Müəllimə hörmətsizliyə görə cərimə... Ekspert

11.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanda tətbiq olunan mövcud mexanizm tədricən bizim ölkədə də tətbiq oluna bilər. Çünki getdikcə valideynlərin müəllimlər üzərində bir növ hakimiyyəti formalaşır, eyni zamanda şagirdlərin müəllimlərə qarşı davranışlarında radikallaşma müşahidə olunur. Bu isə xoşagələn hal deyil.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi müəllimlərin hüquqlarının qorunması və məktəblərdə nizam-intizam məsələlərindən danışarkən deyib.

Ekspert bildirib ki, Qazaxıstanda tətbiq olunan cərimə mexanizmi müəyyən qədər neqativ halların qarşısını almağa kömək edə bilər:

“Belə bir mexanizm qüvvədə olduqda həm valideynlər, həm də şagirdlər qanunvericiliyin tələblərinə uyğun davranmağa çalışacaq. Hazırda Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagirdlərin etik davranış qaydaları, eləcə də müəllimlərin etik davranış qaydaları müəyyənləşdirilib. Həmin qaydalara riayət olunmalıdır. Gələcəkdə bu sahədə daha sərt inzibati qərarların qəbul edilməsi də istisna deyil. Qaydaların pozulması halları davam edərsə, ölkəmizdə də analoji inzibati mexanizmlər və sərt tədbirlər tətbiq oluna bilər. Bu addımlar müəllim nüfuzunun qorunmasına müəyyən töhfə verə bilər”.

E.Əfəndi hesab edir ki, müəllimin cəmiyyətdəki nüfuzunun bərpası üçün köklü işlər görülməlidir:

“Bu gün müəllimin valideyndən asılılığını yaradan əsas səbəblərdən biri repetitorluqdur. Müəllim valideyndən əlavə gəlir əldə etdikdə müəyyən asılılıq yaranır və bu da valideynin müəllim üzərində təsir imkanlarını artırır. Repetitorluqdan asılılıq aradan qaldırılarsa, müəllimin nüfuzu da daha güclü şəkildə bərpa olunar”.

Qeyd edək ki, Qazaxıstanda şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə valideynlər 86 500 təngə (təxminən 320 manat) məbləğində cərimələnəcək. Təkrar pozuntu halında isə cərimə 130 min təngəyə (təxminən 480 manat) qədər artırılır. Qayda müəllimlərə qarşı təhqir, ədəbsiz ifadələr, uyğunsuz jestlər və onların peşə fəaliyyətinə mane olan hərəkətləri əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью