Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlərdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı aqressiv davranışları, hətta bəzi hallarda bu davranışların fiziki zorakılıq həddinə çatması diqqət çəkir.
Bu cür halların arxasında uşağın emosional vəziyyəti, ailə münasibətləri, məktəb mühiti və sosial çevrəsi kimi müxtəlif amillər dayana bilər.
Bəs məktəblilərdə müəllimə qarşı aqressiya hansı səbəblərdən yaranır və bu davranışın qarşısını almaq üçün valideyn və məktəb hansı addımları atmalıdır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, uşağın müəllimə qarşı aqressiyasını yalnız məktəblə əlaqələndirmək düzgün deyil:
"Uşaq ilk davranış modelini ailədə formalaşdırır. Evdə qışqırıq, təhqir, zorakılıq və sərhədsizlik varsa, uşaq bunları münasibət qurma üsulu kimi mənimsəyə bilər. Məktəb və sosial çevrə isə bu davranışı gücləndirə və ya zəiflədə bilər.
Davamlı aqressiyanı sadəcə tərbiyəsizlik kimi qiymətləndirmək problemin özünü görməməkdir. Davranış pozuntuları təkrarlanırsa, səbəbi araşdırılmalı və vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir".
Psixiloq bildirib ki, müəllimə qarşı təhqir, hədə və fiziki zorakılıq adi uşaq davranışı deyil:
"Bu, ciddi sərhəd pozuntusudur. Uşağın davranışına bəraət qazandırmaq problemi həll etmir, aqressiyanın möhkəmlənməsinə səbəb olur. Valideyn uşağının səhvini örtməməli, davranışına aydın sərhəd qoymalı və ehtiyac olduqda mütəxəssisə müraciət etməlidir. Məktəb də yalnız cəza verməklə kifayətlənməməli, davranışın səbəbini araşdırmalıdır.
Valideynlər uşağın hər səhvini örtməklə onu qorumurlar. Uşağın səhvini gizlətmək problemi həll etmir, onu böyüdür. Cəmiyyət də aqressiyanı normallaşdırmamalıdır”.
Psixoloq qeyd edib ki, uşağın zorakılığına göz yummaq zorakılığın sərhədlərini daha da genişləndirir:
"Uşağa sərhəd qoymaq cəza deyil, məsuliyyət yaratmaqdır".
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin