Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri” mövzusunda panel müzakirə keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Coğrafi ekologiya kafedrasının müdiri dosent Məhluqə Yusifova “Urbanizasiya və şəhərlərin ekologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, müasir şəhərsalma proseslərinin ekoloji mühitə təsiri, şəhər landşaftlarının transformasiyası və dayanıqlı şəhər inkişafı məsələlərinə elmi aspektdən toxunub. Məruzədə qeyd olunub ki, şəhərsalma yalnız demoqrafik və iqtisadi proses deyil, təbii ekosistemlərin dəyişməsi, şəhər ekosistemlərinin formalaşması, atmosfer, su və torpaq mühitinə antropogen təsirlərin artması ilə xarakterizə olunan kompleks ekoloji prosesdir. Şəhərlərin sürətli genişlənməsi nəticəsində yaşıl zonaların azalması, hava çirklənməsi və resurslardan qeyri-səmərəli istifadə kimi problemlər aktuallaşır. Bu məsələlərin elmi əsaslarla araşdırılması şəhər ekologiyasının əsas tədqiqat istiqamətlərindən biridir. Dosent Məhluqə Yusifova çıxışında bu mövzunun qlobal müstəvidə aktuallığını da vurğulayaraq 2024-cü ildə Azərbaycanda keçirilmiş COP29 çərçivəsində müzakirə edilən iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi kimi məsələlərin şəhər mühitinin idarə olunması ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il ev sahibliyi edəcəyimiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi beynəlxalq platformada da inklüziv şəhər planlaşdırılması və ekoloji cəhətdən balanslaşdırılmış şəhər mühitinin formalaşdırılması əsas müzakirə mövzularından biri olacaq. Qlobal iqlim gündəliyi ilə şəhər inkişafı siyasətlərinin uzlaşdırılması müasir dövrdə həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı şəhər idarəetməsinin prioritetlərindən biri hesab olunur.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, doktorant İmran Bayramov “Azərbaycanda şəhər planlaşdırması və şəhər məskunlaşmasının xüsusiyyətləri” mövzusunda çıxış edib. O, ölkədə şəhərsalmanın tarixi mərhələləri, şəhər məskunlaşmasının məkan xüsusiyyətləri və prinsipləri barədə məlumat verib. Şəhərlərin formalaşmasının yalnız inzibati və iqtisadi amillərlə deyil, həmçinin coğrafi mövqe, təbii resurslar, nəqliyyat-kommunikasiya şəbəkələri və regional inkişaf strategiyaları ilə sıx bağlı olduğunu bildirib. İmran Bayramov Azərbaycanın müxtəlif şəhərlərindən nümunələr təqdim edərək şəhərsalma prosesinin regional inkişaf, iqtisadi fəaliyyətin mərkəzləşməsi və infrastrukturun genişlənməsi ilə qarşılıqlı əlaqəsini izah edib.
Panel müzakirə çərçivəsində iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, şəhərsalmanın yaratdığı çağırışlar və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.