Müəllim yenə sinif otağındadır amma qarşısındakı dünya dəyişib

05.10.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əbülfəz Süleymanlı
Professor
[email protected]

Peşə bayramları yalnız təbrik etmək üçün deyil, həmin peşənin cəmiyyətdəki yerini, dəyişən rolunu və gələcək missiyasını yenidən düşünmək üçün də bir fürsətdir. Müəllimlər Günü bu baxımdan xüsusilə düşündürücüdür. Çünki müəllimlik son illərdə yalnız texnologiyanın təsiri ilə deyil, şagirdin dəyişən dünyası, informasiya bolluğu və cəmiyyətin yeni gözləntiləri fonunda ciddi şəkildə dəyişir.

Bir vaxtlar müəllim uşağın dünyaya açılan əsas pəncərələrindən biri idi. Bu gün isə həmin pəncərələrin sayı yüzlərlədir. Şagird məktəbə yalnız ailəsinin və müəlliminin təsiri ilə gəlmir; sosial şəbəkələrin, videoların, alqoritmlərin və artıq süni intellektin formalaşdırdığı geniş informasiya mühitinin içindən gəlir. Buna görə də dəyişən təkcə müəllimin gündəlik işi deyil. Müəllimi necə yetişdirdiyimiz məsələsi də yenidən düşünülməlidir.

Təhsil haqqında danışanda Finlandiyanı tez-tez nümunə göstəririk. Amma adətən nəticəni görür, həmin nəticənin arxasında dayanan müəllim hazırlığı modelini ikinci plana keçiririk. Finlandiyada müəllim hazırlığı yüksək akademik səviyyədə qurulur və gələcək müəllim yalnız dərs metodikasını deyil, araşdırma aparmağı, öz fəaliyyətini təhlil etməyi və peşəkar qərar verməyi də öyrənir. OECD-nin son məlumatlarında Finlandiyada yeni müəllimlərin 87 faizinin ilkin müəllim hazırlığının keyfiyyətini yüksək qiymətləndirməsi də diqqət çəkir.

Dünya təcrübəsində diqqətçəkən dəyişiklik də məhz budur: müəllim hazırlığı universitetdə diplom almaqla bitən mərhələ olmaqdan çıxır. Müəllim getdikcə bütün peşə həyatı boyunca öyrənən, öz dərsini araşdıran, həmkarı ilə birlikdə yenilik sınaqdan keçirən mütəxəssis kimi formalaşdırılır.

Yaponiyada uzun illərdir tətbiq olunan lesson study yanaşması buna yaxşı nümunədir. Müəllimlər dərsi yalnız keçmir, birlikdə planlaşdırır, bir-birinin dərsini müşahidə edir, sonra nəticələri təhlil edib yenidən qururlar. OECD Yaponiyada müəllimlərin əməkdaşlıq, qarşılıqlı müşahidə və geribildirim mədəniyyətinin peşəkar inkişafın mühüm dayaqlarından olduğunu göstərir. Burada müəllim hazırlığının mühüm tərəfi üzə çıxır: yaxşı müəllim tək yetişmir; yaxşı məktəb daxilində digər müəllimlərlə birlikdə yetişir.

Sinqapur isə başqa maraqlı istiqamət göstərir. Orada müəllim hazırlığı ilə məktəb praktikası və elmi araşdırma arasında məsafəni azaltmağa çalışırlar. Milli Təhsil İnstitutunun məktəblərlə birlikdə həyata keçirdiyi layihələrdə müəllimlər hazır metodikanı sadəcə qəbul etmirlər; tədqiqatçılarla birlikdə dərs modelləri qurur, süni intellekt vasitələrini sınaqdan keçirir və nəticələri təhlil edirlər. Son layihələrdə müəllimlərin peşəkar inkişafı “yuxarıdan verilən təlim”dən daha çox birgə dizayn, birgə araşdırma və birgə yenilik yaratmaq üzərində qurulur.

Bu, müəllim yetişdirilməsində çox ciddi bir dəyişiklikdir. Gələcək müəllim yalnız “necə dərs keçəcəyini” öyrənməməlidir. O, yeni vəziyyət qarşısında öz üsulunu necə dəyişəcəyini, hansı texnologiyanın faydalı, hansının isə sadəcə cazibəli olduğunu necə müəyyənləşdirəcəyini də bilməlidir.

Süni intellekt bu ehtiyacı daha da artırıb. UNESCO 2024-cü ildə müəllimlər üçün ayrıca süni intellekt bacarıqları çərçivəsi hazırladı. Burada müəllimdən yalnız proqramdan istifadə etmək bacarığı gözlənilmir. İnsan mərkəzli yanaşma, etik məsuliyyət, süni intellektin əsaslarını anlamaq, onu pedaqogikaya uyğun istifadə etmək və bu vasitələrdən öz peşəkar inkişafı üçün yararlanmaq əsas istiqamətlər kimi müəyyənləşdirilir. 2026-cı ildə UNESCO-nun 36 müxtəlif milli və institusional modeli təhlil etməsi göstərir ki, artıq dünyada əsas müzakirə “müəllim süni intellektdən istifadə etməlidir

Estoniyada da 2026-cı ildən müəllim üçün pilləli karyera modeli tətbiq olunur: başlayan müəllim, müəllim, baş müəllim və ustad müəllim kimi mərhələlər peşəkar inkişafla əlaqələndirilir. Məqsəd yalnız vəzifə adı vermək deyil, müəllimin illər ərzində inkişafını görünən və davamlı prosesə çevirməkdir.  Bu yanaşma müəllim hazırlığının universitetlə bitmədiyini, peşənin özünün də davamlı öyrənmə sistemi tələb etdiyini göstərir.

Bütün bu nümunələrdən çıxan nəticə sadədir: gələcəyin müəllimini dünənin modeli ilə hazırlamaq olmaz.

Bu gün gələcək müəllimə fənnini yaxşı bilmək kifayət etmir. O, rəqəmsal mühiti anlamalı, məlumatın etibarlılığını yoxlamağı bacarmalı, müxtəlif şagirdlərlə işləyə bilməli, sosial və emosional problemləri tanımalı, öz dərsini təhlil etməli və lazım gələndə metodunu dəyişdirməlidir. Ən əsası isə texnologiyanın imkanlarından istifadə etməklə yanaşı, onun qarşısında insan düşüncəsinin müstəqilliyini qorumalıdır.

Çünki əsas təhlükə uşağın süni intellektdən istifadə etməsi deyil. Əsas təhlükə düşünmə prosesinin tamamilə ona ötürülməsidir. Hər dəfə hazır cavaba öyrəşən şagird zamanla axtarmaq, müqayisə etmək, şübhə etmək və səhvdən nəticə çıxarmaq vərdişini itirə bilər. Belə şəraitdə müəllim hazırlığının mərkəzində yeni bir bacarıq dayanmalıdır: şagirdə cavab verməkdən çox, onun düşünməsini təşkil etmək.

Gələcəyin müəllimi texnologiyaya qarşı duran müəllim olmayacaq. O, texnologiyadan istifadə edən, amma şagirdin düşünmə məsuliyyətini maşına təhvil verməsinə imkan verməyən müəllim olacaq.

Müəllim yenə sinif otağındadır. Amma onun yetişdirildiyi universitet, aldığı pedaqoji hazırlıq və sonrakı peşəkar inkişaf sistemi dəyişməsə, qarşısındakı yeni dünyaya yalnız köhnə vasitələrlə cavab verməli olacaq.

Yeni nəsil şagird yetişdirmənin yolu, yeni dövrün tələblərinə uyğun müəllim yetişdirməkdən keçir. Təhsildə dayanıqlı dönüşümün əsas dayağı isə texnologiyanın özü deyil, onu pedaqoji məqsədlərlə düzgün istiqamətləndirə bilən, tənqidi düşünən və peşəkar qərarvermə bacarığına sahib müəllimdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью