Müəllim sinifdə bu problemlərlə tək qalır Əməkdar müəllimdən AÇIQLAMA

15.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məktəbdə müəllimlərin metodiki dəstək ehtiyaclarından danışanda ilk növbədə bir reallığı qəbul etməliyik. Bu gün müəllimin mövcud qəbul olunmuş metdoikanı bilməsi kifayət etmir, çünki bu metdokanı real dərs prosesində tətbiq etmək imkanlarının məhduddur".

Bu sözləri Redaktor.az-a müəllimlərin metodiki dəstək ehtiyaclarından danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi.

O qeyd etdi ki, bizdə çox vaxt müəllimə yeni metodlar, yeni terminlər, yeni yanaşmalar izah olunur:

"Amma müəllim sabah sinfə daxil olanda qarşısına çox konkret suallar çıxır. Məsələn, səviyyəsi fərqli olan 25-30 şagirdlə necə işləsin, dərsə marağı olmayan uşağı necə cəlb etsin, davranış problemi olan şagirdə necə yanaşsın, verdiyi tapşırığın həqiqətən nəticə verib-vermədiyini necə müəyyənləşdirsin? Məhz bu nöqtədə metodiki dəstəyin çatışmazlığı daha aydın görünür. Digər tərəfdən, müəllimə verilən dəstək çox zaman "birdəfəlik təlim məntiqində" qurulur. Təlim keçirilir, material təqdim olunur, müəyyən müddətdən sonra həmin mövzu gündəmdən çıxır. Halbuki peşəkar inkişaf birdəfəlik tədbir deyil. Müəllimin ehtiyacı dərsdən-dərsə dəyişir və ona uyğun dəstək də davamlı olmalıdır. Xüsusilə qiymətləndirmə məsələsində bunu görürük".

Təhsil eksperti nəzərə çatdırdı ki, müəllimdən şagirdin inkişafını izləmək, formativ qiymətləndirmə aparmaq və keyfiyyətli geri bildiriş vermək tələb olunur:

"Amma bunun üçün müəllimə yalnız ümumi nəzəri izah vermək kifayət etmir. O, konkret nümunələr görməli, öz hazırladığı tapşırığı müzakirə etməli, səhvini görməli və hansı yanaşmanın daha doğru olduğunu praktikada öyrənməlidir. İnklüziv təhsil sahəsində də vəziyyət oxşardır. Sinifdə xüsusi təhsil ehtiyacı olan şagirdin olması müəllimdən əlavə peşəkar bacarıqlar tələb edir. Müəllim bu uşaqlarla işləmək üçün kifayət qədər metodiki resursa və praktik dəstəyə malik deyilsə, bütün məsuliyyəti yalnız onun üzərinə qoymaq ədalətli deyil. Həmçinin, bu gün müəllimin qarşısında rəqəmsallaşma və süni intellekt məsələsi də dayanır.

Müəllim bilməlidir ki, yeni texnoloji alətlər harada onun işini yüngülləşdirir, harada isə əksinə, əlavə risk yaradır. Məncə, məktəbdə metodiki dəstək sisteminin ən zəif tərəflərindən biri də müəllimin öz təcrübəsinin sistemə çevrilməməsidir. Halbuki bir məktəbdə yaxşı dərs keçən, sinfi düzgün idarə edən, qiymətləndirməni effektiv quran müəllim varsa, onun təcrübəsi yalnız həmin müəllimin şəxsi uğuru kimi qalmamalıdır. Həmkar müşahidəsi, mentorluq və birgə dərs təhlili məhz buna görə vacibdir. Təlim, mentorluq, nümunə dərslər, resurs bankı, həmkar dəstəyi və davamlı geribildirim bir-birindən ayrı deyil, vahid sistem kimi işləməlidir. Çünki müəllimə real sinifdə qarşılaşdığı problemləri həll etmək üçün işlək alət, vaxt və peşəkar dəstək vermək lazımdır".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью