Müəllimlər də işsiz qalacaq? Dərs yoxlayıb qiymət yazan robotlar hazırlandı

29.01.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin məktəblərində ev tapşırıqlarını artıq süni intellekt yoxlayır. Neyron şəbəkələ şagirdlərin əlyazma dəftərlərini skan edir, səhvləri tapır və qiymətləri müəyyənləşdirib. İnşa və yaradıcı tapşırıqlarda isə müəllim ballara düzəliş edir, alqoritmlər hələ də incə məqamlarda kamil deyil. Bu texnologiya artıq Şanxay, Pekin və digər iri şəhərlərin yüzlərlə məktəbində tətbiq olunub.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt və süni zəka hər gün inkişaf edir və informasiya texnologiyalarında çox sürətli dəyişikliklər baş verir:
“Artıq bu inkişaf müasir dövrün çağırışlarına və tələblərinə uyğunlaşmağı zəruri edir. Bütün sahələrdə həm süni zəkanın, həm də informasiya texnologiyaları alətlərinin tətbiqini aktuallaşdırır. Hazırda ölkəmizin məktəblərində də bu istiqamətdə müəyyən işlər görülür və düşünürəm ki, yaxın gələcəkdə bu cür tətbiqlərin ölkəmizdə də həyata keçirilməsinə başlanılacaq. Bu tətbiqlər sayəsində artıq ev tapşırıqlarının yoxlanılması müəllimlərdən əlavə vaxt tələb etməyəcək. Şagirdlərə verilən ev tapşırıqları süni intellekt vasitəsilə ilkin mərhələdə yoxlanılacaq və qiymətləndirmə aparılacaq. Yalnız müəllim xüsusi hallarda müdaxilə edərək qiymətlərdə dəyişiklik edə biləcək”.
O qeyd edib ki, gələcəkdə dərslərin tədrisi əsasən interaktiv metodlar üzərində qurulacaq:
“Bu da şagirdlər üçün təhsildə standartların təmin olunmasına, müəllimlərə müvafiq dəstəyin göstərilməsinə və ümumilikdə tədris prosesinin daha səmərəli təşkilinə imkan verəcək. Süni intellekt bu prosesdə bir növ köməkçi funksiyanı yerinə yetirərək tətbiq olunacaq. Bütün bunların müsbət tərəfləri çoxdur. Lakin bir neçə il sonra bu prosesin tam şəkildə genişlənməsi və nəzarəti ələ alması insan əməyinin müəyyən qədər sıradan çıxmasına da səbəb ola bilər. Bu isə arzuolunan bir vəziyyət olmasa da, hazırda daxil olduğumuz inkişaf mərhələsində bu prosesin baş verməsi qaçılmaz görünür”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью