Müəllim kürsüsündən Şəhid zirvəsinə gedən yol

28.01.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


(Azər Namazovun 60 illiyinə və əziz xatirəsinə)


O, qələmi silahla əvəz etdi…

O, lövhəni səngərə çevirdi…

O, Vətən üçün yaşadı, Vətən üçün öldü…

Azərbaycanın tarixinı yazılmış elə günlər var ki, zaman onları silə bilməz. Əksinə, illər keçdikcə həmin günlər xalqın yaddaşında daha da dərinləşir, mənası böyüyür. Qarabağ savaşı məhz belə günlərin toplusudur. O illər Azərbaycanın yalnız torpaqlarını deyil, həm də iradəsini, ləyaqətini, sədaqətini sınağa çəkdi. Bu sınaqda xalq ayağa qalxdı. Kəndlərdən, şəhərlərdən, məktəblərdən, auditoriyalardan, iş otaqlarından insanlar səngərə yollandı. Heç nəyi düşünmədən, bəlkə də bir an belə tərəddüd etmədən. Çünki Vətən çağıranda susmaq xəyanət, tərəddüd etmək qorxaqlıq sayılırdı.

Həmin igidlərdən biri də Azər Rəhim oğlu Namazov idi. O, müəllim idi. Lövhə qarşısında dayanıb gənclərə həyat dərsi verən, Vətən sevgisini sözlə deyil, davranışı ilə aşılayan bir müəllim. Amma elə bir gün gəldi ki, söz kifayət etmədi. Tarix tələb etdiyi gün söz yerini əmələ verdi və qələm yerini silaha verdi. Azər Namazov öyrətdiyi dəyərləri bir gün özü canı ilə sübut etməyə getdi.


Azər Namazov 1966-cı il yanvarın 28-də Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. Uşaqlığı sadə kənd həyatı, zəhmət və ailə tərbiyəsi ilə keçib. Onun xarakterindəki sakitlik, təmkin, daxili güc məhz bu mühitdə formalaşıb. Orta təhsilini 1983-cü ildə Qazax mahalının Qıraq Kəsəmən kəndində, nənəsinin yanında başa vurub. Bu detal onun həyat yolunun səssiz, amma çox şey deyən cizgilərindən biridir.

1984-cü ildən 1986-cı ilə qədər Belarusiyada hərbi xidmətdə olub. Ordu illəri onun xarakterini daha da möhkəmləndirib. Nizam-intizam, məsuliyyət, səbir onun həyat prinsiplərinə çevrilib. Hərbi xidməti başa vurduqdan sonra o zamankı V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsində təhsil alıb. Bu seçim təsadüfi deyildi. Azər Namazov gəncləri həyata hazırlamağı, onları Vətənə layiq vətəndaş kimi yetişdirməyi özünə məqsəd seçmişdi.

1990-cı ildən Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə hərbi müəllim kimi fəaliyyətə başladı. Onu şagirdlərinin sözlərinə görə, müəllim sinif otağına daxil olanda qəribə bir sakitlik yaranardı. Onun səsi yüksək olmazdı, amma sözünün çəkisi vardı. O, şagirdlərinə yalnız idman hərəkətləri, hərbi hazırlıq keçmirdi. O, onlara məsuliyyət hissini, Vətənə bağlılığı və dürüstlüyü öyrədirdi. Şagirdlər onun qarşısında sadəcə müəllim yox, şəxsiyyət görürdülər.

Amma həyat birdən-birə dəyişdi. Qarabağda müharibə başlandı. Dağlardan tüstü qalxdı, şəhərlərdə sükut qırıldı. İlk güllə səsləri gələndə Azər bəy artıq öz qərarını vermişdi. O bilirdi ki, bu savaş təkcə torpaq uğrunda deyil. Bu, bir millətin gələcəyi uğrunda gedən mübarizədir. Belə məqamda müəllim kürsüsü də səngərə çevrilə bilər.

1991-ci ilin oktyabrında Azər Namazov könüllü olaraq Milli Ordu sıralarına yazıldı. O, ailəsini, rahat həyatını, sabahkı günlərini düşünmədi. Çünki o anda düşünüləsi tək bir şey vardı, Vətən. Qısa müddətdə döyüş meydanında öz soyuqqanlılığı, iradəsi və liderlik bacarığı ilə seçildi. Tağım komandiri oldu, leytenant rütbəsi aldı. Amma onun üçün rütbə heç vaxt əsas olmadı. Əsas olan əsgərlərinin yanında olmaq, onlara dayaq durmaq idi.

1991-ci ilin dekabrında Şuşanın ətraf kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdi. Həmin döyüşlər Azərbaycanın tarixində ağır, amma şərəfli izlər buraxdı. Azər Namazov üçün isə yolun ən ağır mərhələsi yaxınlaşırdı. Onun son döyüşü 1992-ci ilin yanvarında Şuşa istiqamətində keçirilən Daşaltı əməliyyatı oldu.

Daşaltı əməliyyatı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Qarlı, şaxtalı gecədə yüzlərlə könüllü döyüşçü Şuşa yolunu açmaq üçün irəlilədi. Dar dərələr, qayalı yollar, duman və sərt hava şəraiti sanki bu əməliyyatı əvvəlcədən sınağa çəkirdi. Düşmən pusqu qurmuşdu, kənd minalanmışdı. Amma buna baxmayaraq, Azərbaycan əsgəri geri çəkilmədi.

25 yanvar 1992-ci il. Gecə qaranlığında irəliləyən döyüşçülərin çoxu geri qayıtmadı. Bir çoxu ilk dəqiqələrdə yaralandı, bəziləri şaxtaya tab gətirmədi. Əməliyyat qısa müddətdə faciəyə çevrildi. Amma həmin gecə qorxu yox idi. Həmin gecə yalnız fədakarlıq vardı. Hər kəs bilirdi ki, bu yolun sonunda ya Vətən qalacaq, ya da vicdanın yükü.

Azər Namazov geri dönməyənlərin sırasında idi. O, tağımını tərk etmədi. Mühasirəyə düşəndə belə geri çəkilmədi. Son nəfəsinə qədər döyüşdü. Silahdaşlarının yaddaşında onun bir cümləsi qalıb. Vətən üçün ölmək qorxu deyil. Qorxu Vətəni itirməkdir.

Onun nəşi yalnız martın 28-də tapıldı və 29 mart 1992-ci ildə Şəhidlər Xiyabanında torpağa tapşırıldı. O gündən sonra Azər Namazov artıq bir insan deyil, bir yaddaş, bir simvol oldu. O, yaşamadığı illərin yerinə xalqın yaddaşında daha uca yaşamağa başladı.

İllər keçdi. Qarabağın dağları uzun müddət susdu. Amma o sükutun altında şəhidlərin ruhu dolaşırdı. Azər Namazovun da ruhu həmin dağlarda idi.

Ta ki 2020-ci ilin payızına qədər...

İkinci Qarabağ müharibəsi başlayanda xalq yenidən ayağa qalxdı. Bu dəfə daha güclü, daha inamlı. Şuşa azad ediləndə, Daşaltı yenidən bayrağa bürünəndə hər kəs bilirdi ki, bu Zəfər 1992-ci ildə şəhid olanların arzularının davamıdır. O qələbədə onların səsi vardı, haqqı vardı, payı vardı.

Bu gün Qaradağ rayonunda Azər Namazovun müəllim işlədiyi 180 saylı məktəb onun adını daşıyır. Məktəbin divarlarında onun şəkli, həyətində xatirəsi yaşayır. Orada oxuyan hər şagird bilir ki, bu ad təsadüfən verilməyib. Bu ad fədakarlıqla qazanılıb.

Bu gün Azər Namazovun 60 yaşı tamam olardı. O, bu yaşı yaşamadı. Amma onun yaşamadığı illəri Vətən yaşadı. O, bir ömür olmadı, bir yol oldu. Müəllimlikdən səngərə, səngərdən əbədiyyətə gedən yol.

Azər Namazov bir ad deyil. O, bir dərsdir. Qəhrəmanlıq dərsi, vətənpərvərlik dərsi, insanlıq dərsi.

Ruhun şad olsun, Azər Namazov.

Sən yaşadın ki, bu torpaq yaşasın.

Samir Əsədli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью