirçəlişdir. Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan hər bir abidə milli kimliyimizin və tarixi yaddaşımızın bərpasıdır. Salınan yollar, tikilən məktəblər, yaradılan yaşayış məkanları gələcəyə ünvanlanan açıq mesajdır. Bu torpaqlar əbədi olaraq Azərbaycanındır və burada həyat sülh, inkişaf və tərəqqi üzərində qurulur”, -deyə deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью