Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Turan Uğur
AYB-nin və AJB-nin üzvü
(araşdırma)
Görəsən, bir çox yazıçılarımız, şairlərimiz haqqında esselər, portret-oçerklər yazdığım, yaxud həyatları, ömür hekayətləri barəsində silsilə televiziya proqramları hazırladığım halda, nə üçün ustad yazıçımız Mir Cəlal bu yaradıcılıq siyahımda bulunmur? Bu sualın sadə izahını həmən almış oldum: İMTİYAZ! Mir Cəlalın müdriklik imtiyazı öz növbəsində mənim qələmimdən çıxan sətirlərimə tələsməmək rəvacını, tələsməmək tapşırığını verib.Kim bilir, bəlkə də bu yazımda yaranacaq müxtəlif suallara müqtədir ədibimizin işıqlı ruhu öz əsərlərinin dili ilə özü cavab verəcək.
Yazı əsnasında onu da xatırladım ki, biz güneylilər üçün ilk növbədə regionçuluq, yerlibazlıq deyil, insanlıq, yurdsevərlik daim ön cərgədə olub. Murad Acı demiş: ”Türkün atının yovşan yediyi hər yer Vətəndir” - misalı qulaqlarımızdan tana kimi asılıb.Məhz bu səbəbdən kökü Güney Azərbaycandan olmaqla, bir köynək bəndənizə yaxınlığı ilə seçilən ədibin həyatından yazmağı illərlə ertələmişəm, hərçənd Mir Cəlal yaradıcılığı mənim üçün həmişə maraqlı, həmişə oxunaqlı olub.Əslində, mən Mir Cəlal əsərlərini özümdən əvvəlki ədəbiyyatşünaslar, tənqidçilər kimi təhlil etməkdən çox-çox uzağam.Onu nə böyük Mirzə Cəlilə, nə də ki, hekayələrini bir nəfəsə oxuyub ciyərimə çəkdiyim, sevilən yazıçımız Əbdürrəhim bəy Haqverdiyevə bənzədirəm.Ümumən ədəbiyyatşünaslıqda müqayisə, qiyaslama metoduna, bu sayaq yanaşmalara hər zaman od püskürmüşəm, qəzəb kükrəmişəm.Mir Cəlal əsərləri də orijinallıq meyarlarına görə ümumiyyətlə, heç kəslə müqayisəyə girə bilməz, çünki bütün əsərlərində yeni mətn, yeni fabula, yeni mövzular təqdim edib yazıçımız.Bu amili nasirin ən iri həcmli romanlarından tutmuş, ən xırda hekayələrinə qədər asanlıqla şamil edərdim.
“Yazıçı yaratdığı əsərində Tanrı kimi hər an duyulmalı, hiss edilməli, ancaq özü əsla görünməməlidir”
Bu, müdriklik imtiyazını şərtləndirən, ustadlıq üstünlüyünü simgələyən ən bariz yazıçı xüsusiyyətidir.
Fikrimcə, Mir Cəlalı orijinallıqdan əlavə daha qabarıq şəkildə fərqli edən məziyyət həm də canlı müşahidələri idi.Doğulduğu Güney Azərbaycanı, Təbrizdən təxminən 30 – 35 km aralıda – Sofiyanda (Sufiyan) – Kəlaş və Qarağac yaşayış məntəqələri arasında qərarlaşan Əndəbil kəndi, boya-başa çatdığı Gəncə şəhəri və sonra onu özünə bağlayan paytaxtımız Bakı...
...Və bunların yanında kənd-kənd, şəhər-şəhər gəzib dolaşdığı ellərimiz, yurd yerlərimiz.Gədəbəydə, Gəncədə müəllim işlədiyi dövrdən, Bərdədə, Göyçayda və başqa yerlərimizdə təşkil olunan müxtəlif tədbirlərdə iştirakına qədər – hər yerdə canlı müşahidələri canlı obrazların doğulmasına vəsilə oldu.Daha sonra Bakıda aspirantura illərində -“Kommunist”, “Gənc işçi” qəzetlərində çalışarkən gördükləri, müşahidələri həyatdan ədəbiyyata körpü saldı.”Sağlam yollarda” adlanan kitabındakı oçerklər də - “Münəvvəri dinləyin!”, “İşləməyən dişləməz” kimi yazıları bu mənada ibrətlidir. Canlılıq, təbiilik baxımından ”Kəmtərovlar ailəsi” Mir Cəlalın ən maraqlı hekayələrindəndir.87 il öncə yazılan bu hekayə bugün də bütün aktuallığını təpədən-dırnağa hifz eləyir.Daha çox qazanmaq ehtiyacını, çox yemək istəyənin azdan da məhrum olmasını, qohum-əqrabanın, “qonu-qonşunun acığına biraz da artıq varlanım” düşüncəsini bütün incəliyinə, bütün detallarına kimi qələmə alıb yazıçı. Qıyıq Ələkbərin üçmərtəbə malikanəsinə qaldırılan pianoya, artist Əyyubun arvadının barmağındakı cüt-cüt brilyantlara uyanda ailələr də əziyyət çəkir, cəmiyyət də. Sevgi estafeti hərisliyə ötürüləndə faciə olur. O zaman məhəbbət pəncərədən elə qaçar ki, bir daha sayğı, mərhəmət, ülfət həmin evinin qapısına ayaqlarını basmaz.Kəmtərovlar ailəsi də olsun belə ailələrdən biri. Qulam Kəmtərovun həyat yoldaşı Leyla ilə arası sərinləmiş.
-Səbəb nə imiş, əfəndim?
-Çox dəbdəbəli, təmtəraqlı yaşamaq hərisliyi.
Ona görə gecə-gündüz tər dabanından çıxana qədər işləmək var; 3 növbə: nəşriyyatda, redaksiyada, layihə idarəsində, hətta zaqotzernoda çalışmaq var....
Leylanın murazı gözündə, arzusu ürəyində qalmasın deyə gecəni gündüzə, gündüzü gecəyə qatmaq var.Sonucda bir-birilərinin üzünü görməyən ər-arvad məktublaşa-məktublaşa ünsiyyət saxlayırlar.Sarıköynək qadın da xadimə cildində evdə nə var, cehizdən tutmuş ən adi əşyaya kimi hamısını silir-süpürür.Hekayənin finalında deyildiyi kimi:
-“O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya gedirdi.Ancaq bilmirdi kimdən şikayət etsin.Sarıköynək qadındanmı, qonşulardanmı, yoxsa özünün dəm-dəstgah hərisliyindənmi?!”
“Hərislik” sözü lap Rütubət xanımın sanki boyuna biçilimişdi.
”Ay İsmayıl, başa sal!” hekayəsinin qəhrəmanını nəzərdə tuturam. Mənim Mir Cəlal nəsrində bəlkə də ən sevdiyim hekayə budur.Bütün dövrlər üçün aktual olan mövzu rüşvətlə bağlıdır.Təsəvvür edin ki, gedirsən kiməsə pul verirsən ki, hansısa işini “aşırdasan”.Əsərdə rüşvətin müxtəlif formalarını açıqlayır yazıçı.Amma biri də var adını bilmədiyimiz rüşvət növündən danışasan.Ovaxtkı təbirlə desək bir milis işçisini –İsmayıl adında birisini yanına salıb, bazardan mer-meyvə, dükandan göy-tərəvəz filan alıb doldurasan səbətinə, yaxud bəzzazın top-top bezini, büküm-büküm parçasını vurasan qoltuğuna, şaqqa əti qəssabdan qamarlayıb aparsan pul vermədən, kimsənin də cınqırı çıxmaya.İşdi-şayət kimsə dillənsə, yanındakı milis işçisi İsmayıla deyəsən ki, bunları başa sal! Başa sal ki, mən kimin bacısıyam.Bunların hamısını
Mir Cəlal həyat müşahidələrindən əxz eləmişdi.Bugün yoxdumu həmin Rütubət xanımlar? Bugün də var, hələ ondan beş qat artıqları da var ki, əyri, kəc işləri ilə canımıza rütubət, vicvicə salırlar.
Hə, o kəc yola düşənlərin biri də ovçu idi.Amma bir yerə qədər.Ovdan ayağını çəkən hekayə qəhrəmanına bəs bu “tövbə” yə nə vadar eləmişdi? İnsaniyyətlik, mərhəmət...
Rəsul Rzanın “İnsanda insanlığı oyadın” fikrini özünə təlqin edənlərdən biri həmin ovçu Kazımdır.Mir Cəlalın “Niyə ovdan ayaq çəkdim” hekayəsinin qəhrəmanı.Bu kiçik hekayədə əsasən yaz aylarının təsviri məni özünə valeh elədi:
-“Yaxşı yadımdadır.Yaz idi.Aprelin axırı, ya mayın əvvəlləri, bəlkə də ortaları idi.İydə çiçəkləmişdi.Zəmilər ətir iyi verirdi.
O il bərk yağınıq olmuşdu.Sünbül adama boy verirdi”
Təsvir də gözəldir, dili də.
Ən cəlbedici isə əsərin ideyasıdır.Ovçu Kazımın tüfənglə öldürdüyü ceyranın məlirtisini eşitdiyi yavrularını görcək dərin sarsıntı keçirməsidir.
-“Ana ceyranın qarnına baxanda gördüm ki, yazıq balalarına süd verirmiş.Ay yazıq! Balalar rahatca durub əmdiyi yerdə, ana cəlladını görmüşdü.Görmüşdü, ancaq balasını əmizdirmək üçün dayanmış, tərpənməmişdi”
“Özündən naxoş” -
“Naxoş-maxoş bilmirəm” - hekayənin qəhrəmanı Mirzə Əsgərin bu ifadədən zəndeyi-zəhləsi gedirdi.Ömrü boyu yazı-pozuyla güzəran keçirən, ağır, fiziki işlərdən yayınan, müdiri Abasəlini gecə-gündüz həqarətə qonaq eyləyən Mirzə Əsgər əslində özündən naxoş idi.Stansiyaya işləməyə göndərilən işçilər arasında Mirzə Əsgər də vardı.Özünü naxoş sayan, istilikölçənin əlində girinc qalan bu yazı-pozu adamının sən demə, ən böyük naxoşluğu fəaliyyətsizliyi imiş.
Məsələsinin ümumi iclasa qoyulmağından qorxan, hamı ilə birgə stansiyaya yola düşən Mirzəni Abasəli elə işlədir ki - dirək qaldırmaqdan tutmuş taxta daşımağa kimi.Ürəyində Abasəlini söyə-söyə bütün işləri görən Mirzə Əsgər axşam evə taqətdən düşmüş gəlir.Gecə daş kimi yatır, səhərisi günü elə iştahla çörək yeyir ki, arvadı anlayır ki, onun mərəzi məhz özündən imiş:
-“Ay Mirzə, - ağır iş sənə düşüb, gəlsənə, hesab-kitabı buraxıb, stansiyada iş götürəsən?”
Stansiya – Mir Cəlalın “Plovdan sonra” hekayəsi də elə stansiya ilə, voğzalda yolasalma mərasimi ilə başlayır.Tipik azərbaycanlı balasının, tipik azərbaycanlı anasının bütün cizgilərini həmin hekayədə görürük.Dərslərindən çox zəif olan, ərköyün Ramizi anası Ərknaz xanımın daha da şımartması hekayə qəhrəmanını rəzil durumlara salır.Ərinin məsul vəzifədə işləməsindən istifadə edib, oğlunu sinifdən-sinfə keçirdən, nəhayət “tələbə adı” nı qazandırıb Moskvada institut oxumasına vasitələr tapan ana, övladının bivecliyini görmək istəmir. Ondan şikayət eləyən müəllimlərə nifrət kükrəyir, tələbə yoldaşlarını suçlayır, hamının onun madarının – yeganə oğlunun paxıllığını çəkdiyinə inanır. Bakıdan Moskvaya bütün naz-nemətləri göndərən, hətta isti-isti paxla-plovu yollamağın yollarını arayan Ərknaz ana əslində, korafəhmliyi ilə oğlunu da bədbəxt edir.
Yazıçı Mir Cəlalın mövzularının rəngarəng olmasının bir səbəbi də onun müxtəlif yerlərdə işləməsi, fərqli insan tipləri ilə rastlaşması idi. Ədibin müşahidəçilik qabiliyyətinin ən üst səviyyədə olması bütün personajlarının xarakterini açmasına vəsilə olub.O halda gördükləri, sezdikləri insan tiplərini oçerklərinə gətirər, elə ki, bədiyyat, obrazlılıq hissi güc gəlirdi, onda yazıçı öz sevdiyi janra – hekayə janrına üz tutardı.
Təzə olmayan bir ənənə var ki, o da iclas ənənəsidir.Hələ iclas quruları da var.Necə? İclas qurusu? Adətən ərik qurusu olur, zoğal qurusu olur, amma iclas qurusu eşitməmişdim.Eynən belədir, bəli.Bütün ömrünü protokolla yaşayan, tam rəsmiyyətlə ömür sürən əsər qəhrəmanını iclas qurusu adlandırır. Hətta yeganə övladı Məruzənin ərə verilməsi prosesində də gələcək kürəkəni Əsgərin anketlərinə baxır, adının köhnə olmasını əsas gətirərək narazılığını bildirir.Bu halda Məruzə Əsgərlə toy gününü özləri müəyyənləşdirirlər.Belə vəziyyətdə iclas qurusu əsəbiləşir, ancaq arvadı Meyransa toyda iştirak edəcəyini bildirib qapını çırpıb gedir.Ev dəyirman daşı kimi İclas qurusunun başına dolanır.Hekayə ilə tanış olanda bu cür insanlar qatar-qatar, qafilə-qafilə göz önündən gəlib keçirlər.Bütün bu insan tiplərini, həyatlarını plan-prospektlə yaşayan obrazları görəndə bizim bu xüsusiyyətlərdən xali olmağımızın muştuluğunu vermək istərsən...
...Və bunları bir imtiyaz hökmündə görürsən.Sözüm dolandı, gəldi çıxdı İMTİYAZ sözünün üstünə.Elə yazıma da Mir Cəlal portretinin ən bariz cizgisi olan müdriklik imtiyazı ilə başlamışdım.70 illik həyatı boyunca bu bədənnüma aynasında işıqlı görünən Mir Cəlal müdriklik imtiyazının tam haqqını verib və nə xoş ki, bu gün də öz ülvi missiyasını gələcəyimizə ötürməkdə davam edir.
(Təhlilimi yazıçı Mir Cəlalın “Həkim Cinayətov”, “Kəmtərovlar ailəsi”, “Ay İsmayıl, başa sal!”, “Niyə ovdan ayaq çəkdim”, “Özündən naxoş”, “Plovdan sonra” , “Xarici naxoşluq”,
“İclas qurusu” hekayələri əsasında aparmışam)
Media istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur