Mübariz Əhmədoglu təcili üzr istəməlidir Kamran Ramazanlı

21.11.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Gürcüstanda yaşayan azərbaycanlıların ünvanına səsləndirilən fikirlər etiraz doğurub. Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı politoloq Mübariz Əhmədoğlunun açıqlamalarını qəbuledilməz hesab edərək ondan təcili üzr istəməyi tələb edib.

Kamran Ramazanlı Sherg.az-a açıqlamasında bildirib ki, Mübariz Əhmədoğlu son günlər Gürcüstanda yaşayan soydaşlarımızın guya İranın maraqlarına xidmət etdiyini iddia edərək onların ünvanına təhqiramiz ifadələr işlədib.

Birlik sədri vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar həm bu ölkənin ərazi bütövlüyünün qorunması uğrunda gürcülərlə birlikdə mübarizə aparıb, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda çoxsaylı şəhidlər veriblər. Onun sözlərinə görə, soydaşlarımız iki dost ölkə arasında münasibətlərin inkişafında da mühüm rol oynayırlar.

K.Ramazanlı qeyd edib ki, dünya şöhrətli şəxsiyyətləri, dövlət xadimləri, elm adamları və idmançıları ilə tanınan bir bölgənin bütövlükdə təhqir olunması savadsızlıq və cahillik nümunəsidir.

O, İranın müxtəlif ölkələrdə öz maraqlarına uyğun fəaliyyət göstərməyə çalışdığını, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə də ayrı-ayrı şəxslər vasitəsilə təsir imkanları yaratmağa cəhd göstərdiyini bildirib. Bununla belə, mövcud problemlərin həlli üçün konkret təkliflər irəli sürmək əvəzinə, bütövlükdə soydaşlarımızın təhqir edilməsini yolverilməz sayıb.

“Bu sahədə müəyyən problemlər mövcuddur. Onların aradan qaldırılması istiqamətində düşünmək, təkliflər vermək əvəzinə, bütövlükdə soydaşlarımızı təhqir etmək yolverilməzdir, bağışlanılmaz səhvdir və dərin ikrah doğurur. Şiddətlə qınayır, təcili üzr istəməsini tələb edirəm!” - deyə Kamran Ramazanlı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью